Görüşdə “Mənşə sertifikatı” alt modulunun ixracatçılar üçün təmin etdiyi üstünlüklər diqqətə çatdırılıb, sahibkarların bu istiqamətdə müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən sahibkarlarla maarifləndirici görüşlərin keçirilməsi davam etdirilir. Növbəti görüş Agentliyin 3 saylı regional bölməsinin xidmət dairəsinə daxil olan bölgələrdə (Quba, Qusar, Xaçmaz, Şabran) fəaliyyət göstərən biznes subyektləri üçün təşkil olunub. Tədbirdə 45 şirkəti təmsil edən 50-ə yaxın sahibkarlıq nümayəndəsi iştirak edib.
Görüş zamanı malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulunun funksionallığı barədə ətraflı məlumat verilib və sözügedən moduldan istifadəyə dair videoçarx nümayiş olunub.
Həmçinin modulun ixracatçılar üçün təmin etdiyi üstünlüklər diqqətə çatdırılıb, sahibkarların bu istiqamətdə müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarxı Agentliyin rəsmi “Youtube” kanalı (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsi ilə izləmək mümkündür.
Qeyd: Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər hibrid formada olmaqla İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada və Keyfiyyət informasiya sisteminin “E-xidmətlər” bölməsi vasitəsilə tam elektron qaydada qəbul edilir.