Cavid Abdullayev: Naxçıvanda və digər bölgələrdə “Yaşıl enerji zonası” layihələri mərhələli şəkildə həyata keçirilir
Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində yaşıl enerji siyasətinin prioritet elan olunması ölkənin enerji sistemində dayanıqlılığın və çevikliyin artırılmasına, habelə ekoloji sabitliyin təmin edilməsinə xidmət edir.
Son illərdə alternativ və bərpa olunan enerji potensialının reallaşdırılması, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq platformalarının formalaşdırılması və yeni texnoloji həllərin tətbiqi bu sahədə mühüm irəliləyişlərə yol açıb. Hazırda Azərbaycanın müxtəlif iqtisadi rayonlarında — o cümlədən Naxçıvan Muxtar Respublikasında, Qarabağ, Şərqi Zəngəzur, Xızı-Abşeron və Biləsuvar bölgələrində “yaşıl enerji zonaları”nın yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu prosesin elmi, texnoloji və institusional əsaslarının gücləndirilməsi məqsədilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən sistemli fəaliyyət həyata keçirilir. Agentlik həm daxili enerji bazarının modernləşdirilməsi, həm də beynəlxalq enerji mübadiləsinin genişləndirilməsi istiqamətində mühüm layihələrin icrasını təmin edir.
Dövlət Agentliyi bərpaolunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkili, tənzimlənməsi, əlaqələndirilməsi və eyni zamanda, müvafiq sahənin investisiya cəlbediciliyinin artırılması istiqamətində tədbirlər görür. Agentliyinin əsas hədəfləri 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30%-ə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji zonası”na çevrilməsi, bu sahədə özəl sektorun iştirakının təmin edilməsindən ibarətdir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev mövzu ilə bağlı “İki sahil” qəzetinə müsahibəsində 2025-ci ildə yaşıl enerji sektorunda əldə olunan nəticələr, həyata keçirilən layihələr və qarşıdakı dövrdə nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verdi.
- Bu il Naxçıvanda “Yaşıl enerji zonası” yaradılması istiqamətində hansı işlər görülür?
- Məlum olduğu kimi, ölkə başçısının müvafiq tapşırığı ilə Naxçıvan Muxtar Respublikasında da “Yaşıl enerji zonası”nın yaradılması nəzərdə tutulub. Belə ki, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının iştirakı ilə Konsepsiya və Tədbirlər Planı hazırlanmış və razılaşdırılması istiqamətində işlər davam etdirilməkdədir.
Sözügedən Konsepsiya sənədi Naxçıvan iqtisadi rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsini, yaşıl enerji təşəbbüsləri üçün modernizasiya və inteqrasiya imkanlarının müəyyənləşdirilməsini, beynəlxalq təcrübənin araşdırılması ilə “Yaşıl Enerji Zonası” çərçivəsində tətbiq olunan texnologiyaların yerli şəraitə uyğunlaşdırılmasını və bu sahədə ən müasir və innovativ yanaşmaların tətbiqini özündə ehtiva edəcəkdir.
Eyni zamanda, sözügedən layihənin məqsədlərindən biri Naxçıvanda istehsal olunacaq bərpaolunan enerjinin bir hissəsini Türkiyə ixrac etməkdir. Belə ki, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı və hər kvadratmetrə düşən günəş enerjisinin intensivliyi yüksək qiymətləndirilir ki, bu da bölgəni günəş enerjisi üçün əlverişli məkana çevirir.
- 2025-ci ilin 9 ayında Azərbaycanda yaşıl enerji sektorunun inkişafı istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- 2025-ci ilin ilk doqquz ayında Azərbaycanda yaşıl enerji sektorunun inkişafı istiqamətində bir sıra mühüm layihələr və təşəbbüslər həyata keçirilmişdir. Cari ilin yanvar-mart ayları üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə bərpaolunan enerji istehsalında 243,9 milyon kVt. saat artım qeydə alınıb.
Hesabat dövründə “Azərbaycan–Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində “Yaşıl Dəhliz Birliyi” MMC yaradılıb və Asiya ölkələri ilə enerji ötürülməsi istiqamətində əməkdaşlıq genişləndirilib. 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə keçirilən hərracın qalibi olan Çin Xalq Respublikasının “Universal International Holdings Limited” şirkəti ilə müvafiq müqavilələr imzalanıb və stansiyanın tikintisi üzrə işlərə başlanılıb. Çin şirkətləri ilə yaşıl enerji sahəsində əməkdaşlıq istiqamətində bir sıra əməkdaşlıq sənədləri imzalanıb. Bu çərçivədə “China Energy” şirkəti ilə 160 MVt günəş elektrik stansiyasının inşası layihəsi, “Power China” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası layihəsi və “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsi üzrə danışıqlar aparılır. Eyni zamanda “China Energy Overseas Investment Co., Ltd.”, “China Datang Overseas Investment Co. Ltd.”, “PowerChina Resources Limited” kimi Çin şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı üzrə əməkdaşlıq sənədləri imzalanıb.
Bundan əlavə, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarətinə dair Anlaşma Memorandumu imzalanıb. Eləcə də “Yaşıl enerji məkanı” üzrə İşçi Qrupun cari dövrə dair hesabatı təqdim edilərək görülmüş işlər, aparılmış monitorinq və qiymətləndirmənin nəticələri nəzərdən keçirilib, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri müzakirə edilib. Eyni zamanda, “Azərbaycan Respublikasının 2027– 2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsindən irəli gələrək ekspertlər qrupu yaradılıb, alt işçi qrupun iclasları keçirilib.
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində GECO şirkəti fevral ayından aktiv olaraq Buxarestdə fəaliyyətə başlayıb.
- Xızı-Abşeron Külək Elektrik Stansiyasının tikintisi hansı mərhələdədir?
- Hazırda Xızı-Abşeron layihəsinin Abşeron hissəsində artıq 12 turbinin hamısı quraşdırılıb. Xızı hissəsində isə tikinti işləri davam edir və 25 turbindən 23-ü quraşdırılıb. Stansiyanın tam istismara verilməsi 2025-ci ilin sonuna qədər gözlənilir. Layihə ümumilikdə 37 turbindən ibarətdir və stansiyanın ümumi gücü 240 MVt təşkil edir. Stansiya ildə 1 milyard kVt.saatdan çox enerji istehsal etmək imkanına malikdir.
- Biləsuvar Günəş Elektrik Stansiyası nə qədər enerji istehsal edəcək və bu, bölgənin iqtisadiyyatına necə təsir göstərəcək?
- Əvvəlcə onu vurğulayım ki, Biləsuvar GES həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regionun ən böyük günəş enerji layihələrindən biri olacaq. Stansiyanın 2026-cı ilin birinci yarısında istismara verilməsi planlaşdırılır və həmin ilin sonundan şəbəkəyə tam gücü ilə elektrik enerjisi ötürüləcək. Biləsuvar GES Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 %-ni təmin edəcək və gücü 445 meqavat olacaq. Digər tərəfindən sözügedən bölgədə yaşayanların məşğulluğunun təmin olunmasına da stansiya müsbət təsir göstərəcək. Belə ki, Biləsuvardan olan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlar arasındadır. O da sirr deyil ki, burada günəşdən əldə olunacaq enerji hesabına müəyyən həcmdə qaz resurslarına qənaət etmək mümkün olacaq.
- Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə hansı yeniliklər var?
- Cəbrayıldakı günəş elektrik stansiyaları ilə bağlı yeniliklər var. BP şirkəti ilə birgə həyata keçirilən 240 meqavatlıq "Şəfəq" Günəş Elektrik Stansiyasının ərazisində artıq bütün mobilizasiya işləri başa çatıb və tikinti işlərinə start verilib. Bununla yanaşı, elə həmin rayondakı "Şəms" və "Üfüq" stansiyaları ilə bağlı mobilizasiya işləri də yekunlaşıb və işlər intensivləşdirilib. Bu iki stansiyanın hər birinin gücü 50 meqavat olacaq.
Orxan Vahidoğlu, “İki sahil”