Akademiyanın bir qrup əməkdaşına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub
Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada (MEK) baş tutan tədbirdə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, Akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları və əməkdaşları, partiyanın rayon təşkilatının fəalları, gənc alimlər və digərləri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra MEK-in sərgi salonu, Akademiklər zalına baxış keçirilib, kitabxananın Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin iş fəaliyyəti ilə tanış olunub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Azərbaycan elminə, aliminə, ziyalılara, yeni elmi nəslə, Elmlər Akademiyasına dövlət səviyyəsində verilən yüksək qiymətin və böyük ehtiramın ifadəsi olduğunu bildirib. Mühüm tarixi əhəmiyyətə malik sənədin həm də elmin bundan sonrakı inkişafı üçün yol xəritəsi olduğunu, şərəfli tarixi yol keçmiş Akademiyanın gələcək vəzifələrini müəyyənləşdirdiyini söyləyib. O, AMEA-nın kollektivi və ölkə alimləri adından dövlət başçısına dərin minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyini, onun daxili və xarici siyasətini dəstəkləyəcəyini, dövlətimizin inkişafı və milli maraqlarının qorunması yolunda elmi fəaliyyətlərini inamla davam etdirəcəklərini söyləyib.
AMEA-nın 80 illiyi ilə bağlı müxtəlif formatlarda tədbirlərin təşkil olunduğunu söyləyən akademik İsa Həbibbəyli bu elm məbədinin yubileyinin Qarabağda, Naxçıvanda, Vəcihə Səmədova adına Sərgi salonunda və Bakı Dövlət Universitetində qeyd olunduğunu deyib. Alim ölkə daxilində keçirilən yubiley tədbirlərində əsas məqsədin yeni nəsilləri elmə təşviq etmək, müasir elmi bilikləri təbliğ etmək, elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq olduğunu vurğulayıb.
AMEA-nın tarixində ilk dəfə olaraq Akademiyanın yubileyinin ölkədən kənarda - qardaş Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirildiyini söyləyən akademik İsa Həbibbəyli Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin toplantısında da AMEA-nın 80 illiyinin qeyd olunduğunu xatırladıb. Həmçinin AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin iştirakı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə keçirilən yığıncağında bu elm ocağının yubileyinin keçirildiyini bildirib.
Akademik İsa Həbibbəyli AMEA-nın 80 illiyinin Yeni Azərbaycan Partiyası ilə birgə qeyd olunmasının elmi və siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Azərbaycan dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biridir. Azərbaycanda Akademiya anlayışı yeni hadisə deyil, ölkəmiz bəlkə də dünyada ilk Akademiya yaradan respublikalardan biridir”, - söyləyən AMEA rəhbəri hələ XIII əsrdə azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanasının və Fəzlüllah Rəşidəddinin Təbriz şəhərində yaratdığı “Rəşidiyyə” mədrəsəsinin mahiyyəti və fəlsəfəsi ilə əsl Elmlər Akademiyası olduğunu bildirib.
O, Azərbaycanda elmin və elm quruculuğunun tarixinə nəzər salaraq, Azərbaycan Milli Elmlər Akademiyasının kökünün 1923-cü ildə yaradılmış Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətindən başladığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun fəaliyyət göstərdiyi 1923-1932-ci illər Akademiyanın başlanğıc mərhələsi, SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrilməsi proseslərinin baş verdiyi 1932-1945-ci illər Akademiya quruculuğunun hazırlıq dövrü kimi qiymətləndirilir. Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğu 1945-ci ildən 1969-cu ilədək keçən dövr Akademiyanın yaranması və elmi-təşkilati əsaslarının formalaşdırılması mərhələsi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi 1969-1982-ci illər ölkəmizdə Akademiya quruculuğunun intibah dövrü, 1983-1993-cü illər isə Elmlər Akademiyasının tənəzzülə meyl və böhran həddinə çatdığı mərhələdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən yenidən siyasi hakimiyyətə qayıtması ilə AMEA 1993-2003-cü illərdə yenidən təşkilatlanma mərhələsini yaşayıb.
Akademik İsa Həbibbəyli AMEA-nın 80 ildə böyük yol keçdiyini, Azərbaycan dövlətinin inkişafına, Azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini verdiyini, müxtəlif istiqamətlər üzə elmi məktəblər yaratmış görkəmli alimlər nəsli yetişdirdiyini söyləyib. O, AMEA-nın taleyində və tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edərək vurğulayıb ki, Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan dahi lider AMEA-nın inkişaf etməsinə qayğısını heç vaxt əsirgəməyib, bu elmi qurumun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onu qoruyub və dilçəldib.
Alimin sözlərinə görə, Akademiya üçün ən çətin vaxtlarda belə Ulu Öndər akademiyanı cəmiyyətdə baş vermiş böhrandan xilas edib və bu elm ocağına Milli Elmlər Akademiyası statusu verib. Müasir dövrdə ölkəmizdə elmin və təhsilin bugünkü inkişafa nail olmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin Azərbaycançılıq siyasətinin əsasında ədəbiyyat, mədəniyyət, o cümlədən elm böyük yer tutub, Heydər Əliyev Azərbaycan elminin dünya miqyasında tanınmasına nail olub.
AMEA rəhbəri qeyd edib ki, Akademiyanın ilk yubileyi 1975-ci ildə Sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin müvafiq Sərəncamı ilə Respublika Sarayında keçirilib və AMEA o zamanın ən böyük mükafatlarından biri olan “Xalqlar dostluğu" ordeni ilə təltif olunub.
O, Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.
“Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən AMEA prezidenti vurğlayıb ki, dövlətimizin başçısının 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı və alimlər qarşısında dərin məzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələr verməsi bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir.
Ölkəmizin qalib lideri, Prezident İlham Əliyevin rəhbərliyi altında 20 ildən artıq dövrü əhatə edən bir müddətdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, AMEA da islahatlar və yenilənmə mərhələsini yaşayır. Dövlətin həyata keçirdiyi müasirləşmə və innovasiya siyasəti nəticəsində ölkəmizdə ənənəvi sahələrin inkişafı ilə yanaşı, IV Sənaye İnqilabının çağırışlarına uyğun genişmiqyaslı layihələrin reallaşdırılmasına şərait yaradılır. Bu proses öz təsirini Akademiyanın elmi mühitində də aydın şəkildə göstərməkdədir.
“Azərbaycan xalqı inanır ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanla sülh müqaviləsi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq və Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Azərbaycan xalqı xoşbəxtdir ki, onun arzularını reallaşdıran, qələbə qazandıran İlham Əliyev kimi lideri var”, - deyə akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib.
Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək bildirib ki, AMEA-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri milli dövlətçilik ideologiyasının elmi əsaslarının formalaşdırılması, azərbaycançılıq məfkurəsinin təbliği və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsidir. Onun sözlərinə görə, Akademiyanın alimləri, ziyalıları yalnız elmi nailiyyətləri ilə deyil, həm də ictimai düşüncənin formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində böyük məsuliyyət daşıyırlar. Alimlərin fəaliyyəti dövlətin intellektual dayaqlarının möhkəmlənməsinə xidmət edir.
Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycan dövlətçiliyi, milli ideologiyası və sosial-iqtisadi həyatı baxımından öz tarixinin ən möhtəşəm və qürurverici dövrünü yaşayır: “Azərbaycan bu gün qlobal məkanda özünün intellektual, iqtisadi və siyasi çəkisini artıraraq müasir dövrün çağırışlarına cavab verən dinamik bir ölkəyə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq elmi və siyasi tədbirlərə göstərilən maraq, Azərbaycanın dünya elmi məkanında artan rolu bunun əyani sübutudur. Bu proseslərin iştirakçısı olmaq, müstəqil Azərbaycanın yüksəlişinə şahidlik etmək, hər bir vətəndaş üçün böyük fəxarət və məsuliyyət hissi doğurur. Bugünkü uğurlarımız Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm dövlətçilik təməlindən, Onun siyasi irsindən və Prezident İlham Əliyevin müdrik rəhbərliyindən qaynaqlanır”.
YAP Sədrinin müavini bildirib ki, AMEA uzun illərdir ölkənin elmi-intellektual potensialının simvoluna çevrilib, milli kimliyimizin, azərbaycançılıq ideologiyasının elmi əsaslarının formalaşmasında müstəsna rol oynayıb: “AMEA Azərbaycan elmi tarixində misilsiz xidmətlər göstərərək böyük izlər qoymuşdur. Ölkəmizin alimləri Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında, onun sosial-iqtisadi, mədəni və mənəvi inkişafında əvəzsiz rol oynamışlar. Akademiya bu gün də öz üzərinə düşən tarixi missiyanı layiqincə davam etdirir”.
Tahir Budaqov AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, o, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə hər zaman sadiq qalmış, YAP-ın təşkilatlanmasında və ideoloji xəttinin möhkəmləndirilməsində mühüm rol oynamışdır: “Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli AMEA rəhbəri olduğu müddət ərzində YAP sıralarına qoşulan alim və əməkdaşların sayında ciddi artım müşahidə olunmaqdadır. YAP sıralarında təmsil olunan hər bir elm adamı həm milli ideologiyanın daşıyıcısı, həm də cəmiyyətin intellektual nümayəndəsidir”.
YAP Sədrinin müavini vurğulayıb ki, AMEA əməkdaşlarının partiya sıralarına daxil olması partiyanın keyfiyyət tərkibini daha da zənginləşdirməklə yanaşı, həm də elmi fikrin ictimai proseslərdə daha fəal iştirakına şərait yaradır. O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi addımdır. Onun sözlərinə görə, Azərbaycan alimləri və ziyalıları bu tarixi mərhələdə öz intellektual və mənəvi potensialları ilə dövlətçiliyimizin inkişafına mühüm töhfə vermişlər: “İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər, ölkəmizin konstitusion hüquqlarının, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin, əsgərlərimizin rəşadətinin, vətənpərvər alimlərimizin, düşünən beyinlərin milli ideyaya sədaqətinin nəticəsidir”.
Tahir Budaqov çıxışının sonunda AMEA-nın 80 illik yubileyi münasibətilə bütün elm adamlarını təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. O, həmçinin partiya sıralarına yeni qoşulan gənclərə müraciət edərək onları ölkənin elmi-ictimai həyatında fəal iştirak etməyə, milli dəyərlərə və dövlətçiliyə sədaqət prinsiplərini daim uca tutmağa çağırıb.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdir müavini İlham Alıyev və Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxış edərək bu gün Azərbaycanın Prezident İlham Əliyevin liderliyində öz inkişafının ən parlaq dövrünü yaşadığını bildirib, gənclər olaraq əməli fəaliyyətləri ilə bu inkişafa dəstək verməyə davam edəcəklərini söyləyiblər.
Daha sonra YAP sıralarına qəbul olunan AMEA əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.