Dövlət-özəl əməkdaşlığı, innovativ texnologiyalar və beynəlxalq təcrübə əsasında əhalinin təhlükəsiz qida ilə təminatı gücləndirilir
Son illər ərzində Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlam və keyfiyyətli qida məhsulları ilə davamlı şəkildə təminatı istiqamətində mühüm dövlət tədbirləri həyata keçirilir. Bu istiqamətdə aparıcı qurumlardan biri kimi çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müasir dövrün tələblərinə uyğun idarəetmə modeli, rəqəmsal nəzarət mexanizmləri və beynəlxalq təcrübəyə əsaslanan islahatlarla diqqət çəkir. Agentliyin fəaliyyətində milli qanunvericiliyin təkmilləşdirilməsi, risk əsaslı dövlət nəzarətinin formalaşdırılması, elmi və infrastruktur təminatının gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimovun “İki sahil” qəzetinə müsahibəsində Agentliyin son illərdə həyata keçirdiyi tədbirlər, qarşıdakı dövr üçün strateji hədəfləri, istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilir.
- Agentliyin son illərdə müəyyənləşdirdiyi əsas prioritet istiqamətlər hansılardır?
- Son illər ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda, istehsal olunan yerli məhsulların ixrac potensialının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Belə ki, Agentliyin fəaliyyətində əsasən aşağıda qeyd edilən prioritet istiqamətlər müəyyənləşdirilmişdir:
- qida təhlükəsizliyi ilə bağlı milli normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- qida təhlükəsizliyinın təmin edilməsi istiqamətində infrastruktur təminatının, elmi təminatın və kadr potensialının yaxşılaşdırılması;
- qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması;
- bitki və heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması;
- qida təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi;
- qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqi;
- qida təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
- qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması.
- Rəqəmsallaşma və elektron nəzarət sistemlərinin tətbiqi Agentliyin işini hansı istiqamətdə gücləndirir?
- Agentliyin fəaliyyətində əsasən prioritet istiqamətlərdən biri də qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqidir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) və onun bir sıra modulları hazırlanaraq istifadəyə verilmişdir.
AQTİS-in istifadəyə verilməsi və bir çox proseslərin elektronlaşdırılması həm şəffaflığın təmini, həm də sahibkarlara daha sürətli və maneəsiz xidmətlərin təmini istiqamətində çox geniş imkanlar açmışdır.
- Daxili bazarda satılan məhsullar arasında etiketləmə və markalanma problemlərinin qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Agentlik tərəfindən təsdiq olunmuş monitorinq planına uyğun olaraq qida məhsulları barədə informasiyanın toplanması, istehlak bazarında vəziyyətin öyrənilməsi, təhlili və qiymətləndirilməsi məqsədilə monitorinqlər keçirilir. Monitorinqlər çərçivəsində müxtəlif növ qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunur. Tədqiq nəticələrinə əsasən, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Eyni zamanda, AQTA-nın illik yoxlama planı əsasında və həmin planda göstərilən tarixlərdə planlı və istehlakçılardan müraciət daxil olduqda və ya kütləvi informasiya vasitələrində məlumatlar yayımlandıqda və digər hallarda Agentlik tərəfindən qanunvericiliyə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamalar həyata keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri izah olunur və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir.
Bildiyiniz kimi, 2023-cü il 01 yanvar tarixindən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, qida məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı onların təhlükəsizliyinə dair tələblər müəyyən edilmişdir. Bu tələblərdən irəli gələrək Agentlik tərəfindən aparılan yoxlamalar zamanı qida məhsullarının etiketlənməsi tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılır. Bu tələblərə əməl edilməsi aşkar edildikdə həmin qida məhsullarının satışının dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilir. Həmin məhsulların etiketlənməsi ilə bağlı pozuntular aradan qaldırıldıqdan sonra satışına icazə verilir.
- İstehlakçıların şikayətlərinin operativ araşdırılması üçün mövcud mexanizmlər necə işləyir?
- Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bütün müraciətlərə dərhal operativ reaksiya verilir və araşdırılması üçün aidiyyəti üzrə yönləndirilir. Şikayətin səbəbi və mənşəyinin operativ şəkildə müəyyənləşdirilməsi, əhali üçün risk təşkil edən halların qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin pozulması hallarının ətraflı araşdırılması əsas məqsədlərdən biridir.
Şöbəyə daxil olan şikayətlər əsasən, sahibkarlıq subyektlərində antisanitar vəziyyət, son istifadə tarixi bitmiş və keyfiyyəti aşağı (yararsız) məhsulların satışı, məhsulun yad amillərlə çirklənməsi və s. ilə bağlı olur.
Şikayətlər qanunvericiliyə uyğun olaraq araşdırılır. Şikayətin araşdırılması üçün əlavə materiallar (qəbz, kassa çeki, şəkil, video və.s) lazım olarsa vətəndaşla əlaqə saxlanılır və məlumatlar əldə edilir. İnsanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması halları olduqda şikayət olunan müəssisə barəsində aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Bütün hallarda şikayətin araşdırılmasının nəticələri və görülmüş tədbirlər barədə vətəndaşa cavab məktubu ünvanlanır.
-Beynəlxalq əməkdaşlıq sahəsində Agentliyin hansı təşəbbüsləri həyata keçirilir və dünya təcrübəsindən necə faydalanılır?
- AQTA qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı sahələrində beynəlxalq əməkdaşlığı genişləndirməyi və dünya təcrübəsindən faydalanmağı prioritet istiqamət hesab edir. Bu qeyd edilən istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçirir.
İkitərəfli əməkdaşlıq çərçivəsində bir sıra ölkələrlə sıx əməkdaşlıq həyata keçirilir. Bu günə kimi 16 ölkə (Türkiyə, Rusiya, Polşa, İtaliya, Ukrayna, Belarus, Macarıstan, Latviya, Litva, Moldova, Rumıniya, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Pakistan, Qırğız Respublikası) ilə əməkdaşlığa dair 40-a yaxın beynəlxalq sənəd imzalanmışdır. Həmçinin bir çox ölkələrlə (Gürcüstan, Qətər, Estoniya, Mərakeş, Vyetnam, Xorvatiya, Avstriya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Serbiya, Monqolustan və digər) əməkdaşlığa dair ikitərəfli sənədlərin razılaşdırılması üzrə işlər davam etdirilməkdədir.
Agentlik tərəfindən qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələri üzrə çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İttifaqı (Aİ), “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya (İPPC), Bitki Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Kodeks Alimentarius Komissiyası (CAC), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (İFC), BMT-nin Uşaq Fondu (UNİCEF), Asiya İnkişaf Bankı (ADB) kimi beynəlxalq və regional təşkilatlarla əlaqələr yaradılmış, həmin təşkilatlarla birgə bir sıra uğurlu layihələr həyata keçirilmiş və hazırda da bəzi layihələr davam etdirilməkdədir.
AQTA beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışır. Bu proses qanunvericiliyin təkmilləşdirilməsi, laboratoriya imkanlarının gücləndirilməsi, Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin tətbiqi, bilik və bacarıqlarının artırılması kimi əsas istiqamətləri əhatə edir:.
Ötən dövrdə Agentlikdə həyata keçirilən beynəlxalq layihələr:
2020-2023-cü illəri əhatə edən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində 11 ədəd normativ sənəd layihələri hazırlanmış, Agentlik və AQTİ-nin müvafiq şöbələrini təmsil edən əməkdaşlarından ibarət ekspert heyətinin Litva və Latviya respublikalarına bitki mühafizəsi, qida təhlükəsizliyi, laboratoriyarın fəaliyyətinin təkmilləşdirilməsi mövzuları üzrə təlim-təcrübə səfərləri həyata keçirilmiş, Agentliyin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə bitki sağlamlığı sahəsində müxtəlif mövzuları əhatə edən 20-dən çox təlim təşkil olunmuş, beynəlxalq təcrübə Azərbaycanlı mütəxəssislər tərəfindən öyrənilmişdir.
2022-2024-cü illəri əhatə edən FAO-nun “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ölkəmizdə Agentlik yarandığı dövrdən etibarən qurulmuş qida təhlükəsizliyi sisteminin qiymətləndirilməsi aparılmışdır. Aparılan qiymətləndirmə nəticəsində respublikamızdakı mövcud qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin (kompetensiya) nəzərə alındığı və işlək olduğu təsdiq edilmişdir. Bu isə qida təhlükəsizliyi sistemində böyük nailiyyətlərin əldə olunduğunu, eləcə də mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunu göstərir.
FAO-nun Texniki Əməkdaşlıq Proqramı çərçivəsində FAO-nun ekspertləri ilə birgə ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən (PPR-dan) azad statusunun alınması istiqamətində işlər görülmüş, müvafiq hesabatlar hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunmuşdur. Nəticədə, 2024-cü ilin 23-30 may tarixlərində Paris şəhərində baş tutmuş “ÜHST Nümayəndələrinin Ümumdünya Assambleyasının 91-ci Baş Sessiyası” zamanı Azərbaycan PPR-dan azad ölkə kimi tanınmışdır.
Agentliyin ev sahibliyi ilə ölkəmizdə keçirilən tədbirlər qloballaşan dünya üçün qida təhlükəsizliyi sahəsinin önəmliliyini diqqətə çatdırmağa, beynəlxalq təcrübənin öyrənilməsinə, tədbirlərə cəlb olunan beynəlxalq təşkilatların, xarici dövlətlərin nümayəndələrinin, beynəlxalq ekspertlərin dilindən qabaqcıl ölkələrin bu sahədə təcrübələrinin dinlənilməsinə, bu sahədə təcrübə mübadiləsinin aparılmasına yol açır.
2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı (2019): "WorldFood Azerbaijan 2019" sərgisi çərçivəsində keçirilən bu konfransda 25 ölkədən 250-dən çox rəsmi qonaq iştirak edib. Tədbirdə Kodeks Alimentarius standartları, yerli qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida təhlükəsizliyi sahəsindəki digər vacib məsələlər müzakirə edilib.
"Qida standartları həyatları xilas edir" konfransı (2023): Bu tədbir AQTA-nın 5 illiyinə və Kodeks Alimentarius Komissiyasının 60 illiyinə həsr olunub. Konfrans çərçivəsində Avropa və Mərkəzi Asiya ölkələrində qida standartlarının təkmilləşdirilməsi və Kodeks fəaliyyətində iştirakın genişləndirilməsi mövzularında müzakirələr aparılıb.
Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq konfrans: AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbir "Elm fəaliyyətdədir" şüarı altında baş tutub. Konfransda qida təhlükəsizliyinə "Vahid Sağlamlıq" konsepsiyası çərçivəsində yanaşmanın vacibliyi vurğulanıb.
FAO-nun dəstəyi ilə "Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti" mövzusunda seminar keçirilib. Bu seminar milli qida nəzarəti sistemlərinin effektivliyini artırmaq məqsədi daşıyıb. Tədbirdə mövcud sistemin beynəlxalq təcrübə əsasında qiymətləndirilməsi və inkişaf üçün prioritet istiqamətlərin müəyyən edilməsi müzakirə olunub.
Agentlik fəaliyyətə başladığı gündən müvafiq məlumatlar Avropa Komissiyasının Sağlamlıq və Ərzaq Təhlükəsizliyi Baş Direktorluğuna (DG-Sante) göndərilmiş və Agentlik DG-Sante tərəfindən səlahiyyətli qurum kimi tanınmışdır. DG-Sante ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə bir sıra qida məhsullarının ixrac edilməsi təmin edilmişdir. Azərbaycan Respublikası qurbağa ayağı və ilbiz ətinin Aİ ölkələrinə ixrac edilə bilməsi üçün Aİ üzvü olmayan ölkələr (üçüncü ölkə) siyahısına daxil edilmişdir. 2021-ci il 25 avqust tarixindən etibarən ilk dəfə olaraq yerli emal müəssisələri tərəfindən istehsal olunan işlənmiş gön-dəri məhsullarının Aİ ölkələrinə ixracının həyata keçirilməsinə icazə əldə edilmişdir.
Kürü məhsullarının Avropa İttifaqına ixracının artırılması və xarici bazara rəqabət qabiliyyətli akvakultura məhsullarının çıxarılması istiqamətində Agentlik tərəfindən Milli Monitorinq planı hazırlanmış və Avropa İttifaqının müvafiq qurumuna göndərilmişdir. 2023-cü ildə Azərbaycan Respublikasından akvakulturada yetişdirilən balıqlardan əldə edilən kürü məhsullarının Avropa İttifaqına ixracına icazə alınmışdır.
Bu təşəbbüslər nəticəsində Azərbaycanın qida təhlükəsizliyi sistemi beynəlxalq standartlara daha yaxınlaşır, ixrac potensialı artır və əhalinin təhlükəsiz qida məhsulları ilə təminatı güclənir.
-Qarşıdakı dövr üçün qida təhlükəsizliyi sahəsində əsas hədəflər və gözlənilən çağırışlar nələrdir?
-Əhalinin sağlam və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması və beynəlxalq standartlara uyğun tənzimlənməsi strateji əhəmiyyət daşıyır. Qida təhlükəsizliyi sahəsində genişmiqyaslı dövlət tənzimlənməsi və nəzarət tədbirlərinin kifayət qədər müsbət nəticələri olmuşdur.
Lakin qlobal iqlim dəyişikliyi, torpaq və su resurslarının tükənməsi kimi ekoloji faktorların qida təhlükəsizliyinə təsiri, biomüxtəlifliyin azalması, yeni qida istehsalı və emalı üsullarının yaranması, urbanizasiya, dəyişən istehlakçı vərdişləri, həmçinin baytarlıq preparatları, pestisidlər və digər kimyəvi maddələrin normadan artıq və nəzarətsiz istifadəsi risklərinin artması qida təhlükəsizliyinə yeni yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışların effektiv şəkildə idarə olunması məqsədilə ölkəmizdə qida təhlükəsizliyi sahəsində kompleks və çoxşaxəli yanaşma tətbiq etməklə, potensial risklərin elmi əsaslarla qiymətləndirilməsi və onların təhlükəsizlik baxımından tənzimlənməsi və bu sahədə institusional və insan resurslarının potensialının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, qida təhlükəsizliyi sahəsində qarşıdakı dövr üçün əsas hədəfləri belə qeyd edə bilərik:
-qida zəncirinə nəzarətin gücləndirilməsi ilə əhalinin sağlam və təhlükəsiz qida ilə davamlı təmin edilməsi;
- istehlakçıların sağlam qidalanma vərdişlərinin artırılması və ictimai nəzarətin gücləndirilməsi;
- qida məhsullarının yeni ixrac bazarlarına çıxarılması;
- qida subyektləri ilə əməkdaşlıq çərçivəsində fəaliyyətlərinin qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi.
Bundan əlavə, qida məhsullarının izlənilməsinin həyata keçirilməsi, “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqinin genişləndirilməsi, qida zəncirinə nəzarət sahəsində innovativ üsulların tətbiqinin genişləndirilməsi və rəqəmsal texnologiyaların, süni intellektin qida zəncirində və əlaqəli sahələrdə tətbiqi müasir dövr üçün mühüm məsələlərdəndir.
Agentlik tərəfindən müvafiq istiqamət üzrə görülən tədbirlərdə özəl sektorun fəal iştirakı, onlar tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməsində könülülük və s. kimi müsbət gözləntilər gözlənilir.
Yaqut Ağaşahqızı, ”İki sahil”