11 oktyabr 2025 10:29
105

Türkiyənin “Qırmızı bülleten”lə axtardığı narkobaron BƏƏ-də tutulub

Beynəlxalq axtarışda olan narkobaron Abdullah Alp Üstün və narkotik təşkilatının üzvü Həsən Lalə Birləşmiş Ərəb Əmirliklərində tutulublar.

İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki paylaşımında bildirib.

O, əməliyyatın Təhlükəsizlik Baş İdarəsi (EGM) İnterpol-Avropol Departamenti, Narkotiklərlə Mübarizə və Kəşfiyyat Müdirlikləri, BƏƏ təhlükəsizlik bölmələri və İstanbul Polis İdarəsi ilə birgə həyata keçirildiyini bildirib.

Açıqlamada qeyd olunub ki, “CHROOKE” cinayət təşkilatının lideri “Don Vito” ləqəbli Abdullah Alp Üstün “Cinayətdən əldə edilən əmlakın yuyulması, narkotik və ya stimullaşdırıcı maddələrin qanunsuz dövriyyəsi və ya tədarükü və cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq” ittihamı ilə qırmızı bülletenlə axtarışa verilib.

Abdullah Alp Üstün təşkilatı daxilində maliyyə əməliyyatlarından məsul olan və “Cinayət törətmək, narkotik vasitələrin idxalı və əldə edilmiş əmlakın yuyulması məqsədi ilə qurulan təşkilata üzv olmaq” ittihamı ilə Qırmızı Yayılma Mesajı (Təcili Həbs Mesajı) ilə axtarışda olan Həsən Lalənin də əməliyyatın bir hissəsi olduğu bildirilib.

Tutulan şəxslərin bu gün səhər Türkiyəyə təhvil verildiyini bildirən Yerlikaya Türkiyə Milli Polis Aviasiya İdarəsi və Xüsusi Əməliyyat Müdirliyinin də əməliyyata dəstək verdiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”