11 oktyabr 2025 15:05
240

Nikol səmimi olmadı…

Rusiya-Ermənistan münasibətlərinin qaydasında olmadığı məlum məsələdir. Hər iki tərəf bir-birini tənqid etməkdən, günahkar çıxarmaqdan çəkinmir. Buna bənzər yeni bir hadisə də baş verib. Belə ki, MDB-nin iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mübahisə yaranıb.

Mübahisəli dialoqa səbəb Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi olub.

“Aİİ-nin qapıları həmişə açıqdır. Məncə, bu faydalıdır. İqtisadi fayda təmin edir və daha çox bazarlar açır. Amma bu günün konyukturası xüsusi bir şəkildə inkişaf edib. Baxın, Ermənistanın indi ticarət dövriyyəsi nə qədər artıb”, - Putin Paşinyana müraciət edərək deyib.

Məhz bu sual qısa müzakirəyə səbəb olub:

Paşinyan: Bu il artıq 4 milyarddır.

Putin: Nə qədər?

Paşinyan: 4 milyard.

Putin: Yox, daha çox.

Paşinyan: Bu il. Keçən il bu, təxminən 9 milyard idi.

Putin: Daha çox. Keçən il daha çox idi və bu il daha çox olacaq, bu, göz qabağındadır.

 Mübahisəli dialoqdan göründüyü kimi, Ermənistan Rusiya ilə ticarət dövriyyəsinin həcmini kiçiltməyə çalışır, qarşı tərəf isə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin dəfələrlə artıq olduğunu bildirir. Belə çıxır ki, Nikol Paşinyan real rəqəmləri gizlətməyə çalışır. Bu mübahisə onu göstərir ki, hər şeydən əvvəl bir ittifaqda birləşən iki ölkə arasında səmimiyyət yoxdur. Hələ qalan daha ciddi məsələləri demirik.

Digər tərəfdən, Ermənistan reeksport sayəsində Rusiyanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Məlum olduğu kimi, Rusiya- Ukrayna müharibəsi ilə əlaqədar Qərb ölkələri Rusiyaya qarşı çoxsaylı sanksiyalar paketi qəbul edib.  Bu səbəbdən Rusiya sanksiya altında olan məhsulları Ermənistan üzərindən idxal edir. Son dialoq da bunun ifşası oldu.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, 2024-cü ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 1,6 dəfə artıb və 12 milyard dollardan çox təşkil edib.

Vəli İlyasov, “İki sahil”