Qərbdəki bəzi qüvvələr, həmçinin Rusiyanın daxilində olan ermənipərəst qruplaşmalar - simonyanlar, solovyovlar, zatulinlər Rusiya-Azərbaycan münasibətlərini kəskinləşdirmək məqsədilə dəridən-qabıqdan çıxırdılar. Hətta onlar ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlər də səsləndirirdilər. Amma onların məkrli niyyətləri ürəklərində qaldı. Belə ki, bu günlərdə Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü Moskva ilə Bakı arasında münasibətlərin normallaşmasına vəsilə olacağı şəksizdir. Siyasətçilərin fikrincə, bu görüş qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq münasibətlərinin irəlilədilməsinə müsbət təkan verəcək. Hətta Rusiyada soydaşlarımıza qarşı vandal davranışlar, həmçinin ikrah doğuran kampaniyalar tamamilə dayandırılacaq. Daha doğrusu, aidiyyəti təşkilatlar, xüzusilə Rusiyanın hüquq-mühafizə bloku lazımı impulslar alacaqlar. Çünki münasibətlərin sabit və dinamik olması hər iki xalqın marağına xidmət edir. Bu mənada bu normallaşmanı həm də hər iki tərəfin uduşu kimi dəyərləndirmək olar.
Yeri gəlmişkən qeyd edək ki, həmin görüşdə bəlli oldu ki, nəhayət ki, Rusiya tərəfi Hava Yollarının təyyarəsinin keçən ilin dekabrın 25-də Rusiya səmasında sözügedən ölkənin hərbi hava qüvvələri tərəfindən vurulması ilə bağlı Azərbaycanın haqlı və ədalətli şərtləri qəbul edib. Çünki Rusiya anladı ki, Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən başqa yol yoxdur.
Bununla da ölkəmiz bu məsələ ilə bağlı haqqı və ədaləti bərpa etdi. Şübhəsiz, bu, Prezident İlham Əliyevin milli məsələlərdə heç vaxt heç kimə güzəştə getməməsini, milli maraqlarımız uğrunda hər zaman qətiyyətlə və sona qədər mübarizə aparmasını bir daha göstərdi. Bununla da rəsmi Bakı öz haqlı maraqlarını diktə edən tərəf olduğunu növbəti dəfə nümayiş etdirdi. Dünya Azərbaycan diplomatiyasının və milli maraqlarımızın beynəlxalq müstəvidə qəbul olunmasının daha bir nümunəsinin şahidi oldu.
Bununla bağlı bağlı mühüm məlumatlar verən Putin bildirib ki, bu faciə ilə əlaqədar bütün nüanslara baxmayaraq, iki ölkə arasında iqtisadi-ticari əlaqələr inkişaf edib: keçən il ticarət dövriyyəsində təqribən 6, bu il isə 16 faizdən çox artım olub. O, həmçinin vurğulayıb ki, bu əməkdaşlıq, bu normallaşma sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək: “Biz bunu heç vaxt unutmuruq, o qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin”. Bununla da Putin Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib. Şübhəsiz, Putinin bu kimi açıqlamalarını onun Azərbaycanla əlaqələri bərpa etmək cəhdi kimi dəyərləndirmək olar.
Xatırladaq ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Prezident İlham Əliyev isə xatırladıb ki, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur: “Həmçinin bu yaxınlarda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, həmsədrlər təkcə iqtisadi-ticari deyil, bütün məsələlərin geniş spektrini ətraflı müzakirə ediblər”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin təyyarə qəzası və sərnişinlərinin həlak olması ilə bağlı faciəvi hadisələrə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə böhran olmamasını Tacikistana dövlət səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında da bildirib. Hətta Rusiya dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq artmaqda davam edib, yaranan gərginlik isə emosional xarakter daşıyıb: “Mən çox ümid edirəm ki, biz bu səhifəni çevirmişik, irəliləyəcəyik və heç bir problem olmadan əlaqələrimizi inkişaf etdirəcəyik”. Şübhəsiz, Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü iki ölkə arasında münasibətlərin tam normallaşması istiqamətində dönüş nöqtəsi olacaq və əməkdaşlıq münasibətlərinə yeni təkan verəcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”