11 oktyabr 2025 16:35
195

Çoxvektorlu uğurlu xarici siyasət Azərbaycanın qlobal mövqeyini gücləndirir- ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sabit və davamlı inkişaf strategiyası beynəlxalq arenada mühüm uğurlarla müşayiət olunur. Azərbaycanın iqtisadi gücünün artması, ordu quruculuğunun daim prioritetdə saxlanılması və dövlət idarəçiliyində şəffaflıq prinsiplərinin tətbiqi Prezident İlham Əliyevin siyasi kursunun əsas dayaqlarıdır. Məhz bu əsaslı və düşünülmüş siyasət xətti nəticəsində Azərbaycan bu gün regional və qlobal səviyyədə etibarlı tərəfdaş, nüfuzlu söz sahibi kimi tanınır. Dövlət başçısının xarici siyasət kursu da milli maraqlara əsaslanan balanslaşdırılmış və çoxvektorlu yanaşma ilə fərqlənir. Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlər qurması bu siyasətin mühüm nəticələrindən biridir.

10 gün ərzində üç mühüm beynəlxalq sammitdə iştirak

2025-ci ilin oktyabr ayının ilk on günlüyü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəal və dinamik xarici siyasət kursunun növbəti bariz nümunəsi kimi yadda qaldı. Cəmi 10 gün ərzində dövlət başçısının üç mühüm beynəlxalq sammitdə iştirakı Azərbaycanın balanslı, çoxşaxəli və çoxregional diplomatik xəttinin uğurla davam etdirildiyini bir daha sübut etdi. 1-2 oktyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyev Avropa İttifaqı və digər tərəfdaş ölkələrin liderləri ilə bir sıra görüşlər keçirərək, Azərbaycan-Avropa münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə etdi. Bu sammit Azərbaycanın Qərblə əməkdaşlığının davamlı və konstruktiv məcrada irəlilədiyini göstərdi.


Ardınca, 6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti Türk dünyasında həmrəyliyin, mədəni və siyasi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm hadisə oldu. Prezident İlham Əliyevin ev sahibliyi ilə baş tutan bu görüş Azərbaycanın türk dövlətləri ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti ortaya qoydu.
Nəhayət, 9-10 oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti Azərbaycanın postsovet məkanındakı regional əməkdaşlığa verdiyi önəmin bir ifadəsi idi. MDB çərçivəsindəki dialoqlar, xüsusilə təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində vacib imkanlar yaratdı.


Bu üç platformada fəal iştirak Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi artan rolunu, müxtəlif geosiyasi məkanda əlaqələr qurmaq və inkişaf etdirmək bacarığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət strategiyasının uğurla gerçəkləşdiyini nümayiş etdirdi.


Prezident İlham Əliyevin Kopenhagendəki çıxışları Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini daha da gücləndirən strateji mesajlarla yadda qaldı. Dövlət başçısı aydın şəkildə bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması regionda tamamilə yeni əməkdaşlıq səhifəsinin açılmasına gətirib çıxaracaq. Azərbaycanın zəngin qaz ehtiyatları və inkişaf edən yaşıl enerji potensialı isə hazırda Avropanın ən çox ehtiyac duyduğu strateji resurslardandır. Bu amil Azərbaycanın Cənubi Qafqaz çərçivəsini aşaraq, Avropa siyasi gündəliyində mühüm tərəfdaş statusu qazanmasına səbəb olub.
Kopenhagen Zirvəsi Azərbaycanın xarici siyasət istiqamətinin artıq regional sərhədləri aşaraq qitə miqyasında əhəmiyyətli təsir gücünə malik olduğunu göstərdi. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü sülh prosesinin davamlılığını nümayiş etdirdi, Avropa İttifaqı rəhbərləri ilə danışıqları ölkəmizin enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi, Moldova ilə keçirilən görüş isə Azərbaycanın Şərqi Avropa ilə enerji əməkdaşlığında yeni körpülər qurduğunu təsdiqlədi. Ümumilikdə, Kopenhagen Zirvəsinin nəticələri göstərdi ki, Azərbaycan artıq regional deyil, qlobal səviyyədə söz sahibi olan, sülhün təşəbbüskarı və Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edən bir dövlətdir. Prezident İlham Əliyevin bu səfəri ölkəmizin diplomatik çevikliyini, strateji uzaqgörənliyini və beynəlxalq nüfuzunu bir daha təsdiqlədi.

Azərbaycan müəyyən etdiyi çoxvektorlu xarici siyasət sayəsində qarşıya qoyduğu hədəflərə ardıcıl şəkildə irəliləyir və yeni regional, hətta qlobal reallıqlar formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər davam edən və müasir dövrün ən mürəkkəb münaqişələrindən biri hesab edilən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub. İndi isə sülh sazişinin paraflanması fonunda Azərbaycan Cənubi Qafqazda təkcə sülhün təşəbbüskarı deyil, eyni zamanda onun əsas təminatçısı kimi çıxış edir. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Ölkənin növbəti strateji hədəflərindən biri də Türk dünyasının güclü və sıx inteqrasiya olunmuş siyasi-iqtisadi məkana çevrilməsidir. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyevin xarici siyasətində əsas prioritetlərdən biri olan Türk dövlətləri ilə birliyin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr bu gün də yüksələn xətlə inkişaf edir. Xalqlarımızı birləşdirən ortaq mədəni köklər və çoxəsrlik qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın möhkəm əsasını təşkil edir. Son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirib. Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi və bu ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsidir. Prezident İlham Əliyev çıxışlarında daim bu birliyin əhəmiyyətinə xüsusi diqqət yönəldir. Dövlət başçımızın “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən aydın ifadəsidir. Bu baxımdan oktyabrın 6-7-də Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunur. Türk Dövlətləri Təşkilatı bu gün siyasi həmrəylik platforması, sabah isə qlobal güc mərkəzi kimi formalaşır. Bu yolda liderlik, iradə və strateji baxış artıq mövcuddur, indi isə həmin baxışı ortaq siyasi və iqtisadi reallığa çevirmək mərhələsi yaşanır. Bu proses, eyni zamanda, türk xalqlarının əsrlərlə arzuladığı birlik ideyasının reallaşması deməkdir. Bu tarixi missiyanın gerçəkləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli və milli maraqlara söykənən xarici siyasət xüsusi rol oynayır. Onun təşəbbüsləri nəticəsində Türk Dünyası arasında əlaqələr yeni mərhələyə qədəm qoymuş, regional əməkdaşlıq güclənmiş və qarşılıqlı etimad daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin strateji baxışı və prinsipial mövqeyi, Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan bir dövlətə çevrilməsini təmin etmiş, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə töhfə vermişdir. Bu siyasət Azərbaycanın milli maraqlarını müdafiə etməklə yanaşı, türk dünyasının inteqrasiyasına və ortaq gələcəyinə xidmət edir.

Azərbaycanın açıq və çoxşaxəli xarici siyasətinin uğurları davamlılığı ilə diqqət çəkir. Həm qarşılıqlı səfərlər, həm də dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər ölkənin diplomatik fəallığının və beynəlxalq nüfuzunun göstəricisidir. Bu dinamikanın tərkib hissəsi olaraq Prezident İlham Əliyev oktyabrın 9-da Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir. Bu tədbirdə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın regional və beynəlxalq proseslərdə fəal və məsuliyyətli tərəfdaş olduğunu bir daha nümayiş etdirmişdir. Azərbaycan MDB məkanında qarşılıqlı hörmətə, suverenliyə və əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. 

Prezident İlham Əliyevin bu kimi beynəlxalq platformalarda iştirakı, onun qlobal çağırışlara qarşı çevik və balanslı mövqe nümayiş etdirməsi, Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurla davam etdiyini təsdiqləyir. Azərbaycanın həm Türk Dövlətləri Təşkilatında, həm də MDB kimi qurumlarda aktiv fəaliyyəti ölkənin regional əməkdaşlıqda mühüm körpü rolunu oynadığını göstərir. Bu isə Prezident İlham Əliyevin diplomatik strateji xəttinin növbəti təntənəsidir.

Bu ardıcıl və məqsədyönlü iştiraklar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, çoxvektorlu və praqmatik xarici siyasətinin bariz təzahürüdür. Cəmi on gün ərzində üç fərqli siyasi-coğrafi məkanda aparılan fəal diplomatik fəaliyyət, Azərbaycanın həm Qərb, həm türk dünyası, həm də MDB məkanında etibarlı tərəfdaş və təşəbbüskar ölkə kimi qəbul edildiyini bir daha təsdiqlədi. Bu dinamika Azərbaycanın milli maraqlara əsaslanan, balanslı və strateji xarici siyasət kursunun uğurla davam etdirildiyini göstərir.

Şəmsiyyə Əliqızı, “İki sahil”