Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə münasibətləri çoxşaxəlidir və müxtəlif sahələrdə inkişaf etməyə davam edir. MDB postsovet məkanında çoxtərəfli əməkdaşlıq üçün əsas platformalardan biri olmaqla, üzv ölkələr arasında mədəni, iqtisadi, siyasi digər sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynamaqdadır.
2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasda cənab Prezident İlham Əliyevin iştirakı və çıxışı region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın mühüm göstəricisidir. Ölkə başçısı çıxışı zamanı həm Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafını qeyd etdi, həm də MDB daxilində əməkdaşlığın vacibliyinə diqqət çəkdi. Tacikistanla əlaqələr barədə dövlət başçısı bildirdi ki, münasibətlər ardıcıl inkişaf edir, qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Cənab İlham Əliyev mötəbər tədbirdə çıxışında qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar, nailiyyətlər münasibətilə təbrik edərək qeyd etdi ki, Düşənbə sürətlə inkişaf edir, yeni binalar tikilir, şəhərsalmada böyük uğurlara nail olunub. MDB daxilində əlaqələrə gəlincə, Prezident bu tədbirlərin MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirdiyini, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək etdiyini vurğuladı.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında diqqəti, eyni zamanda, Birliyin həyatında daha bir mühüm hadisəyə yönəltdi. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.
Dövlətimizin başçısının çıxışının ən diqqətçəkən məqamlarından biri Laçın şəhərinin MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı kimi seçilməsinə dair təşəkkür idi. Möhtərəm Prezidentin sözlərindən aydın olur ki, bu qərar təkcə mədəniyyət sahəsində deyil, həm də siyasi mənada mühüm simvolik məna daşıyır.
Ermənistanın 30 illik işğalından azad edilən Laçın bu gün bərpa və dirçəlişin, sülh və quruculuğun rəmzinə çevrilib. Laçında keçirilən MDB Mədəniyyət Paytaxtı İlinin açılış mərasimi Azərbaycan xalqının öz doğma torpaqlarına dönüşünün qürurunu və mədəni irsə sadiqliyini bir daha nümayiş etdirdi.
Azərbaycan MDB məkanının bir hissəsi olmaqla, müxtəlif geosiyasi maraqların kəsişməsindədir. Bir tərəfdən, ölkə onun strateji tərəfdaşı olan Rusiya ilə sıx əlaqələr saxlayır. Digər tərəfdən, Azərbaycan Qərb ölkələri və Avropa İttifaqı, BMT kimi beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməkdə maraqlıdır və beynəlxalq qaydaları rəhbər tutaraq şəffaflığın tərəfdarıdır. Bu kontekstdə qeyd etmək vacibdir ki, Azərbaycan xarici siyasətində balansı qorumağa nail olub ki, bu da ona beynəlxalq məsələlərdə fəal mövqe tutmağa imkan verir.
Anar Məmmədov,
Milli Məclisin deputatı