Türkiyədə Gaziantep Universitetinin müəllimi, həmyerlimiz Məhəmməd Əliyevin “Xəlvəti nəğmələr” adlı rəsm sərgisi açılıb.
Gaziantep “Cenani konağı” Mədəniyyət Mərkəzində keçirilən sərgi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirəsinə ithaf edilib. Sərgidə tanınmış rəssamın yağlı boya ilə işlədiyi 37 əsəri nümayiş olunur.
Sərginin açılış mərasimində ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün ölkələrimizin xilası, xalqlarımızın mədəniyyətinin, ənənələrinin qorunması və dünyaya tanıdılması istiqamətində gördükləri işlər, Ulu Öndərlərin bu sahədəki tövsiyələrindən söhbət açılıb.
Sərgi noyabrın 25-dək davam edəcək.