MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxundu. Məlum olduğu kimi Laçın şəhəri bu il MDB-nin mədəniyyət paytaxtı elan edilib. Ölkə başçısı bildirdi ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.
Prezident İlham Əliyev çıxışı zamanı III MDB Oyunlarında xüsusilə diqqət çəkdi. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunlarının Birliyin həyatında daha bir mühüm hadisədir. III MDB Oyunlarının keçirilməsi Gəncə ilə yanaşı, Azərbaycanın digər altı şəhərini - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkini əhatə edirdi. Oyunlar zamanı 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Prezident İlham Əliyev qeyd etdi ki, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
III MDB Oyunlarının yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın idman ölkəsi olması ilə yanaşı dostluq, əməkdaşlıq və sülhdə maraqlı olduğunu bir daha təsdiq edir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri