Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlının "yap.org.az"a müsahibəsini təqdim edirik:
- Mübariz müəllim, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Qlobal kataklizmlərlə müşayiət olunan ciddi geostrateji dəyişikliklərin baş verdiyi hazırkı mərhələdə təşkilatın beynəlxalq münasibətlər sistemində yeri və rolunu, eləcə də Avrasiyada çoxtərəfli əməkdaşlıq və etibarlı təhlükəsizliyə töhfələrini necə dəyərləndirmək olar?
- Bildiyimiz kimi, müasir dünya nizamı sürətli dəyişikliklərə məruz qalmaqdadır. Beynəlxalq münasibətlər sistemində özünü göstərən təbəddülatlar dünyanın hər yerində olduğu kimi türk coğrafiyasında da yeni çağırışlar formalaşdırır, türk dövlətlərinin daha sıx həmrəylik nümayiş etdirmələrini zərurətə çevirir. Türk Dövlətləri Təşkilatının yaranması da məhz bu zərurətdən irəli gəlir.
2009-cu ildə Naxçıvanda əsası qoyulan və 2021-ci ilə qədər Türk Şurası adlanan TDT bu dövrdə tarixi inkişaf yolu keçib. Xüsusilə qeyd etmək lazımdır ki, təşkilatın yaranmasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri böyük rol oynayıb. Ötən 16 ildə TDT-nin sıraları genişlənib, təşkilatın müxtəlif qurumları təsis edib. Hazırda TDT regional təşkilat olaraq qlobal müstəvidə də tanınır, beynəlxalq münasibətlər sisteminin aktorlarından biri kimi çıxış edir.
TDT-nin hədəfləri onun sənədlərində öz əksini tapıb. 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda imzalanan «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması» haqqında sazişə əsasən yaradılmış təşkilatın məqsədi türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın edilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi, tərəflərin xalqlarının həyat səviyyəsinin daim yüksəldilməsi məqsədilə regionda iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği və sairdir.
İndiyədək keçirilən zirvə və qeyri-rəsmi zirgə görüşlərində qəbul edilən sənədlərdə bəyannamələrdə təşkilatın fəaliyyəti ilə bağlı vəzifələr müəyyən olunub. Ötən il Şuşada və bu il Budapeştdə keçirilən qeyri-rəsmi zirgə görüşlərində və bu günlərdə Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə qəbul edilən bəyannamələri xüsusi qeyd etmək olar. Bu sənədlərdə yer alan hədəflərin və vəzifələrin hər biri regional və qlobal çağırışlara əsaslanır.
Türk dövlətlərinin ərazisi ümumilikdə 4,8 milyon kvadrat kilometr, əhalisinin ümumi sayı isə 180 milyon nəfərdir. Gördüyümüz kimi, TDT olduqca böyük bir coğrafiyanı əhatə edir. Dünyada TDT kimi müxtəlif regional təşkilatlar var. Oturuşmuş və bir çox məsələləri həll etməyə qadir olan regional təşkilatlardan biri Avropa İttifaqıdır. Aİ 450 milyon nəfərdən artıq əhalisi olan 27 dövləti birləşdirir Amma gəlin görək, Aİ bu səviyyəyə neçə ilə gəlib çatıb. Bu qurumun tarixi ötən əsrin 50-ci illərindən başlayır. SSRİ-nin dağılmasından sonra isə Aİ-nın Şərqə doğru genişlənməsi baş verib. Yəni, Aİ bugünkü səviyyəsinə təxminən 60-70 ilə gəlib çatıb. Türk dövlətlərinin siyasi təşkilatlanması cəmi 16 il əvvəl rəsmiləşib. Lakin bu qısa zamanda TDT böyük inkişaf yolu keçib, təşkilatlanıb, nəzdində yeni qurumlar yaradıb. Əgər Aİ 60-70 ilə indiki səviyyəsinə çatıbsa, TDT yaxın 10 ilə sürətlə irəliləyərək, həm siyasi, iqtisadi və hərbi məsələlərdə çox böyük birliyə nail ola biləcəkdir. Bu birlik özünü vahid iqtisadi və ya gömrük zonasının yaradılmasında, vahid valyuta məkanının, vahid müdafiə sisteminin formalaşdırılmasında özünü göstərə bilər. Hazırda dünyanın yenidən qütbləşməsi və bölünməsi prosesi gedir. Bu prosesdə türk dövlətlərinin hər birinin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması kimi məsələlər bütün türk dövlətləri üçün ümdə vəzifələr sayılmalıdır. Hansısa türk dövləti təhdid edilərkən tək olmadığına əmin olmalıdır.
Cənab Prezident İlham Əliyevin TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə qeyd etdiyi kimi türk dövlətlərini ortaq tarixi və etnik köklər birləşdirir. Sözsüz ki, məhz bu ortaqlıqdan irəli gələrək türk dövlətləri sıx həmrəyliyə yönəlik addımlarını bundan sonra da davam etdirəcəklər. Bu da nəticə etibarilə gələcəkdə türk dövlətlərinin birliyində yeni istiqamətlər müəyyən edəcək.
- 12-ci Zirvə Görüşünün nəticələri təşkilatın perspektiv strateji yol xəritəsinə necə təsir göstərəcək?
- Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü çox böyük strateji və tarixi əhəmiyyət kəsb etdi. Əvvəlcə görüşün keçirildiyi zamana diqqət yetirək. Məlum olduğu kimi beynəlxalq münasibətlər sistemində çox ciddi dəyişikliklər baş verir. Belə bir şəraitdə həm Azərbaycan həm də TDT yeni dövrə daxil olur. Yeni dövr nədən ibarətdir? Birincisi, beynəlxalq təşkilatların ayrı-ayrı bölgələrdəki hadisələrə təsir imkanları getdikcə azalır. Eyni zamanda qlobal müstəvidə əvvəldə qeyd etdiyim kimi siyasi, iqtisadi və hərbi gərginliklər artmaqdadır. Dünyanın güc mərkəzləri arasında uzlaşma, anlaşma baş tutmur və bütün bunlar yeni siyasi-iqtisadi böhranların yaranması, daha böyük qarşıdurmaların başvermə ehtimalını artırır.
Təbii ki, bu cür qlobal konyunktura Türk dünyasında da iqtisadi və hərbi təhlükəsizlik məsələlərinin xüsusi diqqət mərkəzində saxlanılmasını zəruri edir. Bu mənada TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü belə çağırışlardan irəli gələn həmrəyliyə gedilən yolun mühüm mərhələsi hesab etmək olar. Təsadüfi deyil ki, TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmuşdu.
Zirvə Görüşündə qeyd olunduğu kimi təhlükəsizlik və inkişaf bir-biri ilə sıx bağlı olan məsələlərdir. Sabitlik olmadan nə iqtisadi yüksəliş, nə də humanitar əməkdaşlıq mümkündür. Bu kontekstdə Prezident İlham Əliyev 2026-cı ildə TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təşəbbüs müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir və göstərir ki, TDT ortaq təhlükəsizlik mexanizmlərinin yaradılması mərhələsinə qədəm qoyur. TDT ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində əlaqələndirilmiş fəaliyyəti regional sabitliyin əsas təminatına çevrilə bilər.
Eyni zamanda Prezident İlham Əliyevin sülh, əməkdaşlıq, həmrəyliklə bağlı fikirləri və mesajları onu deməyə əsas verir ki, TDT sürətlə beynəlxalq səviyyədə mühüm geosiyasi aktora çevrilir.
Ümumiyyətlə, Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi tədbirlər TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Bunun nəticəsidir ki, TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Prezident İlham Əliyevin bildirdiyi kimi TDT ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
- Prezident İlham Əliyev Zirvə Görüşündə TDT-nin fəaliyyəti ilə əlaqədar bir çox mühüm məqamlara toxunmaqla yanaşı, önəmli təkliflərlə də çıxış etdi. Dövlət başçısının səsləndirdiyi fikirlərin təşkilatın qlobal arenada ciddi geostrateji aktor kimi mövqeyinin möhkəmləndirilməsi – nüfuzu və təsir imkanlarının artırılması baxımından əhəmiyyəti nədən ibarətdir?
- Prezident İlham Əliyevin çıxışında yer məsələlərdən biri iqtisadi əməkdaşlıqla bağlı oldu. Türk dövlətlərinin iqtisadi imkanları genişdir. Qarşılıqlı investisyaların cəlb edilməsinin daha da genişləndirilməsi türk dövlətlərinin əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində böyük oynaya bilər. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Azərbaycan indiyə qədər türk dövlətlərinə 20 milyard ABŞ dollarından çox sərmayə yatırmışdır. İqtisadi əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi üçün türk dövlətlərinin böyük potensialı var. Bu sahədəki təşəbbüslərin reallaşması türk dünyasının dünyaya çıxışının və iqtisadi inteqrasiyasının güclənməsində mühüm rol oynaya bilər.
İqtisadi əməkdaşlıqda nəqliyyət dəhlizləri də böyük rol oynayır. Bu sahədə Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistik layihələri, yaratdığı infrastrukturlar Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri üçün iqtisadi inteqrasiya baxımından mühüm imkanlar yaradıb. Zəngəzur dəhlizinin tezliklə işə düşməsi isə bu imkanları daha artıracaq və türk dövlətlərinin iqtisadi əməkdaşlığının dərinləşməsində önəmli rol oynayacaq. Belə ki, Zəngəzur dəhlizinin açılması TDT ölkələri üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Ona görə Qəbələ Zirvə görüşünün nəticələri rabitə, nəqliyyat və logistikanın inkişafı kontekstində də böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin çıxışında humanitar xarakterli məsələlərə ayrıca diqqət yetirildi. Dövlətimizin başçısının gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması təklifi Türk dünyasının birliyinin daha möhkəmlənməsinə xidmət edən təşəbbüsdür. 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay türk xalqları tarixinin böyük hadisəsi olmuşdu. Həmin qurultayda Türkiyənin və o zaman SSRİ tərkibində olan türk respublikalarının çoxsaylı nümayəndələri iştirak etmişdilər. Qurultayda türk dili məsələləri, latın əlifbasına keçid, mədəni və humanitar əlaqələr geni müzakirə olunmuş və mühüm qəraralar qəbul edilmişdi. Prezident İlham Əliyevin bu qurultayın 100 illiyinin keçirilməsi barədə təklifi çağdaş dövrümüzdə türk dövlətləri və xalqları arasında bağların möhkəmləndirilməsi, türk irsinin yaşadılması və gədəcək nəsillərə ötürülməsinə xidmət edən mühüm təşəbbüsdür. Qurutlayın yubiley tədbirində 100 il əvvəl qəbul edilmiş qərarlar təbii ki, yenidən xatırlanacaq və bu, türk irsini daha dərindən araşdırılmasına, öyrənilməsinə yol açmaqla yanaşı, Türk dünyasının gələcək əməkdaşlıq vizyonuna çevriləcək.
Qəbələ Zirvə Görüşündə iştirak edən dövlət başçıları önəmli təklif və təşəbbüslərlə çıxış etdilər. Bütün təşəbbüslərin və təkliflərin hər birinin ana xəttini türk dünyasını birliyini möhkəmləndirmək, qlobal səviyyədə mövqelərini möhkəmləndirmək məsələləri təşkil etdi. Liderlərin səsləndirdiyi fikirlər, verdiyi mesajlar və qəbul edilən Qəbələ Bəyannaməsi birliyin gələcək fəaliyyəti üçün strateji əhəmiyyət kəsb edir.
Onu da qeyd edim ki, bu tədbirin Qəbələ şəhərində keçirilməsi təsadüfi deyildi. Azərbaycan ərazi bütövlüyünü və milli suverenliyini tam təmin edib. Lakin ölkəmizə qarşı informasiya məkanında təxribatlar davam edir. O cümlədən Ermənistandakı revanşist qruplar avqust ayında Vaşinqtonda paraflanan sülh sazişi layihəsinə qarşı çıxırlar. Onlar eyni zamanda ermənilərin uydurduğu yalançı və saxta tarixi də təkrar-təkrar səsləndirməkdədirlər. Bu baxımdan Zirvə Görüşünün Qəbələdə keçirilməsi və cənab Prezident İlham Əliyevin çıxışında Qəbələnin Azərbaycanın qədim şəhəri olmasını, eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı olduğunu qeyd etməsi təsadüfi deyildi. Yəni bu ərazilərin ermənilərə heç bir aidiyyatı yoxdur. Qarabağda xristian irsi ilə bağlı olan tarixi və dini abidələrin ermənilərə heç bir aidiyyatı yoxdur. Bu baxımdan Prezident İlham Əliyevin Qəbələdə səsləndirdiyi fikirlər həm də erməni saxtakarlığına vurulan bir zərbə oldu. Zirvə Görüşünün Qəbələdə təşkil olunması isə sıradan bir qərar deyildi.
Bu faktın özü bir daha təsdiq edir ki, cənab Prezident İlham Əliyevin atdığı hər bir addım gələcəyə yönəlib. Bu gün dövlətimizin başçısı tərəfindən verilən qərarın bir müddət sonra uzaqgörən bir siyasi gediş olduğunu görürük. Qəbələdə keçirilən Zirvə görüşündə səslənən fikirlərin, təklif və təşəbbüslərin nəticələrini də yaxın gələcəkdə görəcəyik.