Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-ci ildən bu yana postsovet məkanında siyasi, iqtisadi və mədəni inteqrasiyanın aparıcı platformalarından biridir. Bu təşkilat üzv dövlətlər arasında ortaq dəyərləri qorumaq, humanitar əməkdaşlığı möhkəmləndirmək və mədəni əlaqələri genişləndirmək məqsədi daşıyır. Azərbaycan MDB-nin üzvü kimi humanitar və mədəni sahələrdə mühüm rol oynayır və son illərdə regional təşəbbüslərin fəal təşviqçilərindən birinə çevrilib. Ötən illərdə Bakıda MDB Dövlət Başçılarının və Xarici İşlər Nazirlərinin iclasları, MDB Humanitar Forumlarının keçirilməsi Azərbaycanın təşkilat daxilindəki aktiv rolunu təsdiqləyir.
Azərbaycanın MDB çərçivəsində artan nüfuzunun ən parlaq göstəricilərindən biri Laçın şəhərinin MDB-nin 2025-ci il üzrə “Mədəniyyət paytaxtı” elan edilməsidir. Bu qərar 2024-cü il oktyabrın 8-də Moskvada MDB Dövlət Başçılarının iclasında qəbul olunub. 2025-ci ilin yanvarında isə bu statusun həyata keçirilməsi üçün tədbirlər planı təsdiqlənib. Prezident İlham Əliyev Tacikistanda keçirilən MDB Dövlət Başçılarının son sammitində bu qərarı məmnunluqla xatırlayaraq MDB rəhbərliyinə və üzv dövlətlərə təşəkkürünü bildirib.
Laçın Azərbaycanın tarixi və coğrafi xəritəsində xüsusi yer tutur. Qarabağ bölgəsinə aparan əsas qapılardan biri olan Laçın rayonu strateji mövqeyi, zəngin təbiəti və mədəni irsi ilə seçilir. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın 28 ildən sonra – 2020-ci il dekabrın 1-də Vətən müharibəsindəki Qələbə nəticəsində azad edilib, 2022-ci ilin avqustunda isə şəhər tam olaraq Azərbaycanın suveren nəzarətinə qaytarılıb. İşğal dövründə 217 mədəniyyət obyekti, 101 təhsil müəssisəsi, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti və 30 sənaye və rabitə obyekti dağıdılmış, 54 dünya əhəmiyyətli və 200 yerli əhəmiyyətli tarixi abidə ziyan görmüşdür. Bu dağıntılar Laçının bərpası və dirçəlişi üçün genişmiqyaslı layihələrin zəruriliyini göstərirdi. Azad olunandan dərhal sonra digər rayon və şəhərlərdə olduğu kimi burada da sürətli bərpa işləri həyata keçirilib, 2023-cü ilin mayında isə ilk köç karvanları Laçına yola salınıb.
Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi həm də bərpa və dirçəliş prosesinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu statusdan sonra şəhər tədricən mədəniyyət layihələrinin mərkəzinə çevrilib. 2025-ci ildə burada bir sıra önəmli tədbirlər həyata keçirilib. Belə ki, iyun ayında Laçında “MDB Mədəniyyət Günləri” təşkil olunub, açılış mərasiminə MDB ölkələrinin yüksək səviyyəli mədəniyyət və elm nümayəndələri qatılıb. Eyni gün “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb, MDB ölkələrinin rəssamlarının əsərləri nümayiş etdirilib. Həmçinin, “Mədəniyyətlərarası əməkdaşlıq: dayanıqlı inkişaf yolu kimi” mövzusunda dəyirmi masa təşkil olunub. Avqust ayında Laçında MDB ölkələrinin Beynəlxalq Kino Forumu keçirilib, yay aylarında isə MDB ölkələrinin milli şirniyyatları və kulinariya mədəniyyətini nümayiş etdirən tədbirlər reallaşdırılıb. Bu çoxşaxəli proqram həm regionda mədəni əməkdaşlığı möhkəmləndirib, həm də Azərbaycanın azad edilmiş torpaqlarda mədəni diplomatiya potensialını nümayiş etdirib.
Laçının mədəniyyət paytaxtı statusu Azərbaycanın “Böyük Qayıdış” proqramına beynəlxalq etimadın rəmzidir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və şəhərsalma layihələri təkcə region üçün deyil, bütün MDB üçün yeni əməkdaşlıq məkanı yaradır. Prezident İlham Əliyevin Tacikistan sammitində dediyi kimi, bu qərar dostluq və əməkdaşlıq niyyətlərinin bariz ifadəsidir və Azərbaycanın mədəniyyət diplomatiyasının güclənməsinə xidmət edir.
Bu gün Laçın təkcə bir şəhər deyil – Qafqazın mədəniyyət qapısıdır. Onun MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsi Qarabağın dirçəlişini, Azərbaycanın artan beynəlxalq nüfuzunu və mədəniyyətin sülh körpüsü rolunu simvolizə edir. Bu status həm ölkəmizin beynəlxalq imicinə, həm də turizm və iqtisadi potensialına mühüm töhfə verəcək.
Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının əməkdaşı