Bu il qrip əleyhinə vaksinasiya prosesində yaşlılar arasında aktivlik yüksək olub.
“İki sahil” xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova peyvəndləmə ilə bağlı 1 nömrəli şəhər poliklinikasında keçirilən "Açıq Qapı" Günündə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əhali qrip əleyhinə peyvəndləmədə aktivlik nümayiş etdirir:
"Xüsusilə də yaşlılar arasında maraq artıb. Misal olaraq, 60-65 yaş arası insanların müraciəti üstünlük təşkil edir. Ümumilikdə vətəndaşların peyvəndləməsində maraqlıyıq. Hər il olduğu kimi bu il də tibb müəssisələrində peyvəndləmə üçün bütün təchizat sistemi hazır vəziyyətə gətirilib".
TƏBİB rəsmisi xatırladıb ki, 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub:
"Onlardan 4 min 431 nəfəri 0–17 yaş, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlardır".