07 oktyabr 2025 00:36
112

Yaşatdı, yaşadırlar...

İllərin o üzündə qalanlar xatirələrdir...

Xatirələr el-oba ilə bağlıdırsa, tarixdir...

Tarix həm ehtiramdır, həm də sabahkı tarixlərin yolgöstərənidir – düşüncələrin xatirələr işığında tarixləşməsi elə gözəl könülxoşluğudur ki!..

Zəngilanlı illərdə tanıdığım adamları Zəngilansız illərdə xatırlayanda bütün zəngilanlılar kimi mə­nim də ürəyim qanayır; belə xatırlamalar ruhun sıxıntılarıdı. Xatırlayırsan və sənə elə gəlir ki, əsən yellərin, coşan sellərin, açan güllərin qınağına tuş olacaqsan: Haradasınız? Nəsə deməyə heç kimin ürə­yi gəlməyəcək, dilucu deyəcək ki, qada bəd gətirdi...

Alməmməd Məhəmməd oğlu 1928-ci il mayın 5-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olmuşdu. Zəngilan kənd orta məktəbini 1946-cı ildə bitirmişdi. Müəllimliyə meyillənib, pedaqoji texnikumda təhsil al­mış­dı. 1948-ci ildə tex­ni­ku­mu bitirəndə onu Cahangirbəyli kənd 7 illik məktəbinə ibtidai sinif müəllimi göndər­di­lər. Həmin günün sevincini də, qürurunu da son nəfəsinəcən unutmadı Alməmməd müəllim. Söz dü­şən­də bu sevincin Zəngilan məktəbindən başladığını deyərdi, Cahangirbəylidə pərvə­riş tapdığını bildirərdi. Hər sevinc uzunömürlü olmur. Sevinc el-oba ilə bağlıdırsa, xalqla, dövlətlə, dövlətçiliklə bağlıdırsa, yaşadılır. Alməmməd müəllimin sevinci belə sevinc oldu. “Elə bil dünənləriydi – özüm şagirdiydim, müəllim soruşurdu, mən də cavab verirdim, hərdən danlanırdım da. İllər keçmişdi, indi şagird par­ta­sında oturmuşdum. Mən də cavab verə bilməyən şagirdlərimi danlayırdım. Həyat qəribə deyildi, gö­zə­liydi...”. Alməmməd müəllim könüldaşlarına belə deyirdi. Səsində qürrə olardı, taledən razılıq olardı; Alməmməd Məhəmməd oğlu müəllim ömrü yaşayırdı. Biliyinin, təfəkkürünün ziyasını sinif otaqlarında şagirdlərinin ömrünə paylayanlardan biri də o idi...

22 yaşı vardı –1950-ci ilin aprelində onu da hərbi xidmətə çağırdılar. 1953-cü ilin oktyabrında hərbi xidmətini bitirib qayıtdı. Onu Cahangirbəyli məktəbinə gön­dər­mə­di­lər, Zəngilan rayonunun 30-cu kilometrliyindəki ibtidai məktəbə müəllim göndərdilər. Könlü qübarlansa da, get­məli idi, getdi. Xəyalında Cahangirbəyli kəndi vardı, Cahangirbəyli məktəbi vardı, şagirdləri vardı – indi onlar olmayacaqdı, başqa sinif otaqları, başqa şagirdlər olacaqdı. Keçmiş şagirdləri yuxarı si­nif­lərdə oxu­yur­dular, onlara xitabən pıçıldadı: Mən vədimə xilaf çıxmadım, belə məs­lə­hət bil­di­lər...”.

Alməmməd müəllim əvvəlki sevgi ilə işləyirdi; sabahın həkimlərinə, mühəndislərinə, müəllim­lə­rinə əvvəlki pedaqoji vurğunluqla dərs deyirdi...

1954-cü il yanvarın 16-da  Zəngilan Rayon Partiya Komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkildi. Yeni sahə olsa da, zamanında onun bacarığına, səbatlılığına, məsu­liy­yə­t­liliyinə və biliyinə yaxşı bələd idilər,  burada da fərqləndi, fəaliyyətini burada da bəyəndilər. 1955-ci il yanvarın 15-də Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi seçildi. “Gənclərlə işləmək həyat fəl­sə­fəsini daha yaxından mənimsəmək imiş. Mən gənclərin problemlərinin həllində düşüncələrimi də səfərbər edirdim, təcrübəmi də, zamanında ağsaqqallardan eşitdiyim kəlamları da. Gənclər böyük qüvvədir – deyirdilər. Mən düşünürdüm ki, gənclik dünyası nəhayətsiz dünyadı. Bu dünyanı duy­ma­lı­san, duya bilməsən dərk edə bilməycəksən...”, - söz düşəndə Alməmməd müəllim belə deyirdi.

1957-ci ildə Alməmməd Kərimovu Bakı Ali Partiya Məktəbinə göndərdilər. O illərdə belə gön­dərişlər hər adama nəsib olmurdu (partiya hələ ali təhsili olmayan bir kadrın ali siyasi təhsil al­ma­sını zəruri bilmişdi). Həm məsuliyyət, həm də böyük inam idi (göndərən inanıb göndərirdi, gön­də­ri­lən inamla gedirdi...).

Ali siyasi təhsil almışdı. Zəngilana qayıdacaqdı. Qayıtdı. 1961-ci il idi. Rayon partiya komitə­si­nin təlimatçısı vəzifəsinə təyin etdilər...

Zəngilan Rayon Partiya Komitəsinin təlimatçısı Alməmməd Məhəmməd oğlu mülki ali təhsil də almaq istəyirdi. Sevdiyi peşə üzrə, sevdiyi ixtisas üzrə. Tarix fənnini seçmişdi. 1961-ci ildə o vaxtkı V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə qəbul olundu. Qiyabi oxudu...

1965-ci il yanvarın 23-də rayon partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri təyin edildi. Rayon partiya komitəsi Alməmməd Kərimovun iş üslubunu təqdir edirdi – rayonda ideoloji iş ar­­­zulanan səviyyədə idi. Bütün sənədlər təlimata uyğun səviyyədə tərtib edilirdi, bütün tədbirlər təli­ma­ta müvafiq hazırlanırdı, mü­va­fiq sənədlər əsasında həyata keçirilirdi...

Alməmməd Kərimovu 1968-ci il yanvarın 15-də Zəngilan Rayon Xalq Maarifi Şöbəsinin müdiri vəzifəsinə təyin etdilər. Bu təyinat Alməmməd müəllimin baza təhsilinə, sava­dı­na, insanlarla ünsiyyət yaratma bacarığına, təcrübəsinə, təhsilə, pedaqoji işə sevgisinə, ideoloji sə­bat­lılığına əsaslanırdı.

Alməmməd müəllim  rayonun məktəblərində  təhsilin səviyyəsinin yüksəldilməsinə,  mək­təblə­rin maddi-texniki ba­za­sının  möhkəmlən­di­rilməsinə, yeni mək­təb­lərin, əlavə sinif otaqlarının tikil­məsinə nail oldu. Mək­təb­lərin ixtisaslı müəllimlərlə komplektləşdirilməsi üçün Azərbaycan SSR Maarif Nazirliyi qarşısında məsələ qaldırdı. Nəticədə rayonun təhsil sistemində əsaslı dəyişikliklər rəhbərliyin diqqətini cəlb etdi; yeniliklərdə də işıq xisləti olur...

Alməmməd müəllim  bu vəzifədə üç il işlədi. O illərdə təhsil sistemində bir tərpəniş,  bir irəlilə­yiş, bir yenilənmə də hiss olunurdu, rayon miqyasında təhsilə maraq da artırdı...

1970-ci il fevralın 19-da Rayon partiya komitəsinin ikinci katibi vəzifəsinə seçilən Alməmməd Məhəmməd oğlu rayonda kənd təsərrüfatının da intensiv inkişafı istiqamətində fəaliyyətin genişlən­di­rilməsi cəfakeşlərindən biri oldu. O, bu vəzifədə çalışdığı illərdə Zəngilan rayonu yüksək göstəricilər qazandı, əməkçilər müxtəlif orden və medallar­la təl­­tif edil­di, pul mükafatları aldı. Alməmməd Kərimov bu nailiyyətlərin əldə olunmasının təşkilat­çı­larından biri kimi “Şərəf nişanı” ordeni ilə təltif edildi...

Alməmməd müəllim  1975-ci il dekabrın 26-da yenidən Rayon Xalq maarifi şöbəsinin müdiri vəzifəsinə tə­yin olundu. Onun bu dəfəki rəhbərliyi dövründə rayonda yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının tikintisi genişləndi, orta və 8 illik mək­təb­­lər­də təhsilin səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yüksəldi. Beş il bu vəzifədə işlədikdən sonra Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru təyin edildi.

Yaxşı xatırlayıram. 1980 ci il noyabrın 10-da Zəngilan Rayon Komsomol Komitəsinin idman və kütləvi müdafiə işləri şöbəsinin müdiri təyin edildiyim ilk gündən muzeylə yaxşı əlaqələrim qurul­muş­du. Muzey Rayon komsomol komitəsinin binasının qarşısında yolun o tərəfindəydi. Zəngilan şəhər  2 nömrəli orta məktəbi və Pionerlər evi muzeydən təxminən 40-60 metr aralıda idi. Muzey həm də Zəngilan şəhər 1 nömrəli orta məktəbin və klubun “bir addımlığında” yerləşirdi. Alməmməd müəllimin rəhbərliyi və ixtisasca ta­rix­çi olan Ra­sim Təhməzovun səyi nəticəsində muzeyin fondu bir neçə il ərzində nəzərəçarpacaq dərəcədə artdı. Muzeyin qədim dövrə aid ekspozisiyasında da, bolşeviklərin aprel inqilabınadək olan dövrdə ic­ti­mai-siyasi dəyişikliklərə həsr olunan ekspozisiyasında da orta əsrlərdə istehsal edilmiş və istifadə olun­muş alətlər ən qiymətli eksponatlardan idi (Alməmməd müəllim ixtisas etibarilə tarixçi idi, Azərbaycanın da, Zəngilanın da tarixini yaxşı bilirdi, etnoqrafiyaya da, arxeologiyaya da bələd idi, bunların zəmanəti ilə demək olardı ki, muzey işinə də vaqif idi...)...

Muzeyin  sovet dövrü  bölməsində olan ekspozisiya rayonun sovet hakimiyyəti illərində qazan­dı­ğı nailiyyətlərə həsr olunmuşdu. Bu bölmədə rastlaşdığımız eksponatlar  sovet hakimiyyəti uğrunda mübarizəni əks etdirirdi.

Muzey sovet hakimiyyəti illərində rayonun iqtisadiyyatını, kolxozların, sovxozların inkişaf yolları, kənddə texnikanın tətbiqi, xüsusən son illərdə aparılan ixtisaslaşma ilə əlaqədar olaraq üzüm­çülüyün, əsaslı tikintinin perspektivləri haqqında aydın təsəvvür yaradırdı. Muzeydə beş mindən çox eksponat toplanmışdı. Həmin eksponatlar arasında mənim muzeyə bağışladığım vaxtilə istifadədə olmuş milli  pullarımız da var idi; Alməmməd müəllim rayonda Zəngilanın timsalında Azərbaycanın keçmişinin tarixi əksinin yaradılmasını təmin etmişdi...

“Şöhrət ordenli həmyerlilərimiz”, “ Rayonumuzun müharibə veteranları “ və başqa guşələr bö­yük bir sevginin işığı idi, işğala kimi muzeydə yaşadıldı. Ermənilər muzeyi məhv etsələr də, muzey və onun dəyərli eksponatları yaddaşlardan silinməyəcək, fotolarda yaşadılacaq, Zəngilan yenidən qurulanda tarix-diyarşünaslıq muzeyi də Alməmməd müəllimin ruhunun xeyir-duası ilə fəaliyyətini yenidən bu şəhərdə davam etdirəcək.

İşlədiyi müddətdə dəfələrlə Rayon partiya komitəsinin plenum və büro üzvü, rayon sovetinin deputatı seçilmişdi. "Şərəf nişanı" ordeni, "Rəşadətli əməyə görə” “V.İ.Leninin anadan olmasının 100 il­liyi yubiley" medalı ilə təltif edilib. Əmək veteranı adına, sosializm yarışının qalibi, kommunist əmə­yi zərbəçisi döş nişanlarına  və digər çoxsaylı mükafatlara layiq görülmüşdü.

Alməmməd müəllim Zəngilanın işğalını görmədi, 1991-ci il sentyabrın 23-də dünyadan köçdü...

Alməmməd Məhəmməd oğlu yaxşıları yaşadırdı. Xalqa gərəkli olanları yaşadırdı, indi özü yaşadılır. Həm xatirələrdə, həm də tarixdə...

Bayram Məmmədov,
Əməkdar müəllim