Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi ərazi bütövlüyü qədər əhəmiyyətlidir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Hakimləri İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində təşkil olunan "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Məhkəmə hakimiyyətini yalnız məhkəmələr həyata keçirirlər:
"Bunlar Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, ümumi və ixtisaslaşdırılmış məhkəmələrdir. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Konstitusiyamızın 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və eyni zamanda, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Burada aydın görünür ki, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü qədər əhəmiyyətlidir və fundamental mahiyyət kəsb edir".
R.Rzayev qeyd edib ki, bu gün burada müxtəlif hüquq sistemlərini təmsil edən hakimlər, bütün həyatını hüquqa, qanunçuluğa, qanunun aliliyinin qorunmasına həsr etmiş yüksək səviyyəli mütəxəssislər toplaşıblar:
"Əminəm ki, konfrans zamanı aparılacaq müzakirələr və fikir mübadiləsi dünyada məhkəmə fəaliyyətinin və hüququn inkişafına öz töhfəsini verəcək".