Yaxud quduzluğun paralitik forması
AXCP sədri Əli Kərimlinin xəyanətkar əməllərindən hamımız yaxşı xəbərdardıq. Öz liderinə xəyanət edən, onun haqqında muzdlu mirzələrinə min cür hədyan və təhqir yazdıran bir adamdan daha nə gözləmək olar? Ə.Kərimli, C.Həsənli kimi siyasətbazlar hər fürsətdə ölkədəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa zərbə vurmağa çalışıblar. Bir neçə il bundan əvvəl “ərəb inqilabları” zamanı bu üzdəniraqlar təmsil olunduqları antimilli cəbhənin digər nümayəndələri ilə birlikdə boyunlarına narıncı əskilər sarıyaraq meydan sulamağa, aranı qarışdırmağa cəhd etdilər. Lakin cəmiyyətin etirazı ilə qarşılaşdıqlarından geri çəkilərək anti-Azərbaycan dairələrin növbəti işarəsini gözləsələr də, öz çirkin məqsədlərinə nail ola bilmədilər.
Azərbaycanın radikal müxalifəti Vətən müharibəsində və Zəfərimizdən keçən beş ilə yaxın müddətdə yenə də xalqın, dövlətin deyil, düşmənlərimizin mövqelərini müdafiə etmək yolunu seçib. Ermənilərə, onların havadarlarına nə və necə sərf edirsə “sapı özümüzdən olan” həmin bu “baltalar” da eyni mövqeyi “demokratik dəyər” adı ilə təbliğ etməyə çalışırlar. Son günlər AXCP sədri Əli Kərimlinin, müavini Fuad Qəhrəmanlının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinə münasibətləri də əvvəlki kimi milli maraqlarımızdan uzaqdır.
Erməni lobbisinin nəzarətində olan bəzi beynəlxalq təşkilatların trolları rolunu məharətlə ifa edən başda AXCP sədri Əli Kərimli olmaqla onun orbitində fırlananlar qarğa-quzğun kimi sosial şəbəkələrə tökülüşərək ölkəmizin əleyhinə xəyanətkar fəaliyyətlərini ən iyrənc üsullarla davam etdirirlər. Qərəzli qrant mərkəzlərinin köləsinə çevrilən bu zombi sürüsü sosial şəbəkə seqmentlərində, Ə.Kərimlinin muzdlu mirzəsi Qənimət Zahidin “Azərbaycan saatı”nda, satqın Sevinc Osmanqızının “Osmanqızı tv”sində və digər internet resurslarında ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq, sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün ən çirkin üsul və vasitələrdən istifadə edirlər.
Uzun illərdən bəridir ki, “demokratiya”, “insan haqları” kimi məhfumlardan ölkəmizə qarşı siyasi manipulyasiya, ideoloji təzyiq aləti kimi faydalanmağa çalışan anti-Azərbaycan dairələrin maşası olan bu qrant parazitlərinin əsas məqsədi milli-mənəvi, eləcə də ideoloji dayaqlarımıza zərbə vurmaqdır. Məkrli mərkəzlərdən ölkəmizə qarşı ideoloji təxribat aparmaq tapşırığını alan bu xəyanətkarların sosial şəbəkələrdəki antimilli fəaliyyəti bir daha göstərir ki, onlar bu istiqamətdə erməni lobbisi ilə eyni müstəvini bölüşürlər. Lakin bədxahlarımızın ölkəmizə qarşı apardıqları ideoloji təxribatların nəticəsiz qalacaq. Ölkəmizin başçısının bildirdiyi kimi, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. Ən əsası da odur ki, qüdrətli Azərbaycan dövləti erməni lobbisinin, məkrli mərkəzlərin, eləcə də onlarla sıx işbirliyində olan antimilli ünsürlərin bütün cəhdlərinə, xarici təzyiq və təhdidlərə həddindən artıq tutarlı cavab vermək imkanlarına malikdir. Onların bu cür əməllərinin rəsmi, ictimai və media müstəvisində daim ifşa olunması davam etdiriləcək. Ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən xarici məkrli dairələr, istərsə də “sapı özümüzdən olan baltalar” birdəfəlik bilməlidirlər ki, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi və bir günlük lokal antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək yeni dövrə qədəm qoyan, mükəmməl ideoloji, siyasi, təhlükəsizlik konsepsiyasına malik olan Azərbaycan zamanın çağırışları fonunda öz milli maraqlarına uyğun hərəkət edib və bundan sonra da edəcəkdir.
Anti-Azərbaycan şəbəkənin maşaları, quyruqbulayanları, yallananları bütün bunlarla heç nəyə nail ola bilməyəcəklər. Öz cılız ambisiyalarını, məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq Azərbaycan əleyhdarlarının, erməni lobbisinin mənafelərinə xidmət edən həmin dağıdıcı ünsürlər bu dəfə də iflasa uğrayacaq və tarixin zibilliyində gömüləcəklər. Azərbaycan əleyhdarlarının vitrinə çıxardıqları savadsızlar sanki dünyada, eləcə də regionda nələrin baş verdiyindən xəbərsizdirlər. Od içində yanan Yaxın Şərqdə, Avropada, eləcə də Şimal hüdudlarımızda olub bitənlər ya onların kortlaşmış beyinlərinə təsir etmir, ya da ki, bu ünsürlərin hissiyyat tamamilə ölüb. Bu üzdəniraqların da əsl məqsədi elə budur. Ancaq xalqımız, ağı qaradan seçən cəmiyyətimiz buna heç zaman imkan verməyəcək. Bunu yaxşı başa düşən antimilli ünsürlər buna görə də uzunmüddətli depressiyaya düşərək getdikcə daha da quduzlaşırlar. Bu isə çox pis bir haldır. Çünki quduzluğun paralitik forması çox müşahidə edilməklə gövdə üzərində əsasən ifliclər üstünlük təşkil edir.
Zahid Rza, “İki sahil”