15 oktyabr 2025 11:29
213

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi - Prezident İlham Əliyev

Cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi 15 oktyabr 2003-cü il tarixindən 22 il keçir

22 il. Bu illərin Azərbaycanın tarixinə hansı uğurları, zəfərləri yazdığı bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində, Prezidentlik dövrünün 20 illiyində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Xankəndi şəhərində Zəfər meydanından xalqa müraciətində böyük qürur hissi ilə bildirdi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

Artıq yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının sevincini və yeni reallıqların fonunda Azərbaycanın qarşısında açılan imkanların qürurunu yaşayırıq. Təbii ki, hər bir reallığın arxasında güc, prinsipiallıq, əzm, iradə dayanır. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” gücümüzün, birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Suverenliyimizin bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Ötən ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində “Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” söyləyən dövlətimizin başçısı İlham Əliyev “Bu gün ərazi bütövlüyünü suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə haradan-haraya gəlmişik” sualına cavab olaraq onu da qeyd etmişdir ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Heydər Əliyev siyasəti davam etdirildi: “Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.”

Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunədir. 2023-cü ilin 20 sentyabrından bu günə qədər ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Dövlətimizin başçısı bu reallığı da xüsusi vurğulayır ki, 2023-cü ilin sentyabrına qədər getdiyimiz yol məqsədyönlü, məqsədə hesablanmış yol, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.

Son 22 ilin uğurlarının təhlilinə Azərbaycan tarixinin möhtəşəm səhifələrindən başlamağımız səbəbsiz deyil. Çünki müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixində Azərbaycan xalqına müraciətində belə bir əminliyi ifadə etmişdi ki, Onun axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev axıra çatdıracaq: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsinin qazanaraq Prezident seçiləb cənab İlham Əliyev andiçmə mərasimində Ulu Öndərə bu müraciəti etdi ki, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik!

1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı uğurla inkişaf etdirən cənab İlham Əliyev atdığı hər bir addımında Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Bu gün Azərbaycanın dünya miqyaslı uğurlar qazanması Ulu Öndərin ümidlərinin doğrulması deməkdir.

Prezident İlham Əliyev ilk gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verdi. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarını təsdiq etməklə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi. Regionlarda dünya standartlarına cavab verən istehsal və sənaye müəssisələri yaradıldı. Regionlarımızın siması tamamilə dəyişdi, gözəlləşdi.

Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin davamı olaraq cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirməliyik!”, eyni zamanda, “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışlarını səsləndirdi və qısa müddətdə reallıqda öz əksini tapdı. Ölkə Prezidenti iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana möhtəşəm uğurlar qazandırır. “Əsrin müqaviləsi”nin davamı olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Bu illər ərzində əməkdaşlığın coğrafiyası daha da genişləndi, Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi Azərbaycanın enerji uğurlarının sırasına daxil oldu. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verildi. Belə ki, 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyun ayında əsas tərkib hissəsi olan TANAP, 2020-ci ilin dekabrın 31-də isə TAP istifadəyə verildi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. Bu günün əsas çağırışı yaşıl enerjiyə keçiddir ki, Azərbaycan ötən il COP29 iqlim konfransına ev sahibliyi ilə bu sahədə mövcud imkanlarını təqdim etdi. Bu tədbir iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır.

Azərbaycanın bütün sahələrdə davamlı uğurlarına yol açan əsas faktorlardan biri iqtisadi tərəqqidirsə, digər amil sabitlikdir. Xalq-iqtidar birliyi sabitliyin əsas təminatçısıdır. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” söyləyən cənab İlham Əliyev ilk gündən həmin tezisin reallaşmasına nail oldu. Atılan hər bir addımın əsasında vətəndaş amilinin dayandığı bəyan edildi. Vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində atılan addımlar davamlıdır. Bu günədək beş sosial paketin icrası Azərbaycanın sosial dövlət olması ilə yanaşı, vətəndaş amilinə verilən önəmi nümayiş etdirir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. İnsan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi də atılan addımların əsas tərkib hissələrindəndir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilən Milli Konstitusiyamıza bu günədək üç dəfə əlavə və dəyişikliklər edilib ki, bunun ikisi cənab İlham Əliyevin Prezidentliyi dövrünə təsadüf edir. 2009 və 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin böyük bir qismi insan hüquqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. Vitse-prezidentlik institutunun yaradılması, 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi Azərbaycanın həyatında mühüm hadisə oldu. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də özündə keçilən yolun aydın mənzərəsini yaradır. Sərəncamda da qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayır.

Konstitusiyada Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermədi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrildi, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi.

Bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Müstəqillik tariximizdə ilk dəfə olaraq ötən il bütün ölkə ərazisində Prezident, parlament, bu il isə bələdiyyə seçkiləri keçirildi.

Son 22 ilin uğurlarının miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək çox çətindir. 2003-2020-ci illər torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilir. Ölkəmiz hər bir sahədə möhtəşəm uğurlara imza atdı. İqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edildi, ordumuz qələbəyə hazırlandı, dünya azərbaycanlılarının birliyi daha da möhkəmləndi, Azərbaycanın beynəlxalq nüfuzu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı və sair kimi uğurlarımız həmin dövrün reallıqları idi. Dövlət başçısı İlham Əliyev artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllindən bəhs edərkən bu bəyanatı səsləndirirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə, hərb variant istisna edilmir. Təbii ki, bu əminlik Azərbaycan Orducunun gücünə, qüdrətinə söykənirdi. Silahlı Qüvvələrimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nəyə qadir olduğunu dünyaya sübut etmişdir. Bunlardan dərs almayan Ermənistan silahlı qüvvələrinə 44 günlük İkinci Qarabağ müharibəsində tarixdə heç zaman unuda bilməyəcəkləri dərs verildi. Bir daha sübut olundu ki, dünyada ən güclü ordu Azərbaycan Ordusudur. Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması da bunun bariz nümunəsidir.

Bu gün qürurla qeyd edirik ki, cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bütün arzularını reallığa çevirdi. Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Ümummilli Lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza bu müraciəti etdi: «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»

Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı zəngin mənbə oldu. Həmin müsahibələrində cənab İlham Əliyev Azərbaycanın qələbəsinə əminliyini ifadə etməklə yanaşı, postmünaqişə dövründə görüləcək işlərin təqdimatını da etdi. Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir… Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualına cavabı da keçilən yolun təqdimatında öz sözünü dedi. Cənab İlham Əliyev bildirmişdir ki, hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum.

Cənab İlham Əliyev fəaliyyəti ilə uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrilib. Dövlət başçısının bu çağırışı hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik.”

Yeni dövrə qədəm qoyan Azərbaycan təbii ki, yeni hədəflərini müəyyənləşdirmək üçün ötən ilin 7 fevral tarixində prezident seçkilərini keçirdi. Seçkilərdə inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində “İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi» söylədi və ötən dövr ərzində görülən işlərin zəfərlərə yol açdığını böyük qürur hissi ilə qeyd edərək bu çağırışı etdi: « Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.»

Suverenliyimizin tam bərpasından ötən iki ildən artıq dövrün Azərbaycanın tarixinə yazdığı uğurların xronologiyasını belə təqdim etməklə bitməz. Çünki düşünülmüş siyasətə, xalqın daim irəli aparan Liderə məxsus ölkənin uğurları sonsuzdur. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi Prezidenti vardır. Qalib xalqımız hər zaman qətiyyətli, qalib Lideri ilə qürur duyur. 15 oktyabr 2003-cü ildən başlanan yeni dövr daim möhtəşəm uğurlarla, Zəfərlərlə zənginləşir.

Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Bu torpaqlarda yeni həyat başlayıb. Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində böyük qürur hissi ilə bildirmişdir: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.”

Yeganə Əliyeva, “İki sahil”