Bu il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun doğma şəhərimiz Füzulini işğaldan azad etməsindən 5 il keçir. Füzulinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış tarixi bir qələbə, milli qürur və birliyimizin rəmzi kimi əbədi həkk olunub.
Doğma Füzulinin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev çıxış edərək bildirmişdir: Bu gün tarixi bir gündür, on yeddi oktyabr yalnız füzulililərin deyil, bütün Azərbaycan xalqının tarixində əbədi qalacaqdır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “İşğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi elan edilib. Hər il bu tarix, Azərbaycanın tarixi Zəfərinin simvolu kimi qeyd olunur, Füzulinin qəhrəman müdafiəçilərinin xatirəsi ehtiramla yad edilir.
1386 km² ərazisi olan Füzuli rayonu, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələrlə əhatə olunur. Bu unikal coğrafi mövqe rayonun strateji əhəmiyyətini daha da artırır. Füzuli Qarabağın digər rayonları — Cəbrayıl, Xocavənd, eyni zamanda, Ağcabədi və Beyləqan şəhərləri ilə həmsərhəd olmaqla yanaşı Araz çayı boyunca İran İslam Respublikası ilə də sərhəddə yerləşir. Məhz bu yerləşmə xüsusiyyəti Füzulini həm iqtisadi, həm də hərbi-strateji baxımdan mühüm bölgəyə çevirib.
1827-ci ildə əsası qoyulmuş, ölkəmizin qədim və mədəni cəhətdən zəngin yaşayış məntəqələrindən biri olan Füzulidə işğaldan öncə 140 mindən çox əhali yaşayırdı. Rayon əvvəllər Qaryagin adlanırdı. 1959-cu ilin aprelində görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Qaryagin rayonunun adı Füzuli adlandırılmışdır.
Lakin bu qədim diyar 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə rayonun kəndləri, digər yaşayış məntəqələri, təhsil və mədəniyyət ocaqları, sənaye və infrastruktur obyektləri tamamilə dağıdılmış, təbiətə və maddi irsə ciddi zərər vurulmuşdur. Əhalinin böyük hissəsi doğma yurd-yuvasından didərgin düşərək ölkənin müxtəlif bölgələrinə köçkün kimi sığınmışdır.
Ermənistanın silahlı hücumu nəticəsində Füzuli rayonundan 663 nəfər şəhid olmuş, 400 nəfərədək müharibə əlili, 181 nəfər isə əsir və itkin düşmüşdür. Bütün bu itkilərə baxmayaraq, füzulililər heç vaxt doğma torpaqlarını unutmamış, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 2020-ci il Zəfər yürüşü nəticəsində doğma Füzuli 17 oktyabrda azad edilmişdir. Bu tarixi gün xalqımızın əyilməz iradəsinin və milli birliyinin təntənəsinə çevrilmişdir.
Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsinin gedişatına ciddi təsir göstərən və Azərbaycanın Zəfər yürüşünün istiqamətini müəyyən edən ən mühüm hərbi əməliyyatlardan biri olmuşdur. Şəhərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinə cəbhədə mühüm strateji üstünlüklər qazandıraraq növbəti əməliyyatların uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaratmışdır. Xüsusilə, Füzuli istiqamətində qazanılan qələbə nəticəsində Ermənistan ordusunun müdafiə xətti yarılmış, düşmən ciddi itkilərə məruz qalmış və ordumuzun irəliləməsi üçün yeni imkanlar açılmışdır.
Füzulinin azad edilməsi Qarabağın digər bölgələrinin, o cümlədən Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında həlledici rol oynamışdır. Bu döyüşlər zamanı Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan səmərəli istifadə bacarığı və yüksək döyüş ruhu bütün dünyaya nümayiş etdirilmişdir. Hərbi ekspertlərin qiymətləndirməsinə görə, Füzuli əməliyyatı Azərbaycan Ordusunun hərbi gücünün və taktiki hazırlığının yüksək səviyyədə olduğunu sübut edən ən parlaq nümunələrdən biridir.
Şəhid və qazilərimizə dövlət səviyyəsində göstərilən diqqət və ehtiram, onların qəhrəmanlığının ən yüksək dəyərlə qiymətləndirilməsinin göstəricisidir. 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə” medalı təsis edilmiş və 25.325 nəfər Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. 2022-ci il 27 sentyabr – Anım Günü münasibətilə cənab Prezident Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin əziz xatirəsinə ucaldılmış xatirə lövhəsinin açılışını etmişdir.
Füzuli, işğaldan azad edilmiş ərazilər arasında ən çox mina ilə çirklənmiş rayonlardan biridir. Ermənistanın məqsədyönlü təxribatı nəticəsində rayonda yüz mindən çox mina və partlayıcı qurğu basdırılmışdır. Bunun nəticəsində mülki əhali, dövlət əmlakı və infrastruktur obyektləri ciddi ziyan görmüşdür. Hazırda dövlət səviyyəsində mina təmizləmə, bərpa və yenidənqurma işləri geniş miqyasda həyata keçirilir.
Füzulinin işğaldan azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rayonun bərpası və müasir inkişaf mərhələsinə qədəm qoyulub. 2020–2025-ci illər ərzində dövlət başçısının Füzuliyə çoxsaylı səfərləri bu bölgənin Qarabağın sosial-iqtisadi mərkəzlərindən birinə çevrilməsini təmin edib.
İlk olaraq 16 noyabr 2020-ci ildə Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılmış və Zəfər yolunun təməli qoyulmuşdur. Ardınca qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun, Füzuli şəhərinin Baş planının, xəstəxana və “Ağıllı kənd” layihələrinin təməlləri atılmışdır.
2021–2023-cü illərdə Prezident İlham Əliyevin iştirakı ilə Zəfər yolunun, Füzuli-Hadrut və Füzuli-Ağdam avtomobil yollarının, Füzuli Rəqəmsal Yarımstansiyasının, Peşə Liseyinin, yaşayış komplekslərinin və məktəblərin inşasına başlanmışdır. Cəmi 8 ayda tikilən və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilmişdir.
Füzuli şəhəri beynəlxalq əməkdaşlıq məkanına çevrilmişdir: Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunmuşdur. Eyni zamanda Qırğızıstan, Belarus və Türkmənistan liderləri də Füzuliyə səfər edərək şəhərin bərpa planı ilə tanış olmuşlar.
Son illərdə Füzuli-Hadrut avtomobil yolu, Köndələnçay su anbarı kompleksi, şəhərin daxili yol-küçə şəbəkəsi, su-kanalizasiya sistemi, idman və inzibati komplekslər istifadəyə verilmiş və yeni Qaraxanbəyli, Cuvarlı, Qoçəhmədli və Pirəhmədli kəndlərinin təməlləri qoyulmuşdur.
Bu çoxşaxəli fəaliyyət nəticəsində Füzuli bu gün Böyük Qayıdış proqramının aparıcı mərkəzlərindən birinə çevrilmiş, müasir və dayanıqlı şəhər kimi Azərbaycanın yenidənqurma modelini təcəssüm etdirmişdir.
Bu gün Füzuli həm Zəfərin simvolu, həm də yenidən doğulan Qarabağın dirçəliş nişanəsi kimi Azərbaycanın gələcək inkişafında mühüm yer tutur.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini