14 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bloger, rəqəmsal platforma təsirçiləri (influenserlər) və media orqanlarının sosial media menecerləri üçün “Sosial media: Məsuliyyət və həssas yanaşma” mövzusunda təlim keçirilib.
Təlimin təşkilində məqsəd sosial mediada qadın və uşaq mövzularına məsuliyyətli, etik və həssas yanaşmanı təşviq etmək, həmçinin bloger, rəqəmsal platforma təsirçiləri və media orqanlarının sosial media menecerlərinin bu istiqamətdə peşəkar bilik və bacarıqlarını artırmaqdır.
Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri, BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov iştirakçıları salamlayıb. O, qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə eləcə də, Dövlət Komitəsinin Kommunikasiya Strategiyası haqqında məlumat verib. O, bu sahədə sosial medianın əhəmiyyətini, mövcud tendensiyaları qeyd edib, problemlərdən söz açıb. Cəmiyyətin maarifləndirilməsində bloger və rəqəmsal platforma təsirçilərinin rolundan danışıb.
Təlim iki sessiyadan ibarət olub. İlk sessiya “Mediada qadın və uşaq mövzularına yanaşma: maarifləndirmə, yoxsa dağıdıcılıq?” mövzusuna həsr olunub.
Təlimçi Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud medianın ictimai fikrə təsir gücü, qloballaşma və milli dəyərlər balansı, eləcə də qadınlar və uşaqlarla bağlı kontentlərin təqdimatında medianın məsuliyyətinə diqqət çəkib.
İkinci sessiya isə “Sosial media – informasiya mənbəyi, yoxsa təxribat platforması?” mövzusuna həsr olunub. A.Mahmud jurnalist, bloger və məzmun yaradıcıları üçün etik davranış kodeksi, azyaşlılarla bağlı məlumatların yayımlanmasının hüquqi və etik çərçivəsi, eləcə də beynəlxalq təşkilatların və konvensiyaların bu sahədə müəyyən etdiyi tələblər barədə məlumat verib.
İştirakçılar praktik tapşırıqlarla qadın və uşaq mövzularına həssas yanaşmanın vacibliyi, sosial məsuliyyətli jurnalistikanın prinsipləri və sosial media platformalarında düzgün davranış strategiyaları ilə bağlı biliklərini möhkəmləndirmək imkanı əldə ediblər. Sonda Dövlət Komitəsinin beynəlxalq təcrübəni əsas götürərək hazırladığı qadın və uşaq mövzularının mediada işıqlandırıması prinsiplərini özündə əks etdirən maarifləndirici vəsait təqdim olunub.