“Təhsil – bilik, bacarıq və dəyərlərlə insan kapitalını formalaşdıran ən əsas vasitədir. Dayanıqlı inkişaf isə bu kapitalın cəmiyyətin rifahına çevrilməsini təmin edən hədəfdir”.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci DİM dialoqunda çıxışı zamanı deyib.
Mövzunun ölkəmizin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu qeyd edən Komitə sədri, təhsil və dayanıqlı inkişafın bir-birindən ayrılmaz anlayışlar olduğunu vurğulayıb: “Azərbaycan dövləti təhsili dayanıqlı inkişafın mərkəzinə yerləşdirib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə 4-cü məqsəd – “Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsil və ömürboyu öyrənmə imkanları” bu istiqamətdə atdığımız addımlar üçün mühüm istiqamətverici çərçivədir”.
Son illərdə ölkəmizdə təhsil sahəsinə qoyulan investisiyaların infrastrukturun yenilənməsi, rəqəmsallaşma, həmçinin insan kapitalına yönələn siyasətlərlə müşayiət olunduğuna diqqət çəkən B.Muradova, bu istiqamətdə görülən işlərin regionlararası bərabərliyin təmin edilməsinə, gender fərqlərinin azaldılmasına və hər bir uşağın təhsildən yararlanmasına şərait yaratdığını dilə gətirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təhsil sahəsində dövlət siyasətinin mühüm iştirakçısı olduğunu qeyd edən sədr, təhsilin bərabərlik və sosial ədalət baxımından yaratdığı imkanları artırmaq məqsədilə həyata keçirilən davamlı layihələr barədə məlumat verib.
B.Muradova müasir dünyanın inkişaf tempinə uyğunlaşmaq üçün yeni çağırışlara qoşulmağın zəruriliyini vurğulayıb: “Dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq, Dövlət Komitəsi aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti subyektləri ilə birgə çoxsaylı layihələr həyata keçirir. Bu layihələr arasında təhsilin və gənclərin imkanlarının artırılması məqsədi daşıyan təşəbbüsləri cəmiyyət böyük maraqla qarşılayır. Bu layihələr şəhid xanımlarının və gənc qadınların təhsilə çıxış imkanlarını genişləndirir, onların gələcəyə inamla addımlamasına dəstək verir".
Komitə sədri əlavə edib ki, üç minədək qız erkən evliliklərə qarşı təşkil edilən təlimlərə cəlb olunub və maarifləndirilib.
Təhsil sahəsində həyata keçirilən belə layihələrin təkcə fərdi uğurlara deyil, həm də cəmiyyətin dayanıqlı inkişafına xidmət etdiyini qeyd edən B.Muradova, bu təşəbbüslərin qızların, qadınların və uşaqların bərabər imkanlarla təhsildən yararlanmasına şərait yaratdığını, eləcə də gender bərabərliyinin real ifadəsinə çevrildiyini əlavə edib.
O, çıxışının sonunda Dailoq çərçivəsində aparılacaq müzakirələrin, təqdim olunacaq ideyaların Azərbaycan cəmiyyətinin gələcəyi üçün yeni imkanlar yaradacağına, təhsil sahəsində dövlət, özəl sektor və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığı daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib.