SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi BANM-in rektoru Elmar Qasımov və “PAŞA Kapital İnvestisiya Şirkəti"nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev imzalayıb.
Memorandum tələbələr üçün şirkətdə istehsalat təcrübəsinin təşkil edilməsi, şirkət əməkdaşları tərəfindən investisiyalara dair məlumatlılığın artırılması məqsədilə tələbələrə təlim və seminarların keçirilməsi, eləcə də tələbə və məzunların işlə təmin edilməsi üçün fürsətlərin yaradılmasını nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən rektor Elmar Qasımov qeyd edib ki, bu əməkdaşlıq tələbələr üçün yeni təcrübə imkanları yaradacaq və onların gələcək karyerasında mühüm rol oynayacaq.
“PAŞA Kapital”ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev bu əməkdaşlığın həm tələbələr, həm də peşəkar kadrlara tələbat olan sektor üçün fayda verəcəyinə əminliyini bildirib.