12 noyabr 2016 00:32
1769

60 yaşında kamera arxasında

Televiziya işinin maraqlı olduğu qədər çətin və məsuliyyətliyini çoxlarımız yaxşı bilirik.

Amma nədənsə insanlar düşünürlər ki, televiziyada çalışanlar ancaq simalarını mavi ekrandan gördüyümüz aparıcılardır. Əslində isə bir ekran işinin ərsəyə gəlməsi üçün kadr arxasında nə qədər insan əməyi, işçi qüvvəsi səfərbər olur.  Hər şeyi gözəl göstərməyə çalışan operator olmadan isə televiziya işini təsəvvür etmək mümkün deyil. İlk dəfədir ki, bir quruluşcu operator ilə həmsöhbət oldum. Əvvəllər diqqətimi çəkməyən bu sənət sahəsinindəyəri nədənsə indi gözümdə başqa cürdür. Bəlkə də sırf ona görədir ki, üzünü görmədiyimiz insanlardan daha çox aparıcıları, kino qəhrmanlarını, bir sözlə gördüyümüz üzləri tanıyırıq. Amma aysberqin bir də görünməyən tərəfi var....

1956-cı il noyabrın 14-də Bakıda anadan olub Bəxtiyar Babayev. Açığı doğum tarixinə baxanda Azərbaycan Televiziyasının yarandığı vaxtla üst-üstə düşməsi diqqətimi çəkdi. Deyirlər, insanın taleyi anadan doğulan gün yazılır. Bəlkə də televiziyanın fəaliyyətə başladığı gün qərar verilmişdi ki, elə həmin televiziyanın nə az, nə çox düz 22 illik fəaliyyətində bu insanın böyük əməyi olacaq. Azərbaycan Televiziyasında quruluşcu operator vəzifəsində çalışan Bəxtiyar müəllim deyir ki, televiziyanın 60 ilinin 22 ilinə o da şərikdir. Təsadüfi deyil ki, bu il Bəxtiyar müəllim özü də 60 yaşını qeyd edəcək.

İllərdir ki, Aztv-də maraqla izlədiyimiz verilişlərin opertorluq vəzifəsini məhz Bəxtiyar müəllim icra edib, baxdıqlarımızı məhz onun gözü ilə görmüşük desəm, bəlkə də çoxları bu əzmkar insanı tanımaq üçün daha da səbirsizlənəcək.

İçərişəhərdə keçən uşaqlıq, Moskvadakı maraqlı tələbəlik illəri, daha sonra fotostudiyaların birində kiçik elmi işçi kimi müəllimlik və nəhayət Azərbaycan Dövlət Televiziyasında quruluşcu operator vəzifəsi. Səmimi insandır Bəxtiyar müəllim. Deyir ki, yaxşı oxumayıb uşaqlıqda. Opeartor kimi çalışmaq isə ağılının ucundan da keçməzmiş. Yaradıcılığına fotoqraf kimi başlasa da çox keçmir ki, Azərbaycanın xalq artisti, aktyor Hüseynağa Sadıqov gəncdəki xüsusi istedadı kəşf edir və onu Azərbaycan Dövlət Televiziyasına dəvət edir. 1980-ci ildən burada fəaliyyətə başlayan Bəxtiyar Babayev televiziyanın ab-havasına, buradakı şəraitə o qədər uyğunlaşır, sənətinə o qədər dərindən bağlanır ki, bu günə qədər fəaliyyətini ancaq burada davam etdirir. Hazırda “Səhər” verilişinin qurulşcu operatorudur. Sual verdim ki, yəqin başqa yerlərdən sizə iş təklifləri çox gəlib, nəyə görə ancaq fəaliyyətinizi televiziyada davam etdirdiniz. Çox səmimiliklə cavab verdi ki, televiziyada qurulan şərait, kollektiv, iş rejimi, sənətə olan məhəbbət məni oradan ayıra bilmədi. Bu gün bir çox verilişlərin çəkilişlərində iştirak edən qocaman opertorumuz deyir ki, operator işi təkcə operatorun özündən ibarət deyil, bu həm də komanda işidir: “Televiziya komanda işidir. Bizim çox yaxşı kollektivimiz, işçilərimiz var. Bu günə qədər aramızda hansısa problem yaşanmayıb. Biri-birimizə hər zaman dəstək olmuşuq. Kollektivlə bərabər işimi çox sevdim, dərindən bağlandım. Gündən-günə daha məşhur insanları çəkirdik. Şöhrətli dünya və Azərbaycan sənətkarları, dəyərli insanlarla bir yerdə işləyirdik. Bütün bunları qoyub başqa bir yerə gedə bilməzdim”.  Bəxtiyar müəllim deyir ki, illərdir çiyin-çiyinə çalışdığım insanlar olub ki, bu gün onların bəziləri artıq həyatda deyillər. Amma özünü şanslı sayır illərin sənətkarı. Deyir ki, “yaxşı ki, tanımışam”  dediyim o qədər dəyərli insan var ki...

“22 ildə arzusunda olduğum insanları gördüm, istədiyim kimi özümü sübut etmişəm. Məncə, insan üçün ən vacib şey əməlinlə yaddaşlarda qalmaq, özündən sonra dərin bir iz qoymaqdır”.

Ötən illər ərzində gördüyü çətinliklərdən də danışdı Bəxtiyar müəllim. 80-ci illərdə kameralar bugünkü kimi yüngül və asan icra oluna bilən deyildi: “Elm və texnologiyanın inkişafı bütün sahələrə olduğu kimi, televiziya işinə də öz müsbət təsirini göstərdi. İndi operator işi daha asan, keyfiyyət daha yüksək, şərait daha yaxşıdır” deyir Bəxtiyar müəllim. İşinə ciddi və məsuliyyətlə yanaşan bu istedadlı insanı bu günə qədər qeyri - ciddi geyimdə görən olmayıb. Bəxtiyar müəllim deyir ki, kostyum və qalustuk işinə olan hörmətini göstərir.

60 yaşın ağırlığını, məsuliyyətini də çiyinlərində ləyaqətlə daşıyır sənətkar: “Səhhətim imkan versə son nəfəsimə qədər işimin başında olmaq istəyirəm deyir. Səhhətim sözümə qulaq asmır. Tez-tez müalicələr alıram. Yaş artdıqca insan sağlamlığının qeydinə daha çox qalmalıdır bəlkə də. Amma işimi çox sevirəm. Kamera mənim üçün sadəcə iş aləti, ya da texnoloji  vasitə deyil. Mənim bütün işim, əməyim onun  üstündədir. Biz dostuq kamera ilə. Əvvəllər cavan idik, çəkilişlər üçün hər yerə gedirdik. İndi sadəcə studiya daxilində işləyirik. Amma bu işi çox yaxşı görən gənclərimiz var. Onlarla fəxr etmək olar”.

Ömrünün 60-cı ilində iki nəvə sahibidir Bəxtiyar müəllim. Yeganə qız övladının uşaqları ən böyük sevinci, xoşbəxtliyidir. Noyabrın 14-də 60 illiyini qeyd edəcək olan Bəxtiyar müəllimin ən böyük sərvəti ailəsi, nəvələri və sənətidir.

Biz də “İki sahil” kollektivi olaraq Bəxtiyar müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq. Azərbaycan tamaşaçısı bundan sonra da dəyərli verilişlərə, maraqlı proqramlara onun gözü ilə baxacaq. Doğum gününüz mübarək, Bəxtiyar müəllim!

Şəfiqə Dadaşova, “İki sahil”