16 oktyabr 2025 13:59
122

Füzuli – Zəfərin simvoluna çevrilən qədim Azərbaycan torpağı

17 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına şanlı və qürurverici bir gün kimi yazılmışdır. 2020-ci ilin məhz bu günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini düşmənin işğalından azad etmişdir. Bu gün artıq rəsmi olaraq “Füzuli Şəhəri Günü” kimi qeyd olunur və xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindən birini təşkil edir.

Füzuli rayonu tarixi baxımdan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Qədim yaşayış məskənləri, memarlıq abidələri və zəngin təbiəti ilə seçilən bu bölgə, eyni zamanda ölkənin strateji əhəmiyyətli ərazilərindən biri hesab olunur. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzuli şəhəri və rayonun böyük hissəsi illər boyu viran edilmiş, tarixi və mədəni irs dağıdılmışdı. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur.

44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlər ən ağır və strateji baxımdan ən mühüm əməliyyatlardan biri olmuşdur. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu qan tökərək, şəhidlər verərək Füzuli şəhərinə Azərbaycan bayrağını sancdı. Bu zəfər, cəbhənin digər istiqamətlərində də üstünlüyümüzün təmin olunmasına mühüm zəmin yaratdı və Ermənistan ordusunun müdafiə xəttinin yarılmasında həlledici rol oynadı.

17 oktyabr 2020-ci il tarixində şanlı Ordumuz tərəfindən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilmişdir. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

26 noyabr 2020-ci il tarixdə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bundan sonra Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunmuşdur.

İşğaldan azad olunmuş Füzuli rayonu bu gün Azərbaycanın yenidənqurma və bərpa strategiyasının ön cəbhəsində yer alır. Dövlət başçısının xüsusi diqqəti və tapşırıqları ilə burada genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmiş, yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları, sosial və iqtisadi obyektlər tikilməkdədir. Yeni Füzuli şəhəri “ağıllı şəhər” konsepsiyası əsasında qurulur və bu istiqamətdə uğurlu addımlar atılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxstan xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılmıçdır. Hər iki qardaş ölkəyə aid təhsil və mədəniyyət mərkəzinin Azərbaycanda inşası bu xalqlar arasında mövcud olan möhkəm dostluğun rəmzidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycan xalqı Füzuliyə böyük ruh yüksəkliyi ilə qayıdır." Artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı başlayıb. Bu, təkcə fiziki qayıdış deyil, həm də milli kimliyə, tarixi yaddaşa, mədəni irsə qayıdışdır.

Beləliklə, 17 oktyabr – Füzuli şəhərinin işğaldan azad edildiyi gün Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaqdır. Bu gün həm də şəhidlərimizin xatirəsinə ehtiramın, ordumuzun qəhrəmanlığına minnətdarlığın, dövlətimizin gücünə və xalqımızın birliyinə inamın təcəssüm etdiyi tarixi bir gündür.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva