Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin sentyabr ayının 27- də Ermənistan hərbçilərinin təxribatına cavab olaraq bütün cəbhə boy u əks - hücuma keçdi. Beləliklə, İkinci Qarabağ müharibəsi başladı. Nəticədə 44 günlük Vətən müharibəsi Azərbaycanın öz tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməsi ilə nəticələndi. Cəbrayıl və Füzuli rayonları işğaldan azad edildikdən sonra Zəngilan rayonunun da işğaldan azad olunması cəbhədə hərbi üstünlüyümüzü daha da cücləndirdi. Xüsusilə Cəbrayıl rayonu istiqamətindəki döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Zəngilanın inzibati sərhədlərinə çatmağa nail oldu. Hərbi əməliyyatlar zamanı bölgənin 49 kəndi və 4 qəsəbəsi erməni işğalından xilas edilmişdir. Beləliklə oktyabrın 20- i Zəngilan şəhərinin və onun ətrafındakı bir sıra kəndlərin düşmən işğalından azad olunduğu gün kimi hərb tariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. Biz 27 il boyunca olduğu kimi 29 oktyabrı Zəngilanın işğal olunduğu gün kimi hüznlə yad etmək əvəzinə, artıq 5-ci ildir ki , 20 oktyabrı Zəngilanan Qurtuluş Günü kimi böyük qürurla qeyd edirik. 2020-ci ildə Zəngilan işğaldan azad edildikdən sonra Azərbaycanın qonşu İranla olan 132 kilometrlik sərhəddi düşmən nəzarətindən azad olunaraq bərpa edildi.
Rayonun işğaldan azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirildi. Zəngilanın Ağalı kəndində 200 evdən ibarət ilk «ağıllı kənd» pilot layihəsi icra edildi. Kənddə məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” kimi mərkəzlər, sahibkarlığa dəstək xidmətləri mövcuddur. 2022- ci ilin may ayından etibarən Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıb. Zəngilanda müasir kəndlərdən biri olan Ağalı kənd layihəsi Qarabağın “yaşıl enerji” zonasına daxil edilib. Bu kəndlər ən müasir texnologiyalarla təchiz olunur, burada dayanıqlı enerjidən istifadə edilir və ekoloji cəhətdən təmiz yaşayış şəraiti yaradılır.
Hal- hazırda Zəngilanda müxtəlif istiqamətlərdə aktiv inşaat və hərtərəfli inkişaf layihələri həyata keçirilir. Artıq şəhərin baş planı təsdiq edilib və yaxın illərdə Zəngilanın tam bərpası nəzərdə tutulur. Şəhər mərkəzi ilə yanaşı, ətraf kəndlərin də infrastrukturu yenidən qurulacaq və əhali öz doğma yurdlarına geri qayıdacaq.
Zəngilan-Şərqi Zəngəzur-Ağbənd dəmir yolu layihəsi regionda həyata keçirilən loqistik bərpa işlərinin ən əhəmiyyətli istiqamətlərindəndir. Bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsinə birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Zəngilan-Horadiz dəmir yolu xəttinin tikintisi ilə bu bölgənin həm ölkə daxilində, həm də xaricdə ticarət və yük daşınması üçün əsas marşrutlardan biri olacağı gözlənilir.
Rayon eyni zamanda, əsas nəqliyyat qovşağına çevrilir. Burada yerləşən Zəngilan Beynəlxalq Hava Limanı bölgənin logistika mərkəzinə çevrilməsi üçün vacib bir amildir. Hava limanı həm yerli, həm də xarici yük və sərnişin daşınması üçün mühüm baza rolunu oynayacaq.
“Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun işğaldan azad edilmiş Ağalı kəndi, yenidən qurularaq, 175 ailənin köçürülməsi ilə bölgədə məskunlaşma prosesi həyata keçirilmişdir. Bu ailələr yeni yaşayış yerlərində peşə ixtisaslarına və bacarıqlarına uyğun olaraq məşğulluq imkanları ilə təmin olunacaqlar. Onlar dövlət orqanlarında, ictimai iaşə obyektlərində, tikinti və tikiş fabriklərində işlə təmin ediləcəklər. Bu, həm iqtisadi, həm də sosial cəhətdən bölgənin dirçəlməsinə və əhalinin rifahının yüksəlməsinə təkan verəcək.
Ağalı kəndində köçürülmüş əhalinin həyat şəraitinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür infrastruktur yaradılmışdır. Bu çərçivədə dövlət xidmətləri mərkəzi, məktəblər, uşaq bağçaları, banklar, poçt xidmətləri və ictimai iaşə obyektləri fəaliyyət göstərir. Bu, əhalinin bölgəyə geri qayıdışını stimullaşdırmaq və onların burada rahat yaşamalarını təmin etmək məqsədini güdür. Bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı inkişaf strategiyasının tərkib hissəsidir və bu ərazilərin iqtisadi, mədəni və sosial dirçəlişini təmin edir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri