17 oktyabr Füzuli şəhəri günü
Hər il oktyabrın 17-si dövlət başçısı prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən Füzuli şəhəri günü kimi qeyd edilir.
Füzuli şəhəri Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Bu şəhər Füzuli rayonunun mərkəzidir və Qarabağ bölgəsinə daxildir. Füzuli həm tarixi, həm də müasir dövrdə böyük əhəmiyyətə malikdir. 1403-cü ildən 1905-ci ilədək Füzuli şəhərinin adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var. Qarabulaq kəndi el arasında "Malaqan bazarı" kimi də adlanmışdır. Sonralar çar polkovniki Karyaginin şərəfinə Karyagin adlandırılmışdır. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları,habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfər olmuşdur. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub türbəsi (1273-cü il) Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) vardır.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Şəhərin bütün binaları dağıdılmış və əhalisi məcburən köçkün düşmüsdü. Ulu Öndər Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.
2020-ci il 27 sentyabrdan -10 noyabradək davam etmiş 44 günlük Vətən müharibəsi nəticəsində oktyabrın 16-dan 17-nə keçən gecə Füzuli şəhəri uğrunda şiddətli döyüş başlayır ,nəticədə Füzuli şəhəri və onunla yanaşı Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri, ümumilikdə 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir . Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldı.
Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Füzuli şəhərinə və bütün işğaldan azad olunmuş şəhər ,kənd və rayolarda işğaldan sonra geniş bərpa və tikinti işləri aparılır. Yollar, məktəblər, xəstəxanalar, evlər və bərpa işləri aparılır.Füzulidə irimiqyaslı infrastruktur layihələri icra olunur. Səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı 2021-ci il oktyabrın 26-da olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.Özbəkistan prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb inşa olunub. Qazaxıstan prezidentinin təşəbbüsü Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılmışdır.
Yusif Rüstəmov
287 saylı Zəkalar liseyinin tarix müəllimi