Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşləq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır.
Hər iki xalq eyni coğrafi və mənəvi məkandan, İpək yolunun qovşağından çıxıb. Nizami ilə Nəvai, Mirzə Uluqbəy ilə Şah İsmayıl bu ortaq məkanın fərqli böyükləridir. Özbəkistanın Qarabağ bölgəsinin bərpasına, xüsusilə Füzulidə məktəb tikintisi və sosial layihələrə ayırdığı maliyyə və texniki dəstək tarixin yaddaşına köçən işdir. Burada humanitar jest əslində siyasi və mənəvi mesaj idi. Bu, həm də Ermənistan işğalına qarşı Azərbaycanla eyni tərəfdə dayandığını nümayiş etdirmək idi. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023 il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatı) VIII Zirvə Görüşündə çıxışı zamanı Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında növbəti həmrəylik, qardaşlıq addımı olduğunu bildirib. İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir.
Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar.
Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. 2024-cü ildə Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, Azərbaycan-Özbəkistan münasibətlərində dönüş nöqtəsi oldu. Bu sənəd təkcə diplomatik əməkdaşlıq çərçivəsi sayıla bilməz. Bu sənəd qardaş ölkələr arasında strateji müttəfiqliyin hüquqi əsasını yaratdı.Müqavilədə siyasi, iqtisadi, humanitar, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq prinsipləri əksini tapdı. Əsas mesaj aydındır: “Biz artıq tərəfdaş yox, qardaş və müttəfiqik”. 2025-ci ilin iyulunda Özbəkistan liderinin Füzuli Beynəlxalq Hava Limanına enməsi və Xankəndidə toplantıya qatılması regionda maraqları olan güclərə açıq mesajdır.
Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək. Bu barədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib. "Füzulidə tikiləcək məscid İslam aləmində qardaşlığın rəmzidir "Bu sözləri Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov deyib. Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasındakı münasibətlər dövlətlərarası əlaqələri aşan şəxsi hörmət və dostluq modelidir.
Bu liderlərin sinerjisi yeni bir “Azərbaycan-Türkiyə modelini” Özbəkistanla da formalaşdırır. Bu modelin dayaqları ortaq tarix, liderlərin uzaqgörənliyi və xalqların biri-birinə duyduğu doğmalıqdır.
Lalə Salahova,
264 nömrəli məktəb-liseyin tarix müəllimi