17 oktyabr 2025 13:14
124

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

“İki sahil” xəbər verir ki,  İşçi Qrupundan verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6 min 516 cinayət faktı aşkarlanıb. Onlardan 2 min 52-si narkotik vasitələrin qanunsuz satışı, 4 min 278-i narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 184-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 696 kiloqram 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 902 kiloqram 792,816 qramını marixuana, 273 kiloqram 855,347 qramını heroin, 141 kiloqram 301,479 qramını tiryək, 68 kiloqram 378,638 qramını həşiş, 181 kiloqram 045,961 qramını digər narkotik vasitələr və 128 kiloqram 507,561 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 7 min 527 ədəd metadon, 18 min 918 ədəd çətənə bitkisi, 600 qram xaş-xaş kolu, eləcə də 598,692 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201 hektar sahədən yaş kütləsi 304 ton 579 kiloqram olan 2 milyon 599 min 973 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 696 kiloqram 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 170 milyon 290 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 min 253 nəfər cəlb edilib onlardan 4 min 127-si kişi, 126-sı qadın olub.

Məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə 936 kiloqram 421,475 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qram çətənə bitkisi götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 193 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 768 kiloqram 922,273 qram və 7 min 527 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb və 5,7 qram güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 219-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 965 kiloqram 337,674 qram narkotik vasitə, psixotrop maddə və 33 qram güclü təsir edən maddə müsadirə edilib.

2 min 61 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 641 kiloqram 588,011 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1152, qanunsuz satış ilə bağlı faktların sayı 350, satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 762, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 37, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 3, qaçaqmalçılıqla bağlı faktların sayı 1, qrup halında olan cinayətlərin sayı 30 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1528 nəfər azalıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 215 kiloqram 216,721 qram artıb.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 231 kiloqram 939,112 qram, tiryəkin çəkisi 5 kiloqram 269,660 qram, psixotrop maddələrin çəkisi 46 kiloqram 062,226 qram azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 902 kiloqram 792,816 qramını (88,2 faiz) marixuana təşkil edib. Onun da 5 ton 178 kiloqram 484,816 qramı (87,2 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 724 kiloqram 308 qramı (12,3 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyanı sahələrdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29-30 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya tərəfindən ümumilikdə 2 min 358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kiloqram 801,942 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8 min 644 ədəd çətənə bitkisi məhv edilib.

Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 50 rayon və şəhərdə 1852 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 44 kiloqram 437,163 qram və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 315 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 72 min 291 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4 min 180 nəfərdən 2 min 303 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 287, QİÇS-lə Mübarizə Mərkəzində 314, Sumqayıt Narkoloji Mərkəzində 129 nəfər) 730 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin sentyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 46 (4,8 faiz) nəfəri inyekson narkotik istifadəçiləri olub.

“802” qaynar xətt telefon zəng xidmətinə 909 vətəndaş müraciəti daxil olub ki, onların 104-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 54-ü narkotik asılılıqdan müalicə, 751-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 158 məktub ünvanlanıb.

Qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.