Seneqalda Prezident Basiru Diomei Faye (Bassirou Diomaye Faye) ölkənin müstəqil tarixinin yazılması istiqamətində mühüm addım atıb.
“İki sahil” xəbər verir ki, Dakar Prezident Sarayında keçirilən rəsmi mərasimdə “Thiaroye” qətliamı ilə bağlı hazırlanmış “Ağ Kitab” Prezidentə təqdim olunub. Kitab Seneqallı tarixçilərdən ibarət komitənin bir ildən artıq araşdırmaları və arxiv materiallarının toplanması əsasında hazırlanıb.
“Ağ Kitab”ı təqdim edən Mamadu Diuf bildirib ki, bu sənəd Seneqalın öz tarixini yazması üçün 18 aylıq axtarış və arxiv araşdırmalarının məhsuludur. “Bu gizlədilmiş tarixi üzə çıxarmaq bir neçə məqsədə xidmət edir: susqunluğu pozmaq, qətliamı anmaq, faktları dəqiqliklə müəyyənləşdirmək, öz hekayələrimizi yazmaq və paylaşmaq”, – deyə o qeyd edib.
Prezident Faye bu təşəbbüsün tarixi həqiqətin bərpasında həlledici mərhələ olduğunu bildirib. O, həmçinin “Thiaroye” ərazisində və ehtimal olunan digər kütləvi məzarlıqlarda arxeoloji qazıntıların davam etdirilməsi barədə qərar verdiyini açıqlayıb. “Tarixi həqiqət fərziyyələrlə elan olunmur. O, qazıntıdan-qazıntıya, daşdan-daşa aşkar edilir”, – deyə Prezident Faye vurğulayıb.
1944-cü il dekabrın 1-də baş vermiş “Thiaroye” qətliamında Fransa ordusu tərəfindən öz döyüş maaşlarını tələb edən afrikalı əsgərlər güllələnmişdi. Hadisədən 80 ildən çox vaxt keçsə də, öldürülənlərin dəqiq sayı və basdırıldıqları yer hələ də mübahisəlidir.
Fransa rəsmən 35 nəfərin öldüyünü etiraf etsə də, bəzi tarixçilər 400-dək afrikalı əsgərin qətlə yetirildiyini iddia edirlər. 2025-ci ilin may ayında “Thiaroye” qəbiristanlığında qazıntılara başlanılıb, lakin indiyədək nəticələr açıqlanmayıb.
Mərasimdə çıxışı zamanı Prezident Faye Fransanın tarixi arxivləri təqdim etməkdə qeyri-kafi davranışını da tənqid edib. “Fransada arxivlərin təqdim olunması gözləntilərimizə uyğun olmayıb”, – deyə dövlət başçısı bildirib.
Bu addım, Seneqalın post-kolonial tarixi ilə açıq və obyektiv şəkildə üzləşmək istəyi fonunda atılır. Prezident Fayenin bu təşəbbüsü həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə əhəmiyyətli rezonans doğura bilər.