17 oktyabr 2025 23:15
157

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

Vandal düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində Xudafərin körpüləri, Şıxlar və Xubyarlı kəndlərindəki türbələr, “Divlər Sarayı” mağarası, Sultan Məcid hamamı, Qız qalası, Şərifan abidələri və digər zəngin mədəni irsi, tarixi abidələri ilə tanınan Zəngilan rayonunun sakinlərinin həyatı alt-üst edildi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçib, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Doğma yurdunu tərk edən minlərlə zəngilanlı bütün bu ağır sınaqlara baxmayaraq, doğma torpaqlara qayıdış arzusunu itirmədilər. Onlar gələcək qələbəyə inamla yaşadılar, övladlarını da bu amal ruhunda böyütdülər. Hər bir köçkün ailəsi üçün qayıdış ümidi milli kimliyə olan sadiqliyin, mədəni və tarixi yaddaşın qorunmasının təzahürü idi.

Zəngilan işğal olunan sonuncu rayon olsa da, 44 günlük Vətən müharibəsinin 23-cü günü - Cəbrayıl və Füzulidən sonra ilk azad edilən rayonlardandır. Azərbaycan xalqının yaddaşına əbədi yazılan 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri Müzəffər Azərbaycan Ordusunun əsgərlərinin qanları, canları bahasına düşməndən azad edildi. Zəngilanın azad olunması həm də 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədinin bərpası demək idi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Ordusu tərəfindən rayon mərkəzi ilə birlikdə 4 qəsəbə və 49 kənd işğaldan azad olundu.

O tarixi gündə Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti edərək, bildirib ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Əziz zəngilanlılar, şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunmasını təmin edib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Bu gün Zəngilan yenidən inşa olunur, kəndlər, qəsəbələr müasir görkəm alır. Azərbaycanda ilk olaraq Zəngilanın Ağalı kəndində 200 evdən ibarət "ağıllı kənd" konsepsiyası yerinə yetirilib. Burada "ağıllı dövlət" idarəçiliyi, "ağıllı infrastruktur" və xidmətlər, eyni zamanda "ağıllı təsərrüfat" və biznes mühiti yaradılıb, Sonra isə genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Bu gün Ağalıda məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri fəaliyyət göstərir.

Dünyanın ən müasir kəndlərindən biri olan Ağalı ağıllı kəndində zəruri iqtisadi və sosial infrastruktur yaradılıb. Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilmişdir. Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə ağıllı video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılmışdır. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilmiş və Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilib.

Qəhrəman Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində füsunkar təbiətli, təbii ehtiyatlarının zənginliyi ilə də fərqlənən Zəngilanın azad olunduğu gün tarixə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi kimi yazıldı.

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri