Qiymət statistikasının formalaşması və inkişafı iqtisadi idarəetmə sistemlərinin təkmilləşməsi, bazar münasibətlərinin dərinləşməsi və məlumatlara olan tələbatın artması ilə birbaşa əlaqəlidir. Qiymətlər iqtisadiyyatın bütün sahələrinə təsir edən mühüm göstəricilərdən biridir və onların dəqiq ölçülməsi makroiqtisadi qərarların əsasını təşkil edir. Bu səbəbdən qiymətlərin statistik müşahidəsi və təhlili ölkənin sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilmişdir.
Azərbaycanın müstəqillik dövründə qiymət statistikası sahəsinin formalaşması və inkişafı bir neçə mərhələdə həyata keçirilmişdir.
1991–1999-cu illər – bu mərhələdə qiymət statistikasının əsası qoyulmuş, sahənin hüquqi və metodoloji bazası formalaşdırılmış, həmçinin beynəlxalq statistika standartlarının tələblərinə uyğunlaşdırma istiqamətində mühüm addımlar atılmışdır.
2000–2014-cü illər – bu dövrdə qiymət müşahidələrinin əhatə dairəsi genişləndirilmiş, müxtəlif bazarlarda qiymət dəyişikliklərinin izlənməsi üçün yeni məlumat mənbələri və göstəricilər tətbiq olunmuşdur.
2015-ci ildən bu günədək – qiymət statistikası sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prioritet istiqamətə çevrilmişdir. Elektron məlumat toplanması, avtomatlaşdırılmış emal və analitik platformaların istifadəsi sahənin operativliyini və məlumatların keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır.
Qiymət statistikası üzrə rəsmi göstəricilərin formalaşdırılması istiqamətində atılan ilk mühüm addım dövlətin sosial və iqtisadi siyasətində geniş istifadə olunan istehlak qiymətləri indeksinin (İQİ) hesablanması olmuşdur. 1991-ci ildən etibarən aparılmağa başlayan bu hesablamalar qiymət statistikasının əsas komponentinə çevrilmişdir.
İstehlak qiymətləri indeksi, orta alıcılıq qabiliyyətinə malik istehlakçının aldığı mallar və istifadə etdiyi xidmətlərin ümumi dəyərində baş verən dəyişiklikləri xarakterizə etməklə, milli hesablar sisteminin mühüm göstəricilərinin müəyyənləşdirilməsində əsas rol oynayır. Bu göstərici ümumi daxili məhsulun (ÜDM) son istehlak hissəsinin sabit qiymətlərlə hesablanmasında, əhalinin real gəlirlərinin və digər iqtisadi parametrlərin təhlilində istifadə olunur.
Azərbaycan Respublikasında sənaye sektorunun, xüsusilə də emal sənayesinin inkişaf dinamikası qiymət statistikasında yeni metodoloji yanaşmaların tətbiqini zəruri etmişdir. Bu baxımdan istehlak qiymətləri indeksi ilə yanaşı, sənaye məhsullarının istehsalçı qiymətləri indekslərinin hesablanmasına başlanılması mühüm əhəmiyyət kəsb etmişdir. Sözügedən göstəricinin tətbiqi sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların istehsalçı qiymətlərində baş verən dəyişikliklərin müəyyənləşdirilməsinə, qiymət hərəkətlərinin izlənilməsinə və istehsal xərclərinin dinamikasının təhlilinə imkan yaratmışdır.
Eyni zamanda, kənd təsərrüfatı sektorunun iqtisadi artımda rolu və ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti nəzərə alınaraq, 2003-cü ildən etibarən Dövlət Statistika Komitəsi tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indekslərinin hesablanması və təhlili həyata keçirilməyə başlanmışdır. Bu göstərici kənd təsərrüfatı məhsullarının qiymət səviyyəsi və dinamikasının ölçülməsi, qiymətlərin formalaşmasına təsir edən amillərin müəyyənləşdirilməsi, həmçinin dövlətin iqtisadi və sosial siyasətində qərar qəbuletmə proseslərinin elmi əsaslandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indekslərinin tətbiqi Azərbaycan Respublikasında qiymət statistikasının inkişafında yeni mərhələnin başlanğıcını təşkil etmiş, makroiqtisadi göstəricilərin keyfiyyətinin yüksəldilməsinə və iqtisadi siyasətin səmərəliliyinin artırılmasına şərait yaratmışdır.
Azərbaycanda həyata keçirilən kompleks iqtisadi islahatlar infrastrukturun müasirləşdirilməsinə, çoxşaxəli nəqliyyat və rabitə sisteminin inkişafına mühüm təkan vermişdir. Bu inkişafın nəticəsi olaraq, qiymət statistikası sahəsində müvafiq göstəricilərin hesablanmasına 2004-cü ildən etibarən başlanılmışdır. Həmin ildən etibarən nəqliyyat tarifləri indeksinin, 2008-ci ildən isə poçt və rabitə tarifləri, 2021-di ildən isə anbar təsərrüfatı, yardımçı nəqliyyat, reklam və proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət xidmətlərinin indekslərinin hesablanması təmin edilmişdir. Bu göstəricilər ölkə iqtisadiyyatında nəqliyyat və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən təqdim edilən xidmətlərin, xüsusilə də neft, qaz və strateji əhəmiyyətə malik digər yüklərin, həmçinin sərnişin daşımalarının və rabitə xidmətlərinin qiymət dinamikasının mütəmadi müşahidə və təhlil edilməsinə imkan yaratmışdır.
Bununla yanaşı, 2005-ci ildən etibarən yaşayış evləri, sosial və istehsal təyinatlı bina və obyektlərin, yolların və körpülərin tikintisi üzrə qiymət göstəricilərinin hesablanmasına başlanılmışdır. 2008-ci ildən gömrük məlumatları əsasında idxal və ixrac olunan məhsulların qiymətləri üzrə statistik göstəricilərin, 2010-cu ildən isə ilkin və təkrar mənzil bazarının qiymət indekslərinin hazırlanması həyata keçirilmişdir. Nəticə etibarilə, qiymət statistikası göstəriciləri Azərbaycan iqtisadiyyatının əsas sahələrini əhatə etməklə onun struktur və dinamik inkişaf meyillərinin qiymətləndirilməsi üçün mühüm informasiya bazası formalaşdırmışdır.
2000-ci illərin ortalarından etibarən Azərbaycanda inflyasiyanın ölçülməsində əsas rəsmi alət kimi qəbul edilən istehlak qiymətləri indeksinin metodoloji və məzmun baxımından təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu məqsədlə 2005-ci ilin ikinci yarısından başlayaraq regional İQİ-nin hesablanmasına başlanılmış, beləliklə, göstəricinin həm coğrafi əhatə dairəsi, həm də məhsul və xidmət müxtəlifliyi genişləndirilmişdir.
Həm respublika, həm də regional səviyyədə İQİ-nin hesablanması zamanı yerli istehlak xüsusiyyətlərini daha dəqiq əks etdirmək məqsədilə “Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı (COICOP)” sistemindən istifadə edilmişdir. Bu keçid nəticəsində qiymət müşahidələri aparılan təmsilçi məhsul və xidmətlər dəstinin – yəni istehlak səbətinin tərkibi 380 adda mal və xidmətdən 566-ya qədər artırılmışdır.
İstehlak səbətində aparılan dəyişikliklər bir tərəfdən əhalinin maddi rifah səviyyəsinin yüksəlməsi nəticəsində istehlak edilən malların və xidmətlərin çeşidinin artması, digər tərəfdən isə iqtisadiyyatın, elmin və texnologiyanın inkişafı ilə istehlak xərclərinin strukturunda baş verən dəyişikliklərlə bağlı olmuşdur. Bu amilləri nəzərə alaraq, istehlak qiymətləri indeksinin dəqiqliyinin təmin edilməsi və müasir iqtisadi şəraitə uyğunlaşdırılması məqsədilə istehlak səbətinin tərkibi hər il yenidən nəzərdən keçirilmişdir.
Hazırda qiymət statistikasının əhatə etdiyi sahələr üzrə strukturu aşağıdakı kimidir:
Şəkil 1: Qiymət statistikasının əhatə etdiyi sahələr üzrə strukturu
İstehlak qiymətləri indeksi hazırda BMT, BƏT, BVF, İƏİT və Dünya Bankının qəbul etdiyi “İstehlak qiymət indekslərinin hesablanmasına dair təlimat – nəzəriyyə və təcrübə” (Consumer Price Index Manual: Theory and Practice, 2004) sənədində göstərilən prinsiplər əsasında formalaşdırılmış metodologiyaya uyğun hesablanır.
Hesablamalar prosesində istifadə olunan məlumatlar iki əsas mənbədən əldə olunur, emal edilir və analitik təhlil nəticəsində indeksin formalaşdırılmasında əsas baza rolunu oynayır. Qiymət və tariflərin dəyişməsi üzrə aparılan statistik müşahidələr əvvəlcədən müəyyən edilmiş qrafik əsasında, qeydiyyat günləri arasında vaxt intervalları nəzərə alınmaqla həyata keçirilir. Bu, məlumatların müqayisəliliyini və hesabat dövrləri üzrə dəyişikliklərin ardıcıl izlənməsini təmin edir.
Ərzaq məhsulları üzrə qiymətlərin qeydiyyatı ay ərzində üç dəfə – hər ongünlükdə aparılır ki, bu da bazardakı dinamik qiymət dəyişikliklərini daha operativ şəkildə əks etdirməyə imkan verir. Qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə müşahidələr isə ayda bir dəfə, sonuncu ongünlükdə həyata keçirilir. Bu yanaşma həmin məhsul və xidmətlərin qiymət sabitliyini nəzərə alaraq, ümumi indeksin hesablanmasında balanslı və etibarlı nəticələrin əldə edilməsinə şərait yaradır.
Son illərdə məhsul və xidmətlərin qiymət qeydiyyatının təşkili sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Əgər 2015-ci ilə qədər qiymət və ölçü vahidlərinin qeydiyyatı kağız daşıyıcılarda aparılırdısa, həmin ildən etibarən bu proses tam rəqəmsallaşdırılmış formada həyata keçirilir. Qiymət qeydiyyatı ilə məşğul olan mütəxəssislər planşet tipli kompüterlər və fasiləsiz internet bağlantısı ilə təmin edilmiş, nəticədə müşahidələr real vaxt rejimində aparılmağa başlanmışdır. Toplanmış məlumatlar birbaşa Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına ötürülür, xüsusi proqram təminatları vasitəsilə məlumatların qəbulu zamanı yarana biləcək xətalar avtomatik aşkarlanır və dərhal aradan qaldırılır.
Hazırda qiymətlərin dəyişməsi üzrə aparılan statistik müşahidələrin əsasını təşkil edən istehlak səbəti 566 adda məhsul və xidmət növünü əhatə edir. Bu səbətə 167 adda ərzaq məhsulu, 290 adda qeyri-ərzaq məhsulu və 109 adda əhaliyə göstərilən ödənişli xidmət daxildir :
Şəkil 2: İstehlak səbətinin tərkibi
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013–2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” statistika sisteminin modernləşməsində mühüm mərhələ olmuşdur. Proqramın icrası nəticəsində statistika orqanlarının informasiya kommunikasiya texnologiyaları infrastrukturu yenilənmiş, müasir proqram təminatları, məlumat bazalarının idarəetmə sistemləri və analitik platformalar tətbiq edilmişdir. Bu islahatlar rəsmi statistikanın, xüsusilə də qiymət statistikasının inkişafına əhəmiyyətli töhfə vermişdir.
Proqram çərçivəsində qiymət statistikası sahəsində ilkin məlumatların toplanmasının avtomatlaşdırılması məqsədilə iri ticarət şəbəkələrindən qiymət məlumatlarının elektron formada əldə edilməsini nəzərdə tutan tədbirlər planı hazırlanmışdır. Avropa ölkələrinin təcrübəsi öyrənilərək 2017-ci ildə metodoloji vəsait hazırlanmış, texniki baza formalaşdırılmış və bazarda üstün paya malik ticarət şəbəkələri ilə müqavilələr imzalanmışdır.
2018-ci ilin fevral ayından etibarən elektron formada olan pərakəndə satış qiymətləri ongünlük intervalla əldə edilməyə başlanmış, 2019-cu ilin yanvarından isə bu məlumatlar əsasında istehlak qiymətləri indeksinin hesablanmasına start verilmişdir. Beləliklə, ənənəvi müşahidə üsulları ilə yanaşı, elektron məlumat bazalarına əsaslanan yeni metodologiya tətbiq edilmiş və 2019–2020-ci illərdə bu yanaşmanın əhatə dairəsi daha da genişləndirilmişdir
Ticarət şəbəkələrindən elektron formada qiymət məlumatlarının əldə edilməsi ilkin məlumatların toplanması prosesində insan resurslarına olan ehtiyacı azaltdığı, insan amilindən qaynaqlanan mümkün xətaları aradan qaldırdığı və müşahidəyə cəlb olunan məhsul çeşidlərinin sayını əhəmiyyətli dərəcədə artırdığı üçün istehlak qiymətləri üzrə daha dəqiq və keyfiyyətli statistik göstəricilərin formalaşmasına şərait yaratmışdır.
Azərbaycanda istehsalçı qiymət indeksləri BMT, BVF, BƏT, İƏİT və Dünya Bankı tərəfindən qəbul edilən “İstehsalçı qiymət indekslərinin hesablanması üzrə təlimat – nəzəriyyə və təcrübə” sənədinin prinsiplərinə əsaslanaraq formalaşdırılır. Hesablamalarda “Məhsul növləri”, “İqtisadi fəaliyyət növləri”, “Sənaye məhsullarının statistik təsnifatı” və “Nəqliyyat statistikası üçün yük təsnifatı” kimi beynəlxalq təsnifat sistemlərinin milli uyğunlaşdırılmış versiyalarından istifadə olunur. Bu metodoloji yanaşma sənaye və kənd təsərrüfatı məhsulları ilə yanaşı, nəqliyyat, poçt, rabitə və tikinti-quraşdırma xidmətləri üzrə istehsalçı qiymət indekslərinin də dəqiq və müqayisə oluna bilən şəkildə hesablanmasına şərait yaradır.
Sənaye məhsullarının istehsalçı qiymət indeksi sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların qiymətlərində baş verən dəyişiklikləri əks etdirən əsas göstəricidir. Bu indeks, yerli müəssisələr tərəfindən real vaxt rejimində təqdim edilən məhsul qiymətləri və istehsal həcmlərinə dair məlumatlar əsasında hesablanır. Göstərici mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı və tullantıların emalı sahələrini əhatə edir [7].
Kənd təsərrüfatı müəssisələri və ev təsərrüfatları tərəfindən satılmış məhsulların qiymətlərinin dəyişməsini əks etdirən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indekslərinin hesablanması üçün qiymət və həcm barədə ilkin məlumatların toplanması ayda bir dəfə həm müəssisələr tərəfindən real-vaxt rejimində təqdim edilməklə, həm də yerli statistika orqanlarının müvafiq mütəxəssisləri tərəfindən ev təsərrüfatlarına yerində sorğu edilməklə real-vaxt rejimində planşet tipli kompüterlər vasitəsilə qeydiyyatı aparılmaqla həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksləri bitkiçilik, diri heyvanlar və heyvandarlıq, meşəçilik və balıqçılıq sahələrini əhatə edir [3].
Nəqliyyat, poçt və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin qiymətlərinin dinamikasını müəyyənləşdirən nəqliyyat, poçt və rabitə xidmətlərinin istehsalçı qiymət indeksləri nəqliyyatda yükdaşıma (dəmir yolu, dəniz, boru kəməri, hava, avtomobil nəqliyyatı ilə) və sərnişindaşıma (dəmir yolu, avtomobil, hava, dəniz nəqliyyatı ilə), anbar təsərrüfatı, yardımçı nəqliyyat, reklam, rabitə, proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət, poçt və kuryer xidmətləri sahələrini əhatə edir. Nəqliyyat, poçt və rabitə xidmətlərinin istehsalçı qiymət indekslərinin hesablanması bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən real-vaxt rejimində ayda bir dəfə təqdim edilən göstərilmiş xidmətlərin qiymət və həcmləri barədə məlumatlar əsasında həyata keçirilir.
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri yerüstü tikililər (yaşayış evləri, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektərin tikintisi üzrə), yol və körpü tikintisi üzrə tikinti-quraşdırma işlərinin qiymətlərinin dəyişməsini əks etdirən nisbi göstəricidir. Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indekslərinin hesablanması sözügedən sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən real vaxt rejimində təqdim edilən tikinti-quraşdırma işlərinin qiymətləri haqqında məlumatlar əsasında həyata keçirilir [6].
Qiymət statistikasının göstəricilərindən biri olan idxal və ixrac olunan əmtəələrin qiymət indeksləri xarici ticarət sektorunun fəaliyyətini xarakterizə edən əsas statistik göstəticilərdən biri olub idxal (ixrac) olunan əmtəələrin qiymətlərinin dəyişməsini göstərir. Bu indeks Azərbaycan Respublikasının rezidentləri ilə digər ölkələrin rezidentləri arasındakı əmtəə mübadiləsinin qiymətlərinə əsaslanır. İndeksin hesablanmasında «Malların Təsviri və Kodlaşdırılmasının Həmahəng Sistemi» (HS) (Harmonized Commodity Description and Coding System (HS) təsnifatından istifadə edilir. İdxal və ixrac olunan məhsulların qiymət indekslərinin hesablanması üçün əsas məlumat mənbəyi hüquqi və fiziki şəxslərin tərtib etdikləri xarici ticarət əməliyyatlarının miqdar və dəyərinin həcmini göstərən Gömrük yük bəyannaməsidir (GYB). İlkin məlumatlar Dövlət Gömrük Komitəsindən elektron formada əldə edilir.
Şəkil 3: İdxal və ixrac olunan məhsulların qiymət indekslərinin məlumat mənbələri
Qiymət statistikası sahəsində hesablanan göstəricilərdən biri olan mənzil bazarında qiymət indeksləri mülkiyyət formasından asılı olmayaraq ilkin və təkrar mənzil bazarında fəaliyyət göstərən mənzil tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri və ev alqı - satqısı ilə məşğul olan müəssisələr tərəfindən təqdim edilən məlumatlar əsasında hesablanır. Bu indeksdən ilkin və təkrar mənzil bazarında ayrı-ayrı mənzil növlərinin qiymətlərinin dəyişilməsinin öyrənilməsində, mənzil bazarında baş verən proseslərin təhlilində istifadə edilir.
Qiymət indekslərinə dair məlumatlar ekspres bülletenlər, press-relizlər, “Azərbaycanda qiymətlər” statistik məcmuəsi, “Sosial-iqtisadi inkişaf” aylıq təhlil məruzəsində Qiymət statistikası bölməsi, eləcə də “Azərbaycan rəqəmlərdə” və “Azərbaycanın statistik göstəriciləri” kimi illik nəşrlərin “Qiymət indeksləri” bölməsində mütəmadi olaraq yayımlanır. Bütün bu nəşrlər eyni zamanda Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində (www.stat.gov.az) elektron formatda ictimai istifadəyə açıqdır.
Qiymət indeksləri bazar iqtisadiyyatı şəraitində inflyasiya proseslərinin qiymətləndirilməsi və əhalinin həyat səviyyəsinin təhlilində əsas rol oynayır. Bu sahə qiymətlərin formalaşması və dəyişmə meyillərinin elmi-statistik əsaslarla araşdırılmasına, həmçinin dövlət siyasətinin planlaşdırılmasında etibarlı məlumat bazasının yaradılmasına imkan verir.
Azərbaycanda qiymət statistikası son illərdə əhəmiyyətli inkişaf mərhələsi keçmiş, beynəlxalq standartlara uyğunlaşdırılmış metodologiyalar tətbiq edilmiş, rəqəmsallaşma və elektron məlumat mübadiləsi mexanizmləri sayəsində məlumatların dəqiqliyi və operativliyi artırılmışdır. Nəticə olaraq, qiymət statistikası sahəsində aparılan islahatlar ölkədə iqtisadi proseslərin daha dolğun və şəffaf qiymətləndirilməsinə şərait yaratmışdır. Gələcəkdə bu istiqamətdə əsas məqsəd — məlumatların elektron mənbələrdən toplanması imkanlarının genişləndirilməsi, yeni texnoloji həllərin tətbiqi və göstəricilər sisteminin təkmilləşdirilməsi yolu ilə statistik məlumatların keyfiyyətinin daha da yüksəldilməsidir.
Nigar Səfərli,
Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin aparıcı məsləhətçisi