Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“İki sahil” xəbər verir ki, Yerlan Koşanov Ramil Həsəni TÜRKPA Baş katibi vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Məclis Sədri Qazaxıstanın Türk dövlətləri arasında həmrəyliyin və daha dərin əməkdaşlığın təşviqinə sadiqliyini vurğulayaraq, parlamentlərin Türk dünyasının birliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.
TÜRKPA-nın fəaliyyətdə olan sədri qismində Yerlan Koşanov Assambleyanın gələcək fəaliyyəti üçün bir sıra istiqamətləri diqqətə çatdırıb.
Baş katib Ramil Həsən TÜRKPA-nın fəaliyyət gündəminin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflərini bölüşüb.
O, Asambleyanın fəaliyyətinin sürətləndirilməsi məqsədilə Türk dövlətləri parlamentlərinin sədrlərinin hər il keçiriləcək qeyri-rəsmi görüşlərinin təşkilini, Qazaxıstanın sədrliyi dövründə bu ölkədə səhiyyə, müdafiə və xarici əlaqələr məsələləri ilə məşğul olan komitələrin iclaslarının keçirilməsini, üzv dövlətlərin Xarici İşlər Nazirlikləri və parlamentləri arasında yeni əməkdaşlıq mexanizminin yaradılmasını, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) ilə TÜRKPA arasında yeni əməkdaşlıq formatının formalaşdırılmasının vacibliyini qeyd edib.
O, həmçinin üzv ölkələrin ortaq maraqlarının müxtəlif parlamentlərarası platformalarda əlaqələndirilmiş şəkildə müdafiə olunmasının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı tərəflər bu il Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün nəticələri barədə də fikir mübadiləsi aparıblar.
Tərəflər qarşılıqlı əməkdaşlığın yeni mərhələsində konstruktiv fəaliyyəti davam etdirməyə hazır olduqlarını bir daha təsdiq ediblər.