18 oktyabr 2025 20:36
106

Tramp: "Şatdaun" respublikaçılara demokratların proqramlarını ləğv etmək imkanı verib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hökumətin fəaliyyətinin dayandırılması ("şatdaun") onun administrasiyasına Respublikaçıların razılaşmadığı Demokratların proqramlarını həmişəlik geri qaytarmaq imkanı verib.

“İki sahil” xəbər verir ki, bunu Amerika lideri "Fox Business" kanalına müsahibəsində deyib.

"Biz Demokratların istəmədiyimiz proqramlarını kəsirik. Onlar (Demokratlar – red.) səhv etdilər və anlamadılar ki, bu, mənə Respublikaçıların heç vaxt istəmədiyi proqramları kəsmək hüququ verir. Və biz bunu daimi olaraq kəsirik", - Tramp bildirib.

Bundan əvvəl ABŞ Prezidenti dəfələrlə xəbərdarlıq edib ki, "şatdaun" federal işçilərin ixtisarına və Demokratlar Partiyasının "sevimli layihələrinin" ləğvinə səbəb ola bilər.

ABŞ federal hökuməti 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə saat 08:00-da) maliyyələşdirmənin olmaması ilə əlaqədar qismən fəaliyyətini dayandırıb. Bu, ABŞ Konqresində hakim Respublikaçılar və müxalifətçi Demokratlar Partiyasının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, bir sıra xərc maddələri barədə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar bir-birilərini şatdaunu təhrik etməkdə və onu siyasi məqsədlərlə uzatmaqda günahlandırırlar.