Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 9-cu iclası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasda çıxış edən nazir Fərid Qayıbov ötən il ərzində Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərlə iş və idman sahəsində həyata keçirilən əməkdaşlıq barədə ətraflı məlumat verib. Fərid Qayıbov Azərbaycan tərəfindən həyata keçirilmiş mühüm təşəbbüsləri – gənclərin iqlim fəaliyyətinə, idman diplomatiyasına və idman könüllülüyü hərəkatının inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.
Tədbir zamanı iştirakçılar TDT çərçivəsində gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib və ortaq layihələrin həyata keçirilməsi üçün yeni təşəbbüsləri dəstəkləyiblər.
Qeyd edək ki, əməkdaşlığın daha səmərəli təşkili məqsədilə TDT gənclər və idman nazirlərinin 9-cu iclasına hazırlıq üçün ekspertlər iclası da keçirilib. İclasda ölkəmizi Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova təmsil ediblər.