19 oktyabr 2025 14:45
178

Vüqar Rəhimzadə: Mehriban xanım Əliyevanın Vatikana səfəri ölkəmizin multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təsdiqidir

Azərbaycanın  tolerant, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Asiya ilə Avropanın qovuşağında yerləşən ölkəmiz müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Azərbaycanın iqtisadi, siyasi, beynəlxalq, humanitar mərkəz kimi tanınması da ölkəmizin bütün sahələrdə zəngin təcrübəyə malik olmasından  irəli gəlir. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban  xanım Əliyevanın  xarici ölkələrə səfərləri də dövlətimizin xarici siyasətinin  prioritetlərinə bir daha işıq salır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu günlərdə  Müqəddəs Taxt-Taca-Vatikana rəsmi səfəri ölkə və dünya mətbuatında geniş şərh edilir. Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun  mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına və möhkəmlənməsinə, tarixi mədəni irsin qorunmasına yönələn addımları, həyata keçirdiyi layihələr hər zaman beynəlxalq ictimaiyyətin diqqətindədir və təqdir edilir. Sözügedən səfər də özündə bütün bu məqamları ehtiva etdi. Hər bir səfər, eyni zamanda, Azərbaycanın tarixinin və mədəni irsinin, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycan zəngin tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri ilə seçilən ölkədir.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva səfər çərçivəsində ailə üzvləri ilə birlikdə  Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdi və həyata keçirilmiş bərpa işləri ilə tanış oldular. Qeyd etdiyimiz kimi, bu addımlar  Azərbaycanın mədəni irsin qorunması və dünya sivilizasiyasına hörmət prinsipinə əsaslanan humanitar fəaliyyətinin əsas tərkib hissələrindəndir,  müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinə, qarşılıqlı anlaşma və tolerantlıq ənənələrinin təşviqinə yönəlir. Mehriban xanım Əliyevanın  dəstəyi, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində katakombaların açılışı ilə  əməkdaşlığımızın yeni bir səhifəsi yazıldı.  Müqəddəs Taxt-Taca növbəti səfərindən böyük şərəf hissi duyduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana altıncı səfəri olduğunu diqqətə çatdırdı. Bu reallıq bir daha önə çəkildi ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkandır. Bu prinsiplər həm  dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım  Əliyeva Müqəddəs Taxt-Taca-Vatikana rəsmi səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdi.  Roma Papası XIV Leo ilə görüş zamanı Azərbaycan ilə Vatikan arasında son illərdə formalaşan yüksək səviyyəli münasibətlərin önəmi vurğulandı. Qeyd edildi ki, iki tərəf arasında əlaqələr humanitar və mədəni müstəvidə dinamik inkişaf mərhələsinə qədəm qoyub, qarşılıqlı etimad və hörmət prinsipləri üzərində qurulub.
Birinci vitse-prezident diqqəti  Heydər Əliyev Fondunun  son illərdə Vatikanla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bir sıra mühüm layihələrə yönəltdi.  Bu layihələr təkcə mədəni irsin bərpasını deyil, həm də elmi araşdırmaların, mədəni mübadilələrin və dini-mədəni dialoqun genişləndirilməsini əhatə edir. Heydər Əliyev Fondunun  Vatikanla birgə imzaladığı sazişlər əsasında bir çox bərpa və konservasiya layihələri uğurla başa çatdırılıb, bəzilərinin icrasına isə artıq başlanılıb. Bu fəaliyyət, Azərbaycanın dünya mədəni irsinin qorunması və dinlərarası harmoniya dəyərlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətinin tərkib hissəsidir. Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan  arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırdı.  Roma Papası bir neçə il əvvəl Mehriban xanım Əliyevanın  irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini,  Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Mehriban xanım Əliyevanın  Vatikanda keçirdiyi  görüşlər Azərbaycan-Vatikan münasibətlərinin dünəninin, bugününün və perspektivlərinin təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi, Vatikanın dövlət katibi kardinal Pietro Parolin, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini və digər rəsmilər ilə görüşlərdə   Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyi önə çəkildi. Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri Vatikan bağlarında ağacəkmə mərasimində də iştirak etdilər.  Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən, tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək. Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğuladı. Azərbaycanın vitse-prezidenti səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışında iştirak etdi.  Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə  çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Milli Məclisin  deputatı bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikana səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Azərbaycanın humanitar diplomatiyasının növbəti parlaq nümunəsi kimi dəyərləndirilir. Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikana səfəri barədə "X" hesabında etdiyi paylaşımında bu məqama toxunub. Prezidentin köməkçisi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini ifadə etməsinə diqqət çəkib. Bildirib ki, bu səfər Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir. Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir. Müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycan bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsidir. 

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, səfər  Azərbaycanın beynəlxalq aləmdə sülh, mədəniyyət və mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirdi.