Zəngəzur qəzasının işğalı Azərbaycanın XX əsr tarixində ən faciəli və eyni zamanda strateji baxımdan həlledici hadisələrdən biri olmuşdur.
Bu hadisə təkcə bir ərazinin işğalı deyil, həm də Azərbaycan xalqının tarixi torpaqlarının parçalanması, bölgənin etnik tərkibinin zorla dəyişdirilməsi və milli birliyin sarsıdılması ilə nəticələnmişdir.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalı nəticəsində bölgədə yeni inzibati bölgü yaradıldı. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Zəngəzur da daxil olmaqla bütün Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı. Zəngəzur qəzası Qarabağ vilayətinin tərkib hissəsi kimi formalaşdı. Əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil etsə də, Rusiya imperiyası burada erməniləri məskunlaşdırmağa başladı. Bu siyasət sonrakı etnik qarşıdurmaların əsasını qoydu.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bölgədə vəziyyət dəyişdi. Lakin erməni silahlı dəstələri Zəngəzurda Azərbaycan hakimiyyətini qəbul etmədi. General Andranikin rəhbərlik etdiyi erməni silahlı qüvvələri kəndləri yandırır, əhalini qətlə yetirir, dinc azərbaycanlıları öz yurdlarından didərgin salırdılar. 1918–1920-ci illərdə Zəngəzurda 100-dən çox azərbaycanlı kəndi dağıdıldı, minlərlə insan qətlə yetirildi və ya köçkün düşdü. Bu hadisələr həm də Ermənistan dövlətinin gələcək ərazisinin formalaşdırılmasına şərait yaratdı.
1920-ci ilin dekabrında Sovet Rusiyasının Qafqaza daxil olması ilə vəziyyət bir qədər dəyişdi. Lakin bolşevik rəhbərliyi “ermənilərlə dostluq siyasəti” yürüdərək Zəngəzuru Ermənistan SSR-in tərkibinə verdi. Bu qərar Azərbaycan üçün ağır geosiyasi nəticələr doğurdu. Zəngəzurun Ermənistana verilməsi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəni kəsdi və türk dünyasının coğrafi birliyini pozdu. Bu qərar bölgənin gələcəkdə davam edən münaqişələrinin əsas səbəblərindən birinə çevrildi.
Zəngəzurun işğalı yalnız ərazi itkisi deyildi. Bu, həm də bölgədəki qədim Azərbaycan mədəni irsinin məhv edilməsi demək idi. Qədim türbələr, məscidlər, qəbiristanlıqlar dağıdıldı, toponimlər dəyişdirildi. Ermənistan hökuməti burada “erməni mədəni irsi”ni süni şəkildə yaratmağa başladı. Tarixi sənədlər göstərir ki, Zəngəzurda XIX əsrin sonlarınadək əhalinin 70 faizdən çoxu azərbaycanlı idi. Lakin 1920-ci ildən sonra bu nisbət tamamilə dəyişdi.
Bu hadisələr nəticəsində Zəngəzur bölgəsi Azərbaycan tarixində faciəvi bir səhifə kimi qaldı. Lakin bu gün Azərbaycan dövləti və xalqı tarixi ədalətin bərpası üçün səylərini davam etdirir. Zəngəzur dəhlizinin açılması ideyası da məhz bu ədalətin bərpası istiqamətində mühüm bir addımdır. Bu dəhliz vasitəsilə Naxçıvanla Azərbaycanın quru əlaqəsinin bərpa olunması, həmçinin türk dünyasının birliyinin möhkəmlənməsi tarixi zərurətdir.
Zəngəzurun işğalı təkcə keçmişin acı xatirəsi deyil, həm də bu günümüzə və gələcəyimizə dərs olmalıdır. Azərbaycanın milli yaddaşında bu hadisə heç vaxt unudulmayacaq. Ərazi bütövlüyü uğrunda aparılan mübarizə, şəhidlərimizin qanı bahasına qazanılan qələbələr bu tarixi ədalətin bir gün tam bərpa olunacağına olan inamı daha da gücləndirir.
Nərmin İsgəndərli,
YAP Xətai rayon təşkilatının fəalı