21 oktyabr 2025 15:08
184

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr - Yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad

2025-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibə verib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr dərin tarixi və mədəni köklərə söykənir. Onun sözlərinə görə, iki xalq əsrlər boyu dostluq və qarşılıqlı hörmət ruhunda yaşamış, bu gün isə həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri qardaşlıq, etimad və səmimiyyət modeli kimi digər dövlətlər üçün də nümunə ola bilər.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Qazaxıstanı birləşdirən yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq mədəni və mənəvi dəyərlərdir. Türk dünyasının iki əsas üzvü kimi, hər iki ölkə regional inteqrasiya proseslərinə fəal töhfə verir. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının fəaliyyətini xüsusi vurğulayaraq bildirib ki, bu təşkilat üzv ölkələr arasında həmrəyliyin, iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin güclənməsi üçün mühüm platformadır.

İlham Əliyev bildirib ki, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin əsas məqsədi regionda sabitlik, rifah və dayanıqlı tərəfdaşlıq mühitinin təmin olunmasıdır.

Bu müsahibə həm regional sabitliyin, həm də Türk dövlətləri arasında birliyin möhkəmlənməsi baxımından əhəmiyyətli bir diplomatik hadisə oldu.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri