21 oktyabr 2025 13:10
83

Azərbaycan və Qazaxıstan arasında əlaqələr qədim tarixi, mədəni və mənəvi köklərə əsaslanır

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əlaqələr qədim tarixi, mədəni və mənəvi köklərə əsaslanır. Hər iki dövlət ortaq türk irsinin, dostluğun və qarşılıqlı etimadın möhkəm dayaqları üzərində yüksəlir. Müstəqillik illərindən etibarən iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri bu gün daha da dərinləşərək müttəfiqlik səviyyəsinə çatmışdır. Bu münasibətlərin inkişafında həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rolu mühüm əhəmiyyət kəsb edir.

Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan son illərdə sürətli sosial-iqtisadi inkişaf yolu keçməkdədir. Bu, dövlət idarəçiliyində səmərəliliyin artırılması, iqtisadiyyatın şaxələndirilməsi, sənaye və infrastruktur sahələrində modernləşmə siyasətinin ardıcıl həyata keçirilməsi ilə müşahidə olunur. Prezident İlham Əliyev bu uğurları yüksək qiymətləndirərək, Qazaxıstanın əldə etdiyi nailiyyətləri qardaş xalqın səylərinin və dövlət rəhbərliyinin düzgün siyasətinin nəticəsi kimi dəyərləndirmişdir.

Azərbaycan Prezidentinin sözlərinə görə: “Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir.” Bu fikirlər dövlətlərimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin nümunəsidir.

Eyni zamanda, qeyd edilməlidir ki, Prezident Tokayev də Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Son üç ildə onun Azərbaycana altı dəfə səfər etməsi, qarşılıqlı əməkdaşlığın intensivliyinin göstəricisidir. Bu səfərlər çərçivəsində imzalanan sənədlər, keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsinə təkan vermişdir.

Azərbaycan–Qazaxıstan dostluğunun ən bariz nümunələrindən biri işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstanın dəstəyi ilə tikilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzidir. Bu Mərkəz hazırda mühüm mədəni-maarif müəssisəsinə çevrilmiş, burada 100-ə yaxın uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil almaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev bu layihəni Qazaxıstan xalqının və Prezident Tokayevin qardaşlıq jesti kimi yüksək qiymətləndirmişdir.

Bu təşəbbüs təkcə mədəni sahədə əməkdaşlıq nümunəsi deyil, həm də xalqlar arasında mənəvi yaxınlığın, bir-birinə olan səmimi dostluğun göstəricisidir. Belə layihələr regionda sabitliyin, inteqrasiyanın və birgə inkişafın əsas dayaqlarından biridir.

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər qarşılıqlı hörmət, etimad və strateji maraqlar əsasında qurulmuşdur. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin fəal diplomatik səyləri nəticəsində bu münasibətlər təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar – Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar çərçivəsində də güclənməkdədir. Gələcəkdə bu əməkdaşlığın yeni bir səviyyəyə yüksələcəyi, iqtisadi, siyasi və mədəni sahələrdə daha geniş miqyas alacağı heç şübhə doğurmur. Bu isə həm xalqlarımızın rifahına, həm də regional sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

Ənvər Bayramov,
YAP Xətai rayon təşkilatının əməkdaşı