22 oktyabr 2025 00:46
141

İraqın “Uruk” qəzetində görkəmli alim Aida İmanquliyeva haqqında məqalə dərc edilib

İraqın Mədəniyyət, Turizm və Abidələr Nazirliyinin mətbu orqanı olan “Uruk” qəzetində görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında məqalə dərc edilib.

“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan şərqşünası Aida İmanquliyeva – Şərq və Qərb mədəniyyətləri arasında qarşılıqlı təsir haqqında araşdırmalar” adllı məqalənin müəllifi Mutəzz Muhy Əbdülhəmiddir.

Yazıda görkəmli alimin ərəb ədəbiyyatının, xüsusilə ərəb muhacirət (mehcər) ədəbiyyatının tədqiqində böyük xidmətləri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Aida İmanquliyeva əsərlərində yaradıcı üslubun inkişafını təhlil edib, yeni ədəbi cərəyanların yaranmasını araşdırıb.

Məqalədə diqqətə çatdırılıb ki, alimin tədqiqatları filologiya ilə yanaşı, başqa sosial elm sahələri ilə də bağlı olub. “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” adlı fundamental monoqrafiyaların və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıdıb.

Müəllif qeyd edib ki, alimin elm sahəsində yolunu onun qızları - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Nərgiz Paşayeva davam etdirərək Azərbaycanın mədəni və elmi irsinin inkişafına və qorunmasına töhfə verirlər.