22 oktyabr 2025 17:06
175

Makron Luvr muzeyində təhlükəsizliyin gücləndirilməsini tələb edib

Fransa Prezidenti Emmanuel Makron Parisdəki Luvr muzeyində qarətdən sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa hökumətinin nümayəndəsi Mod Brejon Nazirlər Şurasının iclasından sonra bildirib. Onun sözlərinə görə, Makron muzeyin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüldüyünü deyərək, bu tədbirlərin gücləndirilməsini tələb edib. Bununla bağlı təkliflər gələn həftə gözlənilir.

Brejon əlavə edib ki, "baş verənlərə işıq salmaq" üçün inzibati və məhkəmə araşdırmaları aparılır.

Xatırladaq ki, oktyabrın 19-da qarətçilər Luvr muzeyinə soxularaq fransız krallarına və imperatriçalarına məxsus tarixi zinət əşyalarını oğurlayıblar. Oğurluqdan dəymiş ziyan 88 milyon avro dəyərində qiymətləndirilir.

Prokurorluğun məlumatına görə, soyğunçuluq cəmi dörd dəqiqə ərzində dörd nəfərdən ibarət qrup tərəfindən həyata keçirilib. Onlardan ikisi Luvr muzeyinə soxulub. Fransanın daxili işlər naziri Loran Nunes bildirib ki, qarətçilər krana quraşdırılmış nərdivandan istifadə edərək pəncərə şüşəsini kəsib və muzeyə oradan giriblər. O, hadisəni törədənlərin əcnəbilər olduğunu istisna etməyib.

1793-cü ildə açılan və əvvəllər kral iqamətgahı olan Luvr dünyanın ən çox ziyarət edilən muzeyi olaraq qalır.