“Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır, hətta deyərdim ki, artıq yeni mərhələ başlayıb. Sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib”.
Bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında Prezident İlham Əliyev deyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.
Xatıqladaq ki, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşması istiqamətində tərəflər arasında birbaşa təmaslar və birgə səylərin intensivliyi daha da artdı. Bu çərçivədə avqustun 8-də ABŞ-da keçirilən Zirvə görüşü və imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır. Daha doğrusu, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə, Azərbaycanla Ermənistan arasında sülh sazişini paraflaması onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır. Artıq xeyli vaxtdır ki, Ermənistan-Azərbaycan şərti sərhədində atışma nəticəsində nə bir hərbçi həlak olub, nə də yaralanıb. Qeyd edək ki, artıq 12 kilometrlik sərhəd xətti də müəyyən edilib.
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanada Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi bu sözləri də xatırlatmaq yerinə düşər: “Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”. Yeri gəlmişkən qeyd edək ki, 5-ci Tbilisi Beynəlxalq İpək Yolu Forumundakı çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan Prezidentimizin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını yüksək dəyərləndirərk deyib: “Bu, son dərəcə vacib bəyanatdır və mən bu qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək və bu bəyanatı alqışlamaq istərdim".
Yeri gəlmişkən qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X hesabında bildirib ki, onun mənsub olduğu qurum da Azərbaycan və Ermənistan arasında sülh prosesində son müsbət addımları, o cümlədən Azərbaycanın Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır. Bütün bunları isə Ermənistan və Azərbaycan arasında artıq sülhün bərqərar olmasını təsdiq edən faktlar kimi dəyərləndirmək olar.
Şübhəsiz, bu prosesdə ABŞ Prezidenti Donald Trampın “böyük lider” kimi dəyərləndirdiyi dövlətimizin başçısı İlham Əliyevin xidmətləri danılmazdır. Belə ki, məhz onun sayəsində Cənubi Qafqazın da yeni mərhələsi artıq reallığa çevrilib. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində belə demişdi: “Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır”. Bu isə dünya miqyasında ölkəmizin sözün həqiqi mənasında siyasi çəkisinin bir daha nümayişidir.
Amma etiraf etmək lazımdır ki, sülh yolunda hələ də bəzi maneələr qalmaqdadır. Onlardan biri də Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən Ermənistan konstitusiyasıdır. Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası 2026-cı ilin iyununda parlament seçkiləri keçirildikdən sonra ölkənin yeni konstitusiyasının qəbul edilməsi prosesini başlatmaq niyyətində olduğunu bəyan edib. Digər mane isə Ermənistan cəmiyyətində revanşist dairələrin mövcudluğu, həmçinin keşişlərin anti-Paşinyan hərəkatı ilə bağlıdır. Belə ki, onlar ölkədə qarışıqlıq salmaq, xaos yaratmaq, hökumət əleyhinə çağırışlar səsləndirmək, insanları etirazlara qoşulmağa təşviq etmək, təxribatlar törətmək istiqamətində dəridən-qabıqdan çıxırlar. Lakin Paşinyanın onları tutarlı addımlarla susdurmağa çalışması sülh müqaviləsinin də tezliklə reallaşacağından xəbər verir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Azərbaycan-Qazaxıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində dinamik inkişaf edir