Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülhün, əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur.” Dövlət başçısı İlham Əliyev Qazaxıstan səfəri çərçivəsində mətbuata bəyanatında onu da qeyd etdi ki, bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı Böyük Qayıdış layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir. Bu məqam da önə çəkildi ki, hazırda Mərkəzdə 100-ə yaxın uşaq təhsil alır və təbii ki, o, praktiki funksiyaları ilə yanaşı, həm də Qazaxıstan-Azərbaycan dostluğunun daha bir ocağıdır.
Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa-quruculuq işləri ilə diqqətdədir. Cənab İlham Əliyev bu torpaqlarda aparılan bərpa-quruculuq işlərinin fonunda bu çağırışı edir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.
Bütün bu işləri Azərbaycan öz daxili imkanları hesabına edir. Türk dünyasının birliyi bu məsələdə də özünü aydın şəkildə nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışçında Azərbaycana dəstək olan, qardaşlıq nümunəsini ortaya qoyan ölkələrə, xalqlara öz təşəkkürünü ifadə edir. Qəbələnin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündəki çıxışıbda, həmçinin Xankəndidə kemçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində də cənab İlham Əliyev diqqəti azad Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəltdi. Azərbayvan Milli Şəhərsalma Forumunun keçirilməsi və buna azad edilmiş ərazilərimizin ev sahibliyi özündə mühüm məqamları ehtiva edir. Qəbələ Zirvə görüşündəki çıxışında “Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Tarixi Zəfərimizdən sonra ənənə halını alan Milli Şəhərsalma forumları Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin bu sahədə zəngin təcrübəsini dünyaya təqdim edir. O da məlumdur ki, 2022-ci il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək!” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Məhz 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək. Dövlət başçısı İlham Əliyev Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində də bu məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür. Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.
Otuz ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar genişmiqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu. Bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadrat kilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.
Hazırda azad edilmiş ərazilərimizdə müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri göz qabağındadır. Son beş ildə bu ərazilərdə görülən işlərin miqyası genişdir. 44 günün hər gününün tariximizə Zəfər səhifələri kimi yazıldığını nəzərə alsaq sentyabrın 27-dən noyabrın 10-dək olan dövr bu səhifələrin vərəqlənməsi ilə yanaşı, görülən işlərin hesabatıdır. Belə ki, dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq elan edilən şəhər günləri görülən işlərin təqdimatında öz sözünü deyir. Cəbrayıl, Füzuli, Zəngilan Şəhər günlərinin ardınca 25 oktyabr-Qubadlı Şəhəri Günüdür. Dövlət başçısı İlham Əliyevin son beş ildə Qubadlıya dörd səfərinin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu gün Qubadlı rayonunun timsalında azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası barədə aydın təsəvvür yaratmaq mümkündür.
Hər bir ərazimizdə bərpa-quruculuq işlərinə infrastruktur layihələrinin icrasından başlanıb. Bu torpaqlarda 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. Qısa müddətdə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Qarabağın, Şərqi Zəngəzurun hava qapısının dünyaya açılması tarixi Zəfərimizin yaratdığı reallıqların dünyaya təqdimatı, Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji enerji təhlükəsizliyinin təmin edilməsinə də xüsusi önəm verilir. “Yaşıl enerji zonası” elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. “Ağıllı kənd” layihəsinin ilk iştirakçısı Zəngilan rayonunun Ağalı kəndidir. Artıq bu kənd sakinlərinə qovuşub.
Qarabağda və Şərqi Zəngəzurda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda, salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir. Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.
Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir. Dövlət başçısı İlham Əliyevin Qazaxıstan səfəri zamanı da əsas diqqət göstərilən məsələ məhs dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində uğurlu nəticələrin əldə edilməsi oldu. “Cənubi Qafqaz regionunda sülh prosesinə verdiyiniz qiymətə görə Sizə təşəkkürümü bildirirəm” söyləyən cənab İlham Əliyev bildirdi ki, torpaqlarımız uzun illər ərzində işğal altında olanda Qazaxıstan həm ikitərəfli formatda, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlarda mövqeyi çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Biz həmişə bu dəstəyi hiss etmişik və buna görə Sizə çox minnətdarıq. Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır, hətta deyərdim ki, artıq yeni mərhələ başlayıb. Sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir. Avqustun 8-də Vaşinqtonda keçirilən Sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır.
Dövlət başçısı İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Bu gün Azərbaycanın azad edilmiş ərazilərinin Milli Şəhərsalma forumlarına ev sahibliyi etməsi artıq əsas məqamlara aydınlıq gətirir. Prezident İlham Əliyev Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda bildirmişdir ki, hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Bu tədbir Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcıdır. Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaq. Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri «urbisid qurbanı» idi. Bu da tamamilə doğru idi. Digər ad «ruhlar şəhəri» idi. Bu da tamamilə doğrudur: «Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq.”
Azərbaycan Milli Şəhərsalma forumlarının mövzuları kimi, keçirilmə məkanlarının da dəyişməsi səbəbsiz deyil. Bu tədbir nəinki Ağdamın, ona ev sahibliyi edən digər işğaldan azad edilmiş ərazilərimizin, Zəngilanın və Xankəndinin əlaqələrinin başlanğıcıdır. Bu tədbirin iştirakçılarının ildən-ilə say tərkibində artım mövzunun aktuallığını təsdiqləyir. Hər kəs sahibinə qovuşan torpaqlarımızda baş verən dağıntıları öz gözləri ilə görmək, təəssüratlarını paylaşmaq istəyir. Mütəmadi olaraq bu ərazilərimizdə müxtəlif kateqoriyanı təmsil edən insanlar üçün səfərlər təşkil edilir. Bu, artıq hadisələrin təbliğinə, dağıntılarla yanaşı, Azərbaycan xalqının quruculuq missiyasını necə uğurla yerinə yetirdiyinin təqdim edilməsinə geniş imkanlar yaradır. Bu gün azad edilmiş ərazilərimiz müasirliyin, yeniliyin mərkəzində dayanır. Çünki bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Yeni texnologiyaların, Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”, DOST layihələrinin icrası prioritet məsələ kimi öndə dayanır. Müasir idarəçilik sistemi tətbiq edilir.
Bu baxımdan Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə Qəbələ şəhərinin də ev sahubliyi səbəbsiz deyildi. Azərbaycanın bütün regionları inkişaf dövrünü yaşayır, hər bir yeniliyin bu ərazilərdə tətbiqinə xüsusi önəm verilir. Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır. Dövlət başçısı İlham Əliyev Qazaxıstana səfəri zamanı qazaxıstanlı həmkarı ilə Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində oldular. Bu mühüm addım da hər iki ölkənin yeniliyə nə qədər maraqlı olduğunu nümayiş etdirdi. Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən “Tomorrow School” və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır. Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi-tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkənin münasibətlərindən bəhs edərkən bu məqamı xüsusi qeyd etdi ki, süni intellektin sürətli inkişafını nəzərə alaraq, informasiya texnologiyaları (IT) sektorunda geniş imkanlar açılır. Qazaxıstan dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında, informasiya texnologiyalarının inkişafında təcrübə qazanıb və biz bu sahədə müştərək layihələrin həyata keçirilməsinə hazırıq.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır.
Yeganə Əliyeva, “İki sahil”