24 oktyabr 2025 17:53
125

Avropada milyonlarla avroluq saxta sənət əsərlərinin satışı cəhdinin qarşısı alınıb

Almaniyanın Bavariya əyalətində dünyaşöhrətli rəssamların əsərlərinin saxta surətlərini milyonlarla avroya satmaq istəyən şəxs müəyyən olunub.

“İki sahil” “Spiegel” nəşrinə istinadla xəbər verir ki, həmin şəxs satmağa çalışdığı əsərin orijinal olduğunu iddia edərək onları 400 min avrodan 130 milyon avroya qədər qiymətlərlə təklif edib. Əsərlər arasında Pablo Pikasso, Rembrandt van Reyn və Peter Paul Rubens kimi məşhur rəssamların əsərlərinin surətləri də olub.

İstintaq zamanı 77 yaşlı Bavariya sakini şübhəli şəxs qismində saxlanılıb. Onun daha on nəfərlə əlaqəsinin olduğu ehtimal edilir. Həmin şəxs Rembrandta aid bir əsərin saxta surətini 120 milyon İsveçrə frankına (130 milyon avro) satmağa cəhd edib. Qeyd edək ki, həmin əsərin XVII əsrə aid orijinalı hazırda Amsterdamdakı Milli Muzeydə saxlanılır. İlkin məlumatlara əsasən, bu saxta surət XX əsrdə hazırlanıb və isveçrəli qadının mülkiyyətində olub.

Təqsirləndirilənlər alıcıları əsərin orijinal olduğuna inandırmağa çalışaraq, hətta Amsterdamdakı muzeydə əsərin guya saxta olduğunu iddia ediblər. Saxta tablo İsveçrədə müsadirə edilib və həmin qadın barəsində də istintaq aparılır.

İstintaq çərçivəsində Almaniyanın 11 şəhərində, İsveçrənin beş kantonunda və Lixtenşteyndə əməliyyatlar həyata keçirilib, çoxlu sayda sənəd, məlumat daşıyıcıları və saxta sənət əsərləri müsadirə edilib.