25 oktyabr 2025 01:58
101

Mərkəzi Asiyanın ixrac xəritəsini dəyişəcək layihə

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində səsləndirdiyi fikirlər, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı bəyanatı Cənubi Qafqazda geoiqtisadi sistemin yenidən qurulduğunu bir daha nümayiş etdirdi

Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşan yeni reallıqların bariz təzahürüdür. Dövlət başçısının “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb” fikri regionda uzun illər davam edən gərginliyin real şəkildə aradan qalxmağa başladığını göstərir. Bu qərar, həmçinin Azərbaycanın sülh prosesinə konstruktiv yanaşmasını, düşmənçilik səhifəsini bağlamaq və qarşılıqlı iqtisadi asılılıq vasitəsilə davamlı sabitlik yaratmaq istəyini ortaya qoyur.

Azərbaycanın bu addımı təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də regionun ümumi iqtisadi dinamikası baxımından mühüm strateji əhəmiyyət daşıyır. İlk tranzit yükün Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsi ilə Ermənistana daşınması olması təsadüfi deyil. Bu hadisə, Orta Asiyadan Qafqaz istiqamətinə uzanan nəqliyyat əlaqələrinin genişlənməsini, Azərbaycan vasitəsilə regional inteqrasiyanın dərinləşdiyini və ölkəmizin beynəlxalq logistik qovşaq kimi rolunun möhkəmləndiyini göstərir. Eyni zamanda, bu tranzit əməliyyatı Qazaxıstan–Azərbaycan–Ermənistan xəttində yeni iqtisadi əməkdaşlıq modelinin əsasının qoyulduğunu da təsdiqləyir.

Prezident İlham Əliyevin “Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir” sözləri isə diplomatik bəyanatdan daha çox, siyasi iradənin ifadəsidir. Bu yanaşma Azərbaycanın sülh prosesinə formal deyil, məzmunca və əməli baxışının göstəricisidir. Çünki real sülh yalnız sənədlərlə deyil, qarşılıqlı etimad yaradan iqtisadi və humanitar addımlarla möhkəmlənir. Azərbaycan bu istiqamətdə təşəbbüs göstərməklə, bölgədə etimadın bərpasına və sabitliyin davamlı olmasına töhfə verir.

Eyni zamanda, bu hadisə Ermənistan üçün də mühüm siqnaldır. Azərbaycan tərəfi göstərir ki, əgər İrəvan revanşist ritorikadan imtina edib, sülh gündəliyinə əməl edərsə, regionda qarşılıqlı faydalı əməkdaşlıq mexanizmləri formalaşa bilər. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması təkcə bir inzibati qərar deyil, həm də sülhün iqtisadi əsasının yaradılmasıdır. Bu, həm Ermənistanın təchizat təhlükəsizliyinə, həm də regional nəqliyyat marşrutlarının diversifikasiyasına müsbət təsir göstərəcək.

Bakı sülh və əməkdaşlıq gündəliyinə sadiqdir

Azərbaycan tərəfinin bu jesti həm də beynəlxalq ictimaiyyət üçün aydın mesajdır: Bakı sülh və əməkdaşlıq gündəliyinə sadiqdir. Ölkəmiz müharibədən sonra regionda qarşılıqlı fayda prinsipinə əsaslanan yeni münasibətlərin qurulması üçün konkret addımlar atır. Bu, Azərbaycanın gücünün və qələbəsinin təkcə hərbi deyil, həm də siyasi və mənəvi üstünlüyə çevrildiyini sübut edir.

Beləliklə, Prezident İlham Əliyevin bəyanatı Cənubi Qafqazda sülhün məzmununun dəyişdiyini göstərir. Azərbaycan artıq sabitliyin, əməkdaşlığın və qarşılıqlı iqtisadi asılılığın təşəbbüskarı rolunda çıxış edir. Ermənistanla sərhədlərin açılması istiqamətində bu cür praktiki addımlar regionda uzunmüddətli sabitliyin və qarşılıqlı etimadın formalaşması üçün yeni üfüqlər açır. Azərbaycanın bu mövqeyi bir daha təsdiqləyir ki, sülh yalnız imzalanmış sənədlərdə deyil, əməldə və real həyatda qurulur.

Türk dünyası və Avrasiyanın yeni inteqrasiya xətti

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi bəyanatı Cənubi Qafqazda geoiqtisadi sistemin yenidən qurulduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər” sözləri layihənin artıq nəzəri deyil, praktik mərhələyə keçdiyini göstərir. Bu həm də regionun gələcək nəqliyyat və iqtisadi dinamikasına yön verən strateji mesaj kimi dəyərləndirilir.

Zəngəzur dəhlizi ideyası ilk gündən Azərbaycanın və Türkiyənin ortaq təşəbbüsü kimi formalaşıb. Bu layihə təkcə iki qardaş ölkəni birləşdirən infrastruktur xətti deyil, həm də Türk dünyasının inteqrasiyasını təmin edən real körpü rolunu oynayır. Dəhliz Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini bərpa etməklə yanaşı, Mərkəzi Asiyadan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan çoxşaxəli nəqliyyat marşrutunun strateji hissəsinə çevriləcək. Bu mənada, Zəngəzur dəhlizi XXI əsrin yeni “İpək Yolu” kimi çıxış edir və regionun logistika xəritəsini tamamilə dəyişir.

Azərbaycan artıq öz ərazisində bu layihənin texniki və infrastruktur hissəsini sürətlə həyata keçirir. Yol və dəmir yolu xətləri inşa olunur, kommunikasiya infrastrukturu yenilənir, dəmir yolu stansiyaları və logistik mərkəzlər yaradılır. Bu, ölkəmizin sülh və əməkdaşlıq istiqamətində ardıcıl və məsuliyyətli mövqeyinin bariz göstəricisidir. Azərbaycan regionda sabitlik və inteqrasiyanın aparıcı qüvvəsi kimi çıxış edir, sülhü yalnız diplomatik ritorika deyil, konkret layihələr vasitəsilə reallaşdırır.

Bununla yanaşı, dəhliz ideyasına müxtəlif dövlətlərin münasibəti fərqli olub. Bəzi regiondankənar güclər bu layihəni öz maraqlarına təhdid kimi qəbul edərək onun qarşısını almağa cəhd göstəriblər. Bu xüsusilə İranın əvvəlki siyasi rəhbərliyi dövründə daha açıq şəkildə hiss edilirdi. Tehran bəzi hallarda bu layihənin “regionun geosiyasi balansını dəyişəcəyi” iddiası ilə çıxış edirdi. Lakin İranın yeni Prezidenti Məsud Pezeşkianın “Zəngəzur məsələsini şişirtməyə ehtiyac yoxdur” bəyanatı bu ritorikanın yumşalması istiqamətində dönüş yaratdı. Pezeşkianın bu mövqeyi, əslində, İran siyasətində daha realist baxışların formalaşdığını göstərdi. Çünki Zəngəzur dəhlizi əslində heç bir ölkəyə qarşı yönəlməyib — əksinə, bütün region üçün yeni iqtisadi fürsətlər açır.

Bu layihənin əhəmiyyəti yalnız nəqliyyat və logistika ilə məhdudlaşmır. Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatının strateji prioritetlərinə də tam uyğundur. Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzi kimi rolunu daha da möhkəmləndirir. Bakı-Tbilisi-Qars xəttinin, Şimal–Cənub və Transxəzər dəhlizlərinin kəsişdiyi nöqtəyə Zəngəzur istiqamətinin əlavə olunması regionu qlobal nəqliyyat sisteminin əsas həlqəsinə çevirəcək. Bu, həmçinin Avrasiya məkanında ticarət və enerji axınlarının daha balanslı şəkildə yönləndirilməsinə imkan verəcək.

Layihəyə qarşı çıxan bəzi dairələr üçün əsas narahatlıq məhz bu geoiqtisadi dəyişikliklərdir. Çünki Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin regional nüfuzunu artırmaqla yanaşı, Cənubi Qafqazda yeni güc balansı yaradır. Bu reallığı artıq region ölkələri və beynəlxalq tərəfdaşlar da qəbul etməyə başlayıblar. Qazaxıstan, Özbəkistan və digər türk respublikaları bu marşrutun açılmasını strateji prioritet hesab edir, Avropa İttifaqı isə onu enerji və ticarət təhlükəsizliyinin bir elementi kimi dəyərləndirir.

Prezident İlham Əliyevin bu məsələni Qazaxıstanda səsləndirməsi də simvolik məna daşıyır. Çünki Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də Qazaxıstan kimi Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını genişləndirəcək. Beləliklə, bu dəhliz həm Türk dünyasının, həm də Avrasiyanın yeni inteqrasiya xəttinə çevriləcək.

Beləliklə, Zəngəzur dəhlizi artıq təkcə Azərbaycanın strateji layihəsi deyil — bu, bütövlükdə regionun gələcəyini formalaşdıran qlobal təşəbbüsdür. Prezident İlham Əliyevin bəyanatı bu istiqamətdə Azərbaycanın iradəsini və liderliyini bir daha təsdiqlədi. 2028-ci ilə qədər layihənin tam reallaşması yalnız yeni nəqliyyat xətti demək olmayacaq, həm də Cənubi Qafqazda davamlı sülhün, iqtisadi asılılığın və qarşılıqlı etimadın dərinləşməsini təmin edəcək. Bu isə Azərbaycanın qələbədən sonra yaratdığı yeni regional nizamın ən parlaq nəticələrindən biri olacaq.

Nigar Orucova, "İki sahil"