25 Oktyabr — bu tarix Azərbaycan xalqının yaddaşında Qubadlının azadlıq günü, Zəfərin təntənəsi, doğma torpaqlara qayıdışın sevinci kimi həkk olunub. Bu gün təkcə bir şəhərin deyil, bütöv bir xalqın vətən sevgisinin, milli birliyinin və dövlətimizin gücünün rəmzidir.
1993-cü ilin avqustunda işğala məruz qalan Qubadlı illərlə həsrət içində qaldı. O dağlar, o dərələr, o çaylar bir gün azadlığa qovuşacağı günü gözlədi. O gün gəldi – 2020-ci ilin 25 oktyabrında! Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlını düşməndən azad etdi. Və beləcə, Qubadlının adı yenidən Zəfər tariximizin qızıl səhifəsinə yazıldı.
Qubadlıya qayıdış təkcə torpağa dönmək deyildi – bu, mənəvi dirçəliş, tarixi ədalətin bərpası, xalqın ruhunun yenidən doğulması idi. Qubadlının hər daşı, hər qayası, hər bulağı Vətən müharibəsinin qəhrəmanlarının qanı, əzmi və inamı ilə yenidən canlandı.
Bu gün Qubadlıda bərpa və quruculuq işləri geniş vüsət alıb. Yeni yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış binaları, mədəniyyət mərkəzləri inşa olunur. Bu, Yeni Qubadlının, qalib Azərbaycanın simvoludur. Artıq illərlə didərgin düşmüş qəlblər doğma yurdlarına dönür, torpağın qoxusunu, dağların nəfəsini yenidən duyur.
Qubadlı həm də Qarabağ təbiətinin gözəlliyini, Zəngəzur dağlarının əzəmətini özündə birləşdirən nadir bölgələrdəndir. Burada doğulan insanlar mərdliyi, zəhmətsevərliyi, vətənpərvərliyi ilə seçilib. Hər bir qubadlılı üçün 25 oktyabr sadəcə tarix deyil – qürur, fəxarət və şəhidlərin ruhuna ehtiram günüdür.
Bu gün biz Qubadlıya baxanda təkcə dağıntılardan doğulan şəhəri deyil, həm də millətin dirəniş gücünü, xalqın sarsılmaz iradəsini görürük. Qubadlı — böyük dönüşün, qayıdışın, azadlığın şəhəridir.
Əminik ki, yaxın illərdə Qubadlı təkcə azad edilmiş şəhər kimi deyil, həm də inkişafın, tərəqqinin, mədəniyyətin yeni mərkəzi kimi parlayacaq. Burada inşa olunan hər yeni bina, hər açılan məktəb, hər səslənən uşaq gülüşü bu torpağın yenidən canlandığının sübutudur.
Qoy 25 Oktyabr hər zaman Zəfərimizin, dövlətimizin qüdrətinin, xalqımızın birliyinin rəmzi olaraq qalsın.
Qubadlı yaşasın! Azərbaycan yaşasın!
Jalə Əliyeva
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini
Qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş