25 oktyabr 2025 18:14
167

Sumqayıtda meyitdən orqan nəqli ilə bağlı beynəlxalq elmi konfrans keçirilib - YENİLƏNİB

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru" adlı beynəlxalq elmi konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Səhiyyə Nazirliyi, TƏBİB və "Florence Healthcare International"ın birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda meyitdən orqan nəqli, transplantasiya sahəsində görülən işlər, bu istiqamətdə beynəlxalq təcrübə və gələcək hədəflər müzakirə olunub.

Tədbirin açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova və digər rəsmi şəxslər iştirak ediblər.

Daha sonra konfrans sessiyalarla davam edib.

Konfransın birinci paneli "Meyitdən orqan transplantasiyası: Canlı donorlu orqan transplantasiyası alternativdirmi?" mövzusuna həsr olunub. Panelə Rəşad Mahmudov və Yeganə Abbasova moderatorluq ediblər.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin sədr müavini Günay Abbasovanın sözlərinə görə, oktyabrın 7-nə olan məlumata əsasən, hazırda Azərbaycanda 1061 nəfər orqan transplantasiyası üçün növbə gözləyir. Onlardan 343 nəfər böyrək, 147 nəfər qaraciyər, 23 nəfər ürək, 24 nəfər buynuz qişa, 524 nəfər isə sümük iliyi transplantasiyası üçün növbədədir.

O qeyd edib ki, 2025-ci ilin fevral-oktyabr ayları ərzində meyit donor orqanlarından ümumilikdə 31 transplantasiya əməliyyatı icra olunub. Bu əməliyyatlardan 9-u böyrək, 6-sı qaraciyər, 16-sı isə buynuz qişa (kornea) transplantasiyasıdır.

Günay Abbasova əlavə edib ki, 2023-cü il avqustun 4-dən etibarən 150 böyrək, 100 qaraciyər və 20 sümük iliyi transplantasiyası əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır. "2026-cı ildən etibarən isə ürək və buynuz qişa transplantasiyası əməliyyatlarının da icbari tibbi sığorta çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur", – deyə o bildirib.

Paneldə Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayevin, eləcə də həkim-transplantoloq Mircəlal Kazıminin və anestezioloq-reanimatoloq Xəyal Məmmədovun təqdimatları dinlənilib, sual-cavab və müzakirə sessiyası baş tutub.

Qaraciyər transplantasiyasına həsr edilən ikinci panelə isə Azərbaycan Tibb Universitetinin Birinci Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Nuru Bayramov və doktor Mircəlal Kazımi moderatorluq ediblər. Paneldə Rəşad Mahmudov "Ürək çatışmazlığı olan xəstələrdə qaraciyər transplantasiyası, eyni yoxsa ayrı-ayrı seanslarda?", Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı Abuzər Dirican "Xroniki qaraciyər xəstəliyinə ümumi yanaşma", Mərkəzi Gömrük Hospitalının ümumi cərrah, transplantoloqu Kamran Beydullayev "Qaraciyər transplantasiyasında kimlər donor ola bilər?", ümumi cərrah Bülent Ünal "Qaraciyər və böyrək transplantasiyası zamanı HBV-li, HCV-li, HİV-li donorların (həm canlı, həm də meyit) istifadəsi : Türkiyə və dünya təcrübəsi", Ege Hospitalın terapevt-endokrinoloqu Xəyyam Eyvazov isə "Orqan transplanatsiyası və şəkərli diabet" mövzularına həsr edilmiş təqdimatlarla çıxış ediblər.

"Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru" konfransının sonuncu paneli böyrək transplantasiyası ilə əlaqədar olub. Abuzər Dirican və Fariz Babayevin moderatorluğu ilə keçirilən paneldə Leyla Tibb Mərkəzinin uşaq nefroloqu Zaur Əhmədovun "Uşaqlarda xroniki böyrək çatışmazlığı və böyrək transplantasiya zamanlaması", Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, nefroloq Mirməsim Məmmədovun "Böyüklərdə xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası zamanlanması", Mərkəzi Gömrük Hospitalının nefroloqu Şəbnəm Qədiməliyevanın isə "Meyitdən böyrək transplantasiyası nefroloqun gözü ilə" mövzusundakı təqdimatları dinlənilib.

Panellərdən sonra ümumi müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

***

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru" adlı beynəlxalq elmi konfrans keçirilir.

“İki sahil” xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Səhiyyə Nazirliyi, TƏBİB və "Florence Healthcare International"ın birgə təşkilatçılığı ilə baş tutur.

Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, Milli Məclisin deputatları, media və ictimaiyyət nümayəndələri, səhiyyə işçiləri, tibb mütəxəssisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Konfransda meyitdən orqan nəqli, transplantasiya sahəsində görülən işlər, bu istiqamətdə beynəlxalq təcrübə və gələcək hədəflər müzakirə olunacaq.