25 oktyabr 2025 22:22
120

Almaniyada quşçuluq təsərrüfatları quş qripinə qarşı fövqəladə tədbirlərin görülməsini tələb edir

Almaniyada quşçuluq təsərrüfatları ölkədə quş qripinin qarşısının alınması üçün milli səviyyədə qəti tədbirlərin görülməsini tələb edir.

“İki sahil” “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, təsərrüfatların nümayəndələri bu məqsədlə məcburi şəkildə tövlədəsaxlama qaydasının tətbiqinin zəruri olduğunu bildirilər.

Fridrix-Loefler İnstitutu (FLI) virusun yayılma riskini yüksək kateqoriyaya qaldırıb. Məlumata görə, bu payızda 200 mindən artıq toyuq, qaz, ördək və hindtoyuğu xəstəliyin qarşısının alınması üçün məhv edilərək utilizasiya olunub. İnstitut ehtimal edir ki, hazırkı vəziyyət 2020-2021-ci illərdəki ağır epidemiya miqyasına çata bilər. Həmin dövrdə Almaniyada 2 milyondan çox quş məhv edilmişdi.

Ekspertlərin fikrincə, xəstəliyin əsas daşıyıcıları cənuba köç edən vəhşi quşlardır. Bu il xüsusilə durnalar arasında yoluxma halları kəskin artıb. Cari ildə Almaniyada 50 quşçuluq təsərrüfatında yoluxma qeydə alınıb, bunlardan 26-sı təkcə oktyabrda baş verib. Təsərrüfatlarda 93 minədək qədər quş məhv edilib. Hər həftə yeni yoluxma halları bildirilir. Quşların miqrasiyasının əsas mərhələsi hələ qabaqda olduğundan vəziyyətin bir müddət də davam edə biləcəyi ehtimal olunur.

Fermerlər vəziyyətlə bağlı hökumətdən təcili və vahid tədbirlər planının hazırlanmasını tələb edirlər. Almaniya Kənd Təsərrüfatı Nazirliyi kompensasiya məbləğinin 50 avrodan 110 avroya qaldırılması üçün Avropa İttifaqına müraciət edib.