Almaniyanın ən böyük polis həmkarlar ittifaqı təşkilatı (GdP) ölkə üzrə dəmir yolu stansiyalarında polis əməkdaşlarının sayının artırılmasını və onların səlahiyyətlərinin genişləndirilməsini tələb edib. Təşkilat bu addımın həm təhlükəsizliyin yüksəldilməsinə, həm də Kansler Fridrix Mertsin gündəmə gətirdiyi “şəhər mənzərəsi” problemlərinin həllinə xidmət edəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, GdP-nin federal polis bölməsinin sədri Andreas Rosskopf “Tagesschau24” telekanalına müsahibəsində Almaniyada 5700-dək dəmir yolu stansiyasında cinayət hallarının ciddi şəkildə artdığını deyib. Qeyd edilib ki, təkcə 2024-cü ildə dəmir yolu stansiyalarında 27 min zorakılıq hadisəsi, 2600-dən çox seksual xarakterli cinayət, silahla bağlı 1200 hadisə və 600 bıçaq hücumu qeydə alınıb.
Onun sözlərinə görə, bir çox sərnişinlər, xüsusilə qadınlar axşam saatlarında stansiyaları “qorxu məkanı” kimi dəyərləndirirlər. O, cinayətlərin qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün 4 min yeni polis işçisinin işə götürülməsini, süni intellekt dəstəkli videomüşahidə sistemlərinin tətbiqini və polisin stansiyalarda yoxlama səlahiyyəti əldə etməsi təklifini irəli sürüb.
Almaniya hökuməti tərəfindən təsdiqlənən və Bundestaqda müzakirəyə çıxarılacaq federal polislə bağlı yeni qanun layihəsinə əsasən, polis əməkdaşları silah və bıçaq qadağasının tətbiq olunduğu zonalarda, o cümlədən dəmir yolu stansiyalarında yoxlamalar aparmaq səlahiyyəti əldə edə biləcəklər.
Xatırladaq ki, Almaniya Kansleri Fridrix Mertsin oktyabrın 14-də səsləndirdiyi “şəhər mənzərəsi” fikirləri ölkədə geniş müzakirələr doğurub. Kansler problemlərin əsasən qanuni statusu olmayan, işləməyən və qaydalara əməl etməyən miqrantlarla bağlı olduğunu bildirib.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt də şəhər mərkəzlərində və dəmir yolu stansiyalarında polis nəzarətinin və profilaktik tədbirlərin artırılacağını vurğulayıb.
Niderlandda ermənipərəst siyasətçi qadın təhdidlərə görə təhlükəsiz yerə təxliyə edilib