27 oktyabr 2025 12:07
112

SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

Bu ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 12 min metr qazma işləri həyata keçirib.

Bu barədə "İki sahil" SOCAR-a istinadən xəbər verir.

Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,94 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 % artaraq, 13 milyard kubmetr təşkil edib. Ümumilikdə isə 2025-ci ilin üçüncü rübü üzrə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr olub. Təbii qaz ixracında 8,7 % artım qeydə alınıb.

Bu ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft, 760 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 639,2 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,7 % artım qeydə alınıb.