27 oktyabr 2025 15:52
94

Ermənistan hökuməti gələn il üçün müdafiə xərclərini 15,3 faiz azaldacaq

Ermənistan 2026-cı ildə müdafiə xərclərini azaltmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ bu gün Ermənistan parlamentinin daimi komitələrinin birgə iclasında müzakirə olunub.

Daimi komitələr 2026-cı il üçün dövlət büdcəsi layihəsini müzakirə ediblər. Bildirilir ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsində Müdafiə Nazirliyinin xərcləri 563,1 milyard dram (1,4 milyard dollar) nəzərdə tutulub. Bu da 2025-ci ilin dövlət büdcəsindəki müdafiə xərcləri ilə müqayisədə 15,3 faiz azdır.

Müdafiə Nazirliyinin xərcləri ümumi dövlət büdcəsi xərclərinin təxminən 15,5 faizini təşkil edir.

Ermənistan Daxili İşlər Nazirliyinin xərcləri də ötən illə müqayisədə 3,3 faiz azaldılaraq 102,6 milyard dram (təxminən 267 milyon dollar) təşkil edəcək.